Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə  keçiriləcək tədbirlərdə  iştirak etmək üçün Türkiyənin Tarsus şəhərindən gələn nümayəndə heyəti mayın 8-də Bakıdakı Heydər Əliyev adına liseydə olub. Tarsus Bələdiyyəsi və Tarsus təhsil işçilərindən ibarət nümayəndə heyəti öncə ulu öndər Heydər Əliyevin liseyin qarşısındakı büstünü ziyarət edib, önünə gül dəstələri qoyub.  Nümayəndə heyəti tədris ocağı ilə yaxından tanış olub, sinif otaqlarını, laboratoriyaları gəzib. Liseyin foyesində Heydər Əliyevin əziz xatirəsinə həsr olunan guşəyə baxış keçirilib. Görüş zamanı liseyin direktoru Sevinc Orucova qonaqlara tədris ocağının tarixi, uğurları haqqında geniş məlumat verib.

 

Sonra qonaqlar “eTwining” layihəsi çərçivəsində liseyin şagirdlərinin türkiyəli məktəblilərlə birgə təşkil etdiyi onlayn dərsdə iştirak edib. Onlayn dərs zamanı iştirakçı şagirdlər öz ölkələrinin tarixi yerləri haqqında təqdimatlar edib, UNESCO-nun milli irsinə daxil olan abidələrin yaranma tarixlərini bir-biri ilə paylaşıblar. Liseyin şagirdləri işğala məruz qalan Şuşa haqqında da türkiyəli məktəblilərə ətraflı məlumat verib.

 

Onlayn dərsdən sonra çıxış edən qonaqlar liseyə səfərlərindən məmnun qaldıqlarını bildirib. Belə dərslərin hər iki qardaş ölkənin şagirdləri arasında bir körpü olduğunu diqqətə çatdırıblar.

 

Niyazi RƏHİMOV