75 ildən sonra onun uyuduğu qardaşlıq məzarıstanını tapdım


II dünya savaşı deyilən qanlı-qadalı bir savaş başladı, bu savaşın bir qütbündə dişinə qədər silahlanmış Hitler Almaniyası, digərindəsə Sovetlər Birliyi dayanırdı. Almanlar tərəfindən edilən hazırlıqlı qəfil hücum Sovet Ordusunu ciddi sınağa çəkmişdi və onlar Bakı neftinin qoxusuna doğru sürətlə irəliləyərək gəlib lap Dağıstanla Azərbaycanın sərhədlərinə çata bilmişdilər. Almanlar tezliklə Azərbaycanı tutacaq və Bakı nefti ilə öz hərbi nəqliyyat vasitələrini təchiz edib bizə qarşı da vuruşacaqlarına əmin idilər.

 

Belə bir zamanda Sovetlər Birliyində “Hər şey müharibə üçün, hər kəs vətənin müdafiəsi üçün əlindən gələni etməlidir” şüarları bütün milli respublikaların, onların kənd və şəhərlərinin  ən  ümdə şüarlarına çevrilmişdi. Bütün  ehtiyatlar müharibəyə cəlb edilsə də mərkəzi hökumət arxa cəbhəni də unutmur, bütün müəssisələrin dayanmadan işləməsinə nəzarət gücləndirildi. Tələb olunurdu ki, zavodlar, fabriklər, maarif və səhiyyə müəssisələri dayanmadan işləməli və müharibəyə öz töhfələrini verməlidirlər.

 

Müharibənin ilk vaxtlarında sovet respublikalarının şəhər və kəndlərində işləyən müəllim, həkim, mühəndis və bir çox ixtisas sahiblərinə müharibədən azad olunmaq üçün imtiyazlar verilirdi ki, arxa cəbhə də öz işlərini uğurla davam etdirsin və ön cəbhəni lazımi sənaye və kənd təsərrüfatı məhsulları ilə, eləcə də yeni kadrlarla təmin etsinlər. Bu məqsədlə də müharibədən azad olunanlara “bron” (hərfi mənada zireh) verilirdi. Ancaq bu bronlardan könüllü imtina edərək döyüşə gedənlər də tapılırdı. O könüllülərdən biri də Qubadlı rayonunun Başarat kənd məktəbinin direktoru işləyən Quliyev Qurban Abbas oğlu idi. Qurban müəllim doğulub boya-başa çatdığı Başarat kəndində məktəb direktoru kimi çalışır, gənclərin təlim-tərbiyə işlərini uğurla davam etdirirdi. Lakin müharibə qızışdıqca orada yaralanaraq tərxis edilənləri və həlak olanları görüb özünün də müharibəyə getmək qərarını qətiləşdirir və bunu evdə ata-anasına, ailə üzvlərinə də deyir: “Kəndimizdən otuzdan artıq adam müharibəyə gedib,  ordu sıralarında döyüşdüyü halda  mən burada necə qala bilərəm. Mən də müharibəyə getməliyəm”. Əslində onun ailə vəziyyəti də ürəkaçan deyildi, belə ki, ailədə işləyən yalnız Qurban müəllim özü idi. Evdə onun həyat yoldaşı və dörd körpə uşağı ilə bərabər ata-anası da vardır və onlar ömürlərinin ahıl çağında idilər. Qurban müəllim rayon hərbi komissarlığına müraciət edib, müharibəyə getmək arzusunu bildirib. “Müharibə gedən ölkədə arxa cəbhədə qalmaq namuslu kişiyə şərəf gətirməz”. Komissarlığın nümayəndəsi ona “axı siz müharibədən azad olunmusunuz və arxa cəbhədə fəallıq göstərməlisiniz” -desə də, o cavabında “Könüllü kimi müharibəyə getməyim mənim öz ixtiyarımdadır” - deyə bildirir. Kəndə qayıdan Qurban müəllim ata-anasına və həyat yoldaşı Gülüş xanıma müharibəyə yola düşəcəyini deyir. Atası ona oğlunun iki gündən sonra tamam olacaq qırxı gününü gözləməyi, sonra getməyi tövsiyə edir. O, belə də edir, mənim qırx günüm tamam olur və çantasını götürüb, ailə üzvləri ilə sağollaşaraq, piyada rayon mərkəzinə yola düşür. Qurban müəllimin ailə üzvləri, ata-anası, bütün kənd əhli onu yola salır və xeyir-dua verirlər. Ancaq Qurban müəllim özü də bilmirdi ki, bu, onun doğma kənddən son gedişidir. Onu rayondan Bakıya, Bakıdan da müharibəyə yola salırlar.

 

Anam deyirdi ki, atan getdi, ancaq bir neçə ay ondan bir səs-soraq gəlmədi. Lakin müharibədən yaralanıb geri qayıdan və digər kənd adamlarının cəbhə məktublarından məlum olurdu ki, onun xidmət etdiyi hərbi hissənin əsgərləri Dağıstanın Xasavyurd deyilən ərazisində alman ordusunun döyüşçüləri ilə üzləşirlər və almanlar onları bir müddət mühasirədə saxlayırlar. Onlar bizimkiləri qaranlıq zirzəmilərdə saxlayıb onlara işgəncələr verirlərmiş. Üç aydan sonra sovet qoşunları Bakıya doğru sürətlə irəliləyən quduz alman ordusuna öldürücü zərbələr endirir və bizim əsgərlərimizi azad edirlər. Sonralar Qurban müəllim evə məktub yazaraq ailə üzvlərini daim məlumatlandırır və onlara toxdaqlıq verirmiş ki, siz məndən narahat olmayın, mən sağ-salamatam, müharibə tezliklə başa çatacaq və biz hamımız öz yurd-yuvamıza qayıdacağıq. Ancaq müharibə günü-gündən qızışırdı. Bakı neftinin iyinə gələn almanlar tədricən geri oturdulur  və  döyüşlər,  məlum  olduğu  kimi,  Rusiyanın, Ukrayna və Belarusun ərazilərinə doğru yönəlir. Bu qanlı döyüşlərdə Qurban müəllim əlindən yaralanır - güllə sağ əlinin üç barmağını aparır. Onu hərbi səhra tibb məntəqəsində müalicə edib sağaldırlar. Orada Qurban müəllimə tərxis olunub öz evinə qayıtmağı məsləhət görürlər. Lakin cavabında “Mənim baş  və  şəhadət  barmağım  salamatdır,  mən  onlarla silah  işlədə  bilərəm  və  mən  tərxis  olunmaq  istəmirəm” deyir.

 

Sonralar onların atıcı diviziyasını Ukrayna cəbhəsinə göndərirlər. 1943-cü ilin qızğın döyüşlərinin birində o, yenidən ağır yaralanır və onun sağala biləcəyinə ümid edərək Zaporojye vilayətinin Oçeretovatoye kəndindəki hərbi səhra xəstəxanasına yerləşdirirlər. Orada ona hər cür tibbi yardım göstərsələr də xilas edə bilmirlər və o, 1943-cü ilin oktyabr ayının 14-də ömrünü başa vurur. Oçeretovatoye kəndi uğrunda gedən döyüşlərdə bizimkilərdən iki yüzə yaxın döyüşçü həlak olur. Orada həlak olanların hamısını elə həmin kənddə də dəfn edir və ailələrinə həlak olmaları barədə məlumatlar göndərirlər. Müharibə başa çatdıqdan sonra SSRİ hökumətinin göstərişi ilə Oçeretovatoye kənd qəbiristanlığında dəfn olunmuş keçmiş döyüşçülərin məzarlarını kəndin mərkəzi küçəsində yaradılmış “qardaşlıq qəbiristanlığı”na köçürüb orada həlak olanların şərəfinə abidə də ucaldırlar. Abidənin qarşısında yaradılmış xüsusi lövhədə döyüşçülərin hər birinin adı, soyadı və atasının adı yazılır. Bu möhtəşəm abidə Oçeretovatoye kəndinin sakinləri və məktəblilər tərəfindən yad edilib onun qarşısına gül dəstələri qoyulur və müqəddəs bir məkan kimi orada müxtəlif tədbirlər keçirilir. Həlak olanların arasında keçmiş SSRİ-nin müxtəlif respublikalarından olan döyüşçülərin, eləcə də azərbaycanlı döyüşçülərin də adlarına rast gəlmək mümkündür. Ancaq təəssüflər olsun ki, onların bir çoxunun barəsində məlumatlar tam deyil, məhdud məlumatlar verilir. Həmin döyüşçülərin adları aşağıdakılardır:

 

1. Qədirov Mamed Mamed oğlu - Ucar rayonu

2. Musayev Novruz 324 atıcı polku

3. Malaxov Qasım B

4. Mirzəyev Aqvab Naxçıvan 50 A/p

5. Cəfərov D.u-324 a/p

6. Zulfuqarov Abdul 324 a/p

7. Əliyev Əhməd 224 a/p

8. Vəliyev Vəli 324 a/p Zəngilan

9. Quliyev M.M. Sisiyan, Erm. Respublikası

10. Hüseynov Hüseyn Qara oğlu Kürdəmir

11. Quliyev Qurban Abbas Qubadlı rayonu

12. Bağırov Qarakişi M. Salyan rayonu

13. Vəliyev Rəhim Muhamməd

14.  Qurbanov Ağasəlim Ağamalı

 

Güman edirik ki, Ukrayna Respublikasının Zaporojye vilayətinin Oçeretovatoye kəndində “qardaşlıq qəbiristanlığında” uyuyan azərbaycanlı döyüşçülərin ailə-uşaqlarının bundan bəlkə də xəbəri yoxdur. Bu yazını oxuyub öz əzizlərindən xəbər tutanlar gedib onların uyuduğu torpağı ziyarət edə bilərlər. Bu isə hər bir övladın, oğul və qızın, nəvə və nəticənin şərəf borcudur.

 

Onu da deyim ki, atamla bağlı biz illər boyu axtarışda, soraqlaşmaqda olsaq da yalnız ötən ilin sentyabr ayında bu məlumatı əldə etmişik. Sonra oğlum Qurbanla Ukraynaya gedib, həmin qardaşlıq qəbiristanlığını tapdıq və vətəndən gətirdiyimiz tər qərənfilləri bu abidənin qarşısına düzdük. Məzarda uyuyan bütün döyüşçülərə rəhmət diləyib, ruhlarına dualar oxuduq. Bununla da xeyli təskinlik tapdıq. Bizə təskinlik verən bu idi ki, atam Qurban müəllim və onunla birlikdə qəbirdə uyuyan azərbaycanlı döyüşçülər döyüş zamanı əsir düşməyib, onlar vətən uğrunda gedən qanlı döyüşdə vuruşaraq həlak olub və Ukrayna Respublikasında torpağa tapşırılıblar.

 

Allah bütün müharibə qurbanlarına rəhmət eləsin və onların uyuduğu torpaq ziyarətgah olsun!

 

Abbas ABBASOV,

BDU-nun kafedra müdiri, professor, Əməkdar müəllim