.jpg)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin vətəndaşlarının Azərbaycanın ali məktəblərində təhsil ala bilməsi üçün təsis olunan qrant proqramları təkcə ölkəmizin beynəlxalq nüfuzunun artmasına deyil, həm də həmin dövlətlərdə insan resurslarının inkişafına nəzərəçarpan töhfələr verib.
Bu proqramların uğurlu təcrübəsi əsasında atılan növbəti addım “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi olub.
Proqrama əsasən, İƏT və QH-yə üzv ölkələr, İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri Qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi, mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycanın ali məktəblərində təhsili nəzərdə tutulub. Proqram gənclərin ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, eləcə də ali təhsilin bütün səviyyələrində təhsilinə imkan verir.
Böyük maraqla qarşılanmış proqramın icra ediliyi ilk tədris ilində 47 ölkədən yüzlərlə namizəd iştirak üçün müraciət etsə də, onların sırasından yalnız 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilmiş şəxslər, əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində oxuyur.
Bu tələbələrin təhsil üçün Azərbaycanı seçməsi həm də ölkəmizin bu sahədə apardığı beynəlmiləlləşmə siyasətinin uğurlu nəticəsi sayıla bilər.
Dekabrın 11-də keçirilən "Elm və ali təhsilin beynəlmiləlləşməsi" forumu da məhz bu istiqamətdə əcnəbi tələbələrin Azərbaycan təhsili ilə bağlı təəssüratlarını bölüşməsi üçün əhəmiyyətli platforma oldu.
"Azərbaycan müəllimi" olaraq forumda iştirak edən tələbələrlə söhbətləşdik və onların ölkəmizdəki təhsil təcrübələri, kəşfləri və Azərbaycanla bağlı təəssüratları ilə tanış olduq.
“Azərbaycanda təhsil almaq mənim üçün şərəfdir”
.jpeg)
Fatimah Alothman, iraqlı tələbə:
- Bakı Dövlət Universitetinə qəbul olunmuşam. Qrant təqaüdü əsasında hazırda universitetin hazırlıq bölməsində Azərbaycan dilində bir il hazırlıq keçirəm. “Biologiya” ixtisası üzrə təhsil alıram. Bizim İraq tükməni olaraq Azərbaycanla yaxınlığımız var. İraqda türk dilində ali təhsil almaq mümkün olmadığına görə Azərbaycanı seçdim. İraqda ali təhsil əsasən ərəb dilindədir. Azərbaycanda təhsil, diplom almaq mənim üçün şərəfdir. Aramızda dil baxımından elə də fərqimiz yoxdur. Bu baxımından öz dilimizdə təhsil alırıq. Azərbaycan dünyada tanınan, dost ölkədir.
Bugünkü tədbir də çox gözəl təşkil olunub. İnsanlarla tanışlıq çox gözəldir. Azərbaycanla, buradakı insanlarla tanışlıq çox gözəldir. Təbii ki, təhsilin heç bir dili yoxdur. Hansı bir dil olursa-olsun, bizim üçün şərəfdir. İraqlı tələbələr adından Azərbaycana təşəkkür edirəm. Bizi çox gözəl qarşıladılar. Burada olmağımdan bir ay keçsə də, hamı bizi öz doğmaları kimi qarşıladı, tam anlaşma şəraitindəyik. Paytaxt Bakının qədim hissəsi ilə tanış olduq. Ölkənizlə daha çox tanış olmaq istəyirik. Bakıda görməli gözəl yerlər çoxdur. Xaricdən daha çox gəncin Azərbaycanda təhsil almaq eşqinin artmasını təmənna edirik.
“Burada oxumağı həvəslə seçdim”

Dərya Ağayeva, türkiyəli tələbə
- Mən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramının qaliblərindənəm. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunmuş təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil alıram. Təqaüd proqramı ilə bağlı xəbəri aldıqdan sonra proqrama müraciət etməyə qərar verdim və qəbul aldım. Çox sevirəm Azərbaycanı, Bakıda olmaq həqiqətən çox gözəl bir hissdir. Əvvəllər də burada olmuşdum. Açığı, burada yaşamaq imkanı qazandığıma görə xoşbəxtəm. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistraturasına daxil olmuşam. İki-üç ay öncə gəldim Azərbaycana. Dərslərimiz davam edir, hazırda imtahanlar dövründəyik. Hər şey çox gözəldir. Azərbaycan mənim üçün doğma ölkədir. Çünki həyat yoldaşım azərbaycanlıdır. Çox gözəl müəllimlərimiz var. UNEC çox nüfuzlu ali təhsil müəssisəsidir, beynəlxalq standartlara uyğun bir universitetdir . Burada oxumağı xüsusi həvəslə seçdim. Burada əldə etdiyimiz biliklərlə gələcəkdə çox gözəl yerlərə gedə biləcəyimizə ümid edirəm. Bir sözlə, çox xoşbəxtəm.
“Azərbaycanda reallaşdırılan “Azure” doktorantura araşdırmalarım üçün böyük əhəmiyyət kəsb edir”

Cabri, malayziyalı tələbə
- Mən Azərbaycan Dövlət İqtisad Universitetində doktorantura təhsili alıram. Azərbaycanın həyata keçirdiyi “yaşıl” iqtisadiyyata keçid və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə dəstək üzrə “Azure” layihəsi doktorantura təhsilimdə əsas tədqiqat mövzumdur. Düşünürəm ki, bu layihə çox maraqlıdır. Hesab edirəm ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanda reallaşdırılan “Azure” layihəsi doktorantura araşdırmalarım üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də təhsilimi davam etdirmək üçün Azərbaycanı seçdim. Azərbaycan hökumətinə və UNEC-ə mənə burada təhsilimi davam etdirmək imkanı yaratdıqları üçün təşəkkürümü bildirirəm.
Hazırda Azərbaycanda doktorantura təhsilimin birinci ilidir. Bundan əvvəl magistratura təhsilimi idarəetmə ixtisası üzrə Çində almışam.
Gənc tədqiqatçı Azərbaycanın texnoloji potensialını gələcək araşdırmalar üçün əvəzsiz mənbə kimi qiymətləndirir.
“UNEC-də çoxdilli mühit və Xəzərin sehri”

Lia Agustina Feronika, indoneziyalı tələbə
İndoneziyalı Lia isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Qida keyfiyyətinin idarəedilməsi üzrə MBA təhsili alır. Azərbaycan mədəniyyəti və təhsil sisteminin ona necə təsir etdiyini xüsusi qürurla danışır: “UNEC mənə beynəlxalq səviyyədə ünsiyyət qurmaq imkanı yaradıb. Burada dərslər dörd dildə keçirilir – Azərbaycan, türk, rus və ingilis dillərində. Bu çoxdilli mühit mənim üçün unikal təcrübədir. Bununla yanaşı, Azərbaycan mədəniyyəti mənə İndoneziyanı xatırladır. Xəzər dənizinə hər dəfə baxanda özümü başqa bir dünyada hiss edirəm. Dünyanın ən böyük gölünün sakitliyi və gözəlliyi məni heyran edir”.
Azərbaycanın qonaqpərvərliyi və insanların mehribanlığı da Lia üçün bu ölkəni unudulmaz edib. “Buradakı insanlar çox səmimi və köməksevərdirlər. Azərbaycan dilini öyrənməyə çalışıram. Azərbaycana gəlməyimdən artıq üç ay keçib və buradakı mədəniyyət məni çox təsirləndirib.
Azərbaycan çoxmədəniyyətli ölkədir və yerli icmaya hələ tam yaxınlaşmasam da, tələbə yoldaşlarım mənə çox kömək edirlər. İnsanların burada necə mehriban olduğunu görmək məni çox sevindirir. Onların bir neçə dili bilməsi də məni çox təəccübləndirir. Bu fərqli mühit mənim üçün unikal təcrübədir. Burada həm təhsil alıram, həm də yoldaşlarımla ünsiyyət zamanı Azərbaycan dilini sərbəst öyrənməyə çalışıram”.
“Mehriban insanlar, qədim tarix və müasir təhsil sistemi”
.jpeg)
Muhammad Jourici, pakistanlı tələbə
Pakistandan Muhammad Jourici “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Proqramının iştirakçısıdır. O, Azərbaycanın tarixi və müasirliyi arasında olan harmoniyanı xüsusi vurğulayır: “İki aydır ki, Azərbaycandayam və çox maraqlı yerləri kəşf etmişəm. Tarixi abidələr, ənənəvi mətbəx və insanların mehribanlığı məni çox sevindirir. Universitetdə təhsil mühiti çox yüksək səviyyədədir. Müəllimlər və digər tələbələr hər zaman kömək etməyə hazırdırlar. İlk vaxtlar dil problemi çətinlik yaratsa da, buradakı insanların dəstəyi ilə bu maneəni də aradan qaldıra bildim”.
Azərbaycan: təhsil və mədəniyyətin qovşağı
Azərbaycanın ali təhsil müəssisələrinin xarici tələbələrə təqdim etdiyi imkanlar təkcə biliklərin inkişaf etdirilməsi ilə bitmir. Eyni zamanda, tələbələr ölkənin zəngin mədəniyyəti, tarixi və təbii gözəlliklərini də kəşf edir, burada keçirdikləri vaxtı unudulmaz bir təcrübəyə çevirirlər. Azərbaycan universitetlərindəki çoxdilli təhsil mühiti, müasir təhsil sistemi və ölkənin qonaqpərvərliyi Azərbaycanı beynəlxalq tələbələr üçün cazibədar bir təhsil mərkəzinə çevirib.
Azərbaycan həm Avropa, həm də Asiya elementlərini özündə birləşdirən mədəniyyəti ilə gələcəkdə də daha çox xarici tələbənin təhsil üçün seçəcəyi ölkə olmağa namizəddir. Azərbaycanın zənginliyi təkcə onun təbii sərvətlərində deyil, eyni zamanda insanların mehribanlığında, tarixi irsində və dünya səviyyəli təhsil imkanlarındadır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər