Aliya Ospanova: “Biz istəyirik ki, alimlər elmi işlərini çapa təqdim edərkən aldadılmasınlar”


Dünya akademik dairələrində bu gün müzakirə  olunan ən mühüm və aktual məsələlərdən biri alimlərin keyfiyyətli nəşrlərdə çap olunmasıdır.  Qloballaşan dünyanın doğurduğu  çağırışların günümüzə daşıdığı  ziddiyyətlərindən  biri də elm sahəsində “yırtıcı” elmi nəşrlərin baş alıb getməsidir.   Məlumdur ki,  elmi jurnallar bir neçə  növ olur - reytinqli  (onlarda sitatgətirmə indeksi var), feyk  və “yırtıcılar”.  Feyk jurnallar  guya  dünyanın ən böyük elmi bazası  olan  “Scopus”da indeksləşdiklərini iddia edənlərdir.  Alimlər bu jurnallarda əsasən ona görə dərc edilirlər ki, onların saytı bazanın loqotipini özündə saxlayır. Alimlər özləri  bu faktın dəqiqliyini yoxlamırlar. Üçüncü növ jurnallar isə  “yırtıcı” jurnallardır, onlar xüsusi zibil səbətini təşkil edirlər. Dünya üzrə alimləri, tədqiqatçıları ən çox ələ keçirməyə çalışan da sonunculardır. “Elsevier” beynəlxalq  elmi bazasının Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova  “Azərbaycan müəllimi”nə verdiyi müsahibəsində “yırtıcı” nəşrlərlə bağlı  fikirlərini bölüşdü.

 

- Siz beynəlxalq jurnallarda çap olunmaq üçün hansı əsas tələbləri  xüsusi qeyd  edə bilərdiniz?

 

- XVII-XVIII əsrlərdə  elmin sürətli inkişafı ilə əlaqədar olaraq  beynəlxalq elmi jurnallarda nəşrlərin də populyarlığı artmağa başladı. Yeni ixtiraları kəşf etməklə alimlər yeniliklərdən danışmaq, həmçinin onların sahəsində yeni kəşflər haqqında daha çox məlumat əldə etmək istəyirdilər. İllərlə belə jurnalların sayı kəskin surətdə artdı,  bu isə  elmi nəşrlər üçün  keyfiyyət  meyarlarını müəyyən edən reytinq bazasının yaradılması  ehtiyacını doğurdu.

 

Bəli, qeyd etdiyiniz kimi, elmi nəşrlər üçün müəyyən tələblər mövcuddur. Onlardan ən mühümü  bu nəşrlərin elmi  əhəmiyyətliliyi  və aktuallığıdır. Bundan başqa, məqalələrin beynəlxalq standartlara əsasən  rəsmiləşdirilməsi, elmi ədəbiyyatlar siyahısının düzgün tərtib edilməsidir.

 

- Hər hansı jurnalın “Scopus”da indeksə olunmasını və onun impakt-faktorunun olub-olmadığını necə yoxlamaq olar?  Elmi məqalənin çapı üçün  nəşri necə seçmək və qiymətləndirmək mümkündür?

 

- “Scopus”   dünyada abstrakt (elmi məqalələrin qısa xülasəsi) və sitatların elmi cəhətdən ən böyük analitik platforması olaraq, alimlərə analiz aparmaq üçün mümkün qədər daha çox informasiya  verməyi əhəmiyyətli hesab edir.     Bu, alimlərin  informasiya  axtardıqları əsas resursdur. Bu baza  alimlərə dünyada nələr baş verdiyini, alimlərin nə yazdığını,  hansı jurnalların reytinqli,  hansıların reytinqli olmadığı barədə bilgilər verir. Alimlərin, həmçinin ölkələrin, universitet və təşkilatların elmi nüfuzunu  ölçməyə imkan verən platformanı yaratmaq üçün  “Scopus”  təsis edilib.

 

“Elsevier”-in rəsmi saytında  siz hər zaman “Scopus”da indeksləşdirilən bütün jurnalların,   kitabların və  konfrans materiallarının siyahısını əldə edə bilərsiniz. Onlar Excel formatında www.elsevier.com/solutions/seopus/content ünvanında əlçatandır.  Fayl həmçinin jurnalların “CiteScore” adlandırılan reytinqlərini  də təqdim edir. Yəni  birincisi,  jurnalın  “Scopus”da indeksləşdiyini, ikincisi,  bəhs olunan jurnalın reytinqini  müəyyən etməyə imkan verir.

 

- Son illər biz “yırtıcı” nəşrlərlə tez-tez rastlaşırıq. Bu cür  nəşrlərin  əsas əlamətləri barədə nə deyə bilərsiniz?  “Yırtıcı”  jurnalların qurbanı olmamaq üçün alimlər nə etməlidir?

 

- Elmi nəşrlərin həcminin artması ilə keyfiyyətsiz  fəaliyyət  göstərən bir çox nəşriyyat  da üzə çıxıb. Bu nəşriyyatların əsas auditoriyası “Scopus”dan necə istifadə etməyi bilməyənlərdir. Onlar  hər hansı  jurnalın indeksli olub-olmadığını müəyyən edə bilmirlər.  Bir qayda olaraq, “Scopus”da indeksləşdirilməyən müxtəlif növ  jurnallar  alimlərə elektron məktublar göndərərək  onların məqalələrinin ən qısa vaxt ərzində reytinqli jurnallarda  çap olunması üçün təkliflər verirlər.   “Yırtıcı” nəşrlərə düşməmək üçün nə etmək lazımdır? Birincisi, məqaləni  dərc etməzdən əvvəl jurnalı yoxlamaq lazımdır. İkincisi, elm nəşrin impakt-faktor göstəricisinə diqqət yetirmək lazımdır,  bu göstərici 1-dən yuxarı olmalıdır. Üçüncüsü, nəşrdə dərc edilmiş materialların sayını  təhlil etmək lazımdır, çünki onların kəskin artımı  jurnalın keyfiyyətsiz fəaliyyətinin göstəricisi ola bilər. Dördüncüsü, alimlər  nəşrlər və onlardan sitat gətirmələrin sayının hesablanmasına əsaslanan  Hirş indeksi üzərində işləməlidirlər.  Bundan əlavə, “Scopus”un  məlumatlarına əsaslanan jurnallarda məqalələrin pulsuz nəşrinə diqqət yetirməyə dəyər. Çoxları hətta öz saytlarında “Scopus” və “Web of Science”in saxta loqotiplərindən də  istifadə edirlər. Buna görə də məqalənizi  çap olunmaq üçün jurnala təqdim edərkən onun indeksə olunmasına əmin olun, eləcə də “Cite Score” də reytinqinin necə olmasını yoxlamağı unutmayın.

 

- “Yırtıcılar”  çox sayda tədqiqatçını öz şəbəkələrinə salmaqda davam edirlər. Bu,  hər gün baş verir.  Bu cür jurnalların universal təsnifatı varmı?

 

- Bəli, təəssüf ki, siz haqlısınız.  Düşünürəm ki, müəyyən əlamətlər var ki, alimləri  fikirləşməyə məcbur etməlidir.  Əlamətlərdən biri,  jurnaldan poçtunuza  sizin məqalənizin  qısa vaxt ərzində çap olunması üçün zəmanət verilməsinə dair müntəzəm göndərilən xəbərlərdir.  Bundan başqa, digər bir əlamət  mövzunuz jurnalın  tematikasına uyğun olmasa da,  çapa  qəbul  edilməsidir.

 

- Bu cür jurnalların coğrafiyası necə dəyişir? MDB ölkələrində belə jurnallar varmı?

 

- Xoşbəxtlikdən müəyyən coğrafiya yoxdur. Belə jurnal  hər yerdə ola bilər.

 

- Bu jurnalların təhlükəliliyi nədədir?  İldə nə qədər məqalə belə jurnallarda dərc edilir?

 

- Biz elmi nəşrlər dünyasının analizinə çox ciddi yanaşırıq. Amma biz yalnız reytinq məzmununu təhlil edirik. Öz tərəfimizdən, alimləri xəbərdar etmək, onları qorumaq üçün reytinqli jurnalların  əlçatan siyahısını təqdim edirik. Bu isə bir çox alimlərə keyfiyyətsiz  nəşrlərdən qaçmağa kömək edir.

 

- Məsələni bir qədər sadə qoyaq.  Fərz edək ki, mən  məqaləmi xarici nəşrlərdə çap etdirmək istəyirəm. “Yırtıcılara” yem olmamaq üçün hansı addımları atmalıyam? 

 

- “Elsevier”  alimləri dəstəkləməyi və onlara kömək etməyi çox vacib  hesab edir. Bu məqsədlə biz  pulsuz öyrədici  “Elsevier Researcher Academy”  resursunu  hazırladıq. Bu baza özündə böyük həcmdə  təlimləri, videodərsləri,  vebinarları cəmləşdirib.  Siz bu bazadan istifadə etməklə elmi məqalənizi necə düzgün tərtib etməyi, “yırtıcı” jurnala düşməmək üçün nə etməli olduğunuzu,  məqalənizin redaktəsi üçün hansı alətlərdən istifadə etmənin mümkünlüyünü və s. öyrənə bilərsiniz.  Siz “Scopus”a daxil olaraq hər hansı jurnalın yaxşı və ya pis olmasını görə bilərsiniz. Bundan əlavə, “Scopus”dan istifadə etməklə siz ən çox istinad olunan məqalələri də tapa bilərsiniz.   “Elsevier”-in dünyanın ən böyük elmi informasiya resursu olan “ScienceDirect”dən istifadə edə bilərsiniz, bu baza   keyfiyyətli elmi-texniki  və tibbi informasiyanı tapmağa, qiymətləndirməyə imkan verən ən effektiv və tam  elektron interaktiv sistemdir.

 

- Məlumdur ki, şübhəli jurnallarda nəşrlər  həm  bir alim kimi tədqiqatçının, həm də  bütövlükdə universitetin nüfuzunu  aşağı salır.  “Elsevier” “yırtıcı” nəşrlərə qarşı siyasətini  necə qurur?

 

- Biz “yırtıcı” jurnallarla  mübarizə apara bilmirik, çünki bizdə heç bir qarşılıqlı münasibət yoxdur. Amma  biz düzgün elmi jurnalın təyini üçün bütün mümkün üsullarla alimlərə kömək edir, onları öyrədir və məsləhətlərimizi veririk. Biz istəyirik ki, alimlər öz elmi işlərini çapa  təqdim edərkən  aldadılmasınlar.

 

“Elsevier”  indeksi olan jurnalların keyfiyyətinə ciddi nəzarət edir, onların siyahısı müntəzəm yenilənir. Keyfiyyətsiz jurnalların indeksləri isə ləğv olunur. 

 

Ali məktəblər üçün, məsələn, xüsusilə də beynəlxalq reytinqlərdə iştirak edən universitetlərə  “Scopus”da universitetin profilini izləmək çox əhəmiyyətlidir, çünki QS (QS World University Rankings) və THE (The Times Higher Education) kimi aparıcı reytinq agentlikləri ali məktəblərdə elmi fəaliyyətin məhsuldarlığının qiymətləndirilməsi  üçün “Scopus”  məlumatlarından istifadə edirlər.

 

- Siz bu günlərdə Bakıda oldunuz.  Azərbaycan ali məktəblərinin “Elsevier”lə əməkdaşlığı  necə keçir? Alimlərimizin “Elsevier” bazasında fəallığı barədə nə deyə bilərsiniz? 

 

- Mən  Azərbaycan  alimləri  ilə   işləməyi çox sevirəm və burada tez-tez oluram. Mən bir neçə dəfə Azərbaycanın ali məktəblərinin əməkdaşları üçün seminar keçirmişəm. Seminarlarda elmi jurnallarda necə nəşr olunmaq olar, düzgün məqalə nə deməkdir, nəşrlərin tipləri, düzgün jurnal seçimi, düzgün elmi leksikadan istifadəyə necə əmin olmaq olar,  məqaləni necə düzgün strukturlaşdırmaq olar, eləcə də  beynəlxalq elmi jurnallarda məqalə yerləşdirmək üçün tələb olunan standartlar  barədə məlumatlar verilib.  Mən düşünürəm ki, hər şeydən əvvəl  Qazaxıstanda və Özbəkistanda olduğu kimi, Azərbaycanda  da  elmi-analitik platformaya milli giriş olmalıdır.  Bəzi ali məktəblər “Scopus”da və  “Science direct”də fərdi abunəyə malikdir, amma əlbəttə istərdik ki,  belə bir imkan ölkədə hər bir alimdə olsun.  Azərbaycan alimlərinin, tədqiqatçıların “Elsevier”in indeksli jurnallarında fəallığına gəlincə, deməliyəm ki,   hazırda onların xüsusən də texniki istiqamətlərdə göstəriciləri çox gözəldir.  Alimləriniz  texniki sahələrdə çox aktiv dərc olunurlar.  Azərbaycan alimlərinin nəşrolunma   fəallığı məni çox sevindirir.

Son 5 il ərzində, “Skopus”da indeksləşdirilən jurnallarda  azərbaycanlı alimlərin 5220  məqaləsi  dərc olunub,  sitatların sayı  32685 təşkil edib, bu isə dərc olunmuş hər məqaləyə edilən  6,5 sitat deməkdir.Azərbaycanlı alimlərin  “Elsevier”-in elmi jurnallarında,  “Science direct”  platformasında  dərc olunmuş hər məqaləsinə 21 istinad olunur,  bu isə  Mərkəzi Asiyada ən yüksək göstəricidir.

 

Mən bununla çox fəxr edirəm. Ümid edirəm ki, bu göstəricilər daha da artacaq və mən bu sahədə öz töhfəmi vermək istəyirəm.  Bu məqsədlə mən  öz qarşıma azərbaycanlı  alim və mütəxəssislərlə  “Skopus”un  elmi bazasındakı  informasiya resurslarından daha düzgün  istifadə,  elmi nəşrləri düzgün seçmək  qaydalarının öyrədilməsi kimi plan qoymuşam.  Bununla da Azərbaycanda elmin  maksimum inkişafına  xidmət göstərməyə  çalışıram.

 

Oruc MUSTAFAYEV