Təhsil Nazirliyinin SABAH qrupları 2018-2019-cu tədris ili üçün ümumilikdə 30 ixtisas üzrə tələbə seçimi müsabiqəsini açıq elan edir.
 
Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
 
2017-2018-ci tədris ilindən etibarən SABAH qruplarına tələbələrin seçimi www.student.sabah.edu.az portalı vasitəsilə tam elektron qaydada aparılır. Portal namizədlərin elektron ərizələrinin yoxlanması və nəticəsi haqqında bildiriş göndərilməsi, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin emal olunması və yekun qeydiyyatın onlayn aparılmasını təmin edir.
 
Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün namizədlər 23 may 2018-ci il tarixinədək www.sabah.edu.az saytına daxil olmaqla elektron ərizəni doldurmalıdırlar. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsinə - test imtahanına dəvət olunacaqlar.
 
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.
 
Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən tələbəni,  650-dən  çox müəllim-professor heyətini əhatə edir.
 
2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.