Şərəflə yaşanan ömür

İnsanın həyatda fəal mövqe tutması, ictimai borca şüurlu münasibət bəsləməsi, sözü ilə əməlinin bir olması,  daim intellektual səviyyəsini artırmaq qayğısına qalması, əmək və yaradıcı fəaliyyətində başqalarına nümunə olması həmişə onu əhatə edən  adamlarda xoş hisslər yaradır.

 

Gənc yaşlarından həyat və yaradıcı fəaliyyətinə yaxşı bələd olduğum, istedadı və işgüzar əməyi ilə həmkarlarına örnək olan, tanınmış pedaqoq, məhsuldar tədqiqatçı, nəcib insani keyfiyyətlərə malik Həsən Bayram oğlu Bayramov  da məhz belə ziyalılardandır.

 

O, həyatına, yaşam tərzinə həmişə halallıq müstəvisindən baxmış, çətin, lakin şərəfli ömrünə bu rakursdan dəyər vermiş, insanlıq qüdrətinə, onun ağıl və kamal dünyasına humanist prinsiplər əsasında yanaşmışdır. Onun həyat və yaradıcılıq yolunu izləyənlər yaxşı bilirlər: o, vəfalı dost, simsar yoldaş, mətin, dəyanətli arxadaş kimi elmi-pedaqoji ictimaiyyət arasında özünə böyük hörmət və nüfuz qazanmışdır.

 

Ustad müəllim kimi də onun peşəkar fəaliyyəti məndə ona qarşı həmişə münis duyğular oyatmış, pedaqoji ustalığını təsdiqləyən çevik və işgüzar əməyinə həsəd aparmışam.

 

65 illik həyat yolunun çoxçalarlı qaynaqlarını təfərrüatlı qaydada işləmək üçün yeri gəldikcə fürsət də axtarmış, onunla həmmüsahib olmağa cəhd göstərmişəm. Amma xislətindəki alicənablıq, ehtiramlılıq, ağayanalıq keyfiyyətləri çox sadə və saf əməldə təcəssüm tapdığı üçün bu mənəvi yaxınlaşmadan həmişə özünü gen saxlamış, “Hələ mənim o vədəm deyil”, - deyə təvazökarlıq göstərmişdir.

 

Lakin pedaqoji ictimaiyyət onu qabaqcıl maarif xadimi, fəal ictimaiyyətçi kimi yaxşı tanıdığından, mən “Alınmamış müsahibə” kontekstindən niyyətimi çin edib, onun həyat və yaradıcılıq məramına  ürəyimin hökmü ilə üz tutdum.

 

O, 1953-cü ilin əlamətdar tarixi bir günündə - mayın 1-də Qərbi Azərbaycanda, Krasnoselo rayonunun Toxluca kəndində, qulluqçu ailəsində anadan olmuşdur. 1961-1970-ci illərdə Toxluca kənd orta məktəbində oxumuş, təhsilini əla qiymətlərlə başa vurmuşdur.

 

1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstititunun filologiya fakültəsində oxumuş, bu tədris ocağını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ali məktəbin əyani aspiranturasında saxlanılmasına dair institutun Elmi Şurasının qərarının olmasına baxmayaraq, təyinatla doğma rayonuna gəlmiş, burada qaynar əmək fəaliyyətinə qoşularaq müəllim, direktor müavini, sovxoz komsomol komitəsinin katibi, qəsəbə sovetinin sədri vəzifələrində çalışmışdır. Təhsillənmə, elmi mühitdə olmaq arzusu da onu bir an tərk etməmiş, yenidən vaxtilə ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) aspiranturasında oxumuşdur. O, 1987-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna müəllim seçilmiş, 1989-cu ildə isə çoxdankı arzusuna qovuşaraq “Azərbaycanda Sovet pedaqoji elminin təşəkkülü və inkişafı (1920-1931-ci illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

 

Ötən əsrin Azərbaycan həyatında cərəyan edən hadisələri onun ailəsindən də yan keçməmişdir. Qanlı-qadalı həmin təlatümlü çağlarda  onlar da doğma yurd-yuvalarından deportasiya olunduğundan ürəklə çalışdığı Naxçıvan Dövlət Pedaqoji İnstitutundan ayrılaraq Bakıda məskunlaşmışdır.

 

Qaynar əmək fəaliyyətini Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi işçi,  müəllim, dosent kimi davam etdirmişdir.

 

Onun əmək fəaliyyətinin sonrakı davamı (1990-2014)  da doğma kollektivi olmuş, ADPU-nun “Ümumi pedaqogika” kafedrasında dosent vəzifəsində çalışmışdır. 2014-cü ildən bu günə qədər isə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru vəzifəsində  fəaliyyət göstərir.

 

Həsən Bayramoğlu ictimai-siyasi fəaliyyəti də əhali arasında böyük rəğbətlə qarşılanır. O, Bakı şəhəri 9 saylı Binəqədi seçki dairəsi üzrə Dairə Seçki Komissiyasının sədri olaraq sakinlər arasında bu yönümlü təbliğat və təşviqat işlərini yüksək maarifləndirici tədbirlərlə həyata keçirir.

 

Həsən Bayramoğlunun 13 iyun 2017-ci il tarixində “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin əsas istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək, pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

 

Dissertasiyanın əsas məzmunu “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: Unifikasiya prosesi və tarixi-pedoqoji paradiqmanın formalaşması” adlı monoqrafiyada və eləcə də çox sayda yerli və xarici ölkələrin nüfuzlu jurnallarında dərc olunmuş məqalələrdə öz əksini tapmışdır.

 

Onun elmi fəaliyyət diapazonu çox geniş mündəricəyə malikdir. Həsən Bayramoğlu küll halında bir monoqrafiyanın, 4 dərsliyin, yetmişdən çox elmi əsərin, yüzdən çox publisistik məqalə və lisenziyanın, habelə xeyli sayda metodik vəsaitin, fənn proqramlarının, konfrans materiallarının, portret oçerklərin müəllifidir.

 

Onun yaradıcılıq qalareyasında metodoloji prinsip olaraq əsas qayə pedaqoji elmlər sistemində milli və ümumbəşəri dəyərləri yeniləşdirmək, onların tədrisi istiqamətlərini ənənə və müasirlik əsasında müəyyənləşdirməkdir. Bu yönümdən apardığı araşdırmaların konseptual istiqamətləri tarixi, pedaqoji, nəzəri, təcrübi və tətbiqi xarakteri ilə diqqəti cəlb edir.

 

Bu tədqiqat araşdırmalarının əsas mahiyyəti elmi-metodik aspektdən təhlil olunduğu üçün müəllif tədqiq etdiyi problemlərdə əsasən faktoloji problemləri, real islahatçılıq meyillərini, ciddi sosial-mədəni tendensiyaları məhz, maarifçilik baxımından araşdıraraq, tarixi dövrün ictimai-pedaqoji qaynaqlarının ideoloji yönümdən deyil, gerçək, obyektiv fakt və hadisələr üzərindən daha çox səciyyələndirmişdir. Birmənalı olaraq o, tədqiq etdiyi problemi xronoloji ümumiləşdirmə təsviri düşüncə kontekstindən deyil, ümumi qanunauyğunluqlar, işlək metodoloji texnologiyalar zəminində təhlil-tərkib etmiş, faktoloji materialları zəruri bilinən spesifik elmi-pedaqoji müddəalar baxımından ümumiləşdirmişdir.

 

Müasir elmi-pedaqoji pleyedanın tanınmış nümayəndəsi olan pedaqogika üzrə elmlər doktoru Həsən Bayramoğlunun yaradıcı manerası çoxcəhətli fabulada olduğundan, bu tədqiqat istiqamətlərini şərti olaraq tarixi-pedaqoji, nəzəri-pedaqoji, təhsil nəzəriyyəsi, peşə maarifçiliyi və ictimai-pedaqoji publistika bölgüsü ilə qruplaşdırmaq mümkündür.

 

Bu münasibətlə o, araşdırma mənbəyinə çevirdiyi tarixi-pedaqoji aspektdən dəyər verdiyi tədqiqatlarında, o cümlədən ideoloji-müqayisəli konsepsiyalara islahatçılıq nəzəriyyəsi gətirməklə, həm ümumi pedaqogikanın, həm də pedaqogika və təhsilin tarixini yeni, modern inkişaf xüsusiyyətləri zəminində açıqlamışdır. Bu baxımdan onun “Təhsili idarəetmənin əsasları”, “Nitq mədəniyyəti”, “İdarəetmənin pedaqogikası və psixologiyası” dərslikləri novatorluğu ilə seçilən dərsliklərdəndir.

 

Onun elmi-yaradıcı fəaliyyətində nəzəri-problematik məsələlərlə, tarixi-müqayisəli metodologiyası vəhdət təşkil edir. Bu cəhətdən təqdirolunası məqalələrindəki elmilik, konkret biliklərə istinad texnologiyaları üstünlük təşkil edir. Onun ilkin mənbələrdən əxz etdiyi faktoloji materiallar bu günümüz üçün də vacib məxəzlərdir. Xüsusən, pedaqoji işin nəzəriyyəsi və təcrübəsindən bəhs edən məqalələri pedaqogika elminin sosial, iqtisadi, siyasi, milli-mədəni məzmununu yeniləşdirmək baxımından olduqca dəyərli nümunələrdir. O, təhsildə, uzun illər ərzində şablonlaşmış pedaqoji situasiyaları islah etməyin qanunauyğunluqlarını üzə çıxartmaqla köhnəlmiş müddəalara həyatın tələbləri baxımından nəzər-diqqət yetirməyin vacibliyini də nəzəri pedaqogikanın vəzifəsi sayır, onu yeni mündəricədən zənginləşdirmək, genişləndirmək, inkişaf etdirmək təfəkkürünə sahib çıxmağın müasir çalarlarına yiyələnməkdə görür. Bu yönümdən araşdırmalarının nəticələrini “Təhsil tariximizdən bəzi qeydlər”, “Azərbaycanda məktəb işinin başqa regionlarla müqayisəsi”, “XIX əsrin II yarısında qeyri-rus xalqlarının məktəb sisteminin inkişafı”, “Təhsildə qloballaşma modernləşmə tələb edir”, “Modernləşmə xətti: Yeni tipli vətəndaş cəmiyyətində müasir təhsilşünaslığın paradiqması”, “Təhsili idarəetmənin əsasları”, “Strateji yol xəritəsi və peşə təhsilinin perspektivləri”, “Təhsil menecmentinin müasir problemləri” və digər məqalələr silsiləsində elmi qənaətlərini əsl alim-vətəndaş mövqeyində təfərrüatla şərh etmişdir.

 

O, bu gün də məhsuldar fəaliyyətini uğurla davam etdirir. Akademik tərbiyə sisteminə, milli-mənəviyyatın formalaşmasına, dini-mənəvi dəyərlərin təkmilləşdirilməsinə, mütərəqqi adət və ənənələrin yayılmasına rəvac verən Həsən Bayramoğlu bu yönümlü tədqiqatlarında da xəlqilik, hümanizm kimi insani keyfiyyətlərin dəyərləndirilməsinin qayğısına qalır, gənc nəsli mətin və iradəli olmağa səsləyir.

 

Bu şərəfli ömür sahibinin ailə səltənəti də hər kəsə örnək olası bir nümunədir. Həyat yoldaşı Sara Bayramova, oğlu Qudsi Bayramov elm sahəsində onun layiqli varisləri kimi uğurla addımlayırlar. Hər ikisi pedaqogika üzrə  fəlsəfə doktorudır.

 

Halal və saflıq təşnəsinin inci gözündən su içən həmkarım Həsən Bayramoğlunun 65 illik fədakar əməyi, inadlı mübarizə yolu, inanırıq ki, bundan sonra da yaddaşlarda  dərin iz qoyacaq, öz şəxsi nümunəsi ilə onu sevənlərə ilham və sevinc  bəxş edəcəkdir.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 



18.05.2018 | 16:17