“Şagirdlərimin sevgisini qazana bilmişəm”

Nərmin Əliyeva 1992-ci ildə Ağstafa rayonunda anadan olub. 2010-cu ildə  tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinə qəbul olunub. Universitet təhsilini başa vuraraq müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. Bir il Balakən rayonunda müddətli müqavilə ilə işləyib. Sonra yenidən  müsabiqəyə qatılaraq  51 balla Cəlilabad rayonunun Zopun kəndində işə başlayıb. 2017-ci ildə növbəti dəfə müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində arzusunu reallaşdıraraq iş yerini  Ağstafa rayonunun Aşağı Göycəli kəndinə dəyişib.

 

- Nərmin  xanım,  ilk dəfə sinfə girəndə nə düşünürdünüz?

- İşlədiyim üçüncü məktəb və üçüncü ildir. Məktəbdən asılı olmayaraq ilk gün özümü olduqca həyəcanlı hiss edirdim. Nə yalan deyim, uşaqların mənə və fənnimə necə münasibət göstərəcəkləri də qayğılarımı artırırdı. Ancaq elə ilk dərsdən onların sevgisi məni bu qayğılardan azad etdi, həm də yaxşı mənada təəccübləndirdi.

- Şagirdlərinizin  sevgisini qazana bilmisiniz?

- Bir adamı hər kəs sevə bilməz, yəqin ki şagirdlərim arasında məni sevməyənlər də var. Ancaq bunu mənə hiss etdirməyiblər. Düşünürəm ki, şagirdlərimin sevgisini qazana bilmişəm.

Çalışıram bir az tənbəllik etmək istəyən şagirdləri də dərsə həvəsləndirim. Şagirdlər arasında bir-birindən üstün olmaq istəyi, rəqabətə meyillilik bu işdə mənə kömək edir.

- İlk dəfə müqavilə ilə Balakən rayonunda işləmisiniz. Niyə daha yaxın olan rayonları seçməmisiniz?

- Mən coğrafiya müəllimiyəm. Düşünürəm ki, oxuyaraq yox, gəzərək daha çox məlumat toplaya bilərəm. Balakəndə qohumlarım yaşayırdı və mən  həm öyrətmək, həm də öyrənmək məqsədilə oranı seçmişdim.

2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 51 bal topladım. Yenə fərqli bir bölgəni seçdim və Azərbaycanın qərbindən cənubuna- Cəlilabad rayonuna yollandım. Oranın insanları məni çox yaxşı qarşıladı. Bir şeyi etiraf edim ki, kənd yerlərindəki məsumluq, saflıq, gözəllik və səmimiyyət  məni heyrətləndirir. Bu isə mənə zövq və rahatlıq verir.

- Necə oldu ki, yerdəyişmə etmək qərarına gəldiniz?

- Valideynlərim Ağstafa rayonunda yaşayır. Ailəmdən uzaqda olmaq, Cəlilabada aparan yolların uzaqlığı məni bu qərarı verməyə məcbur etdi. Şagirdlərimdən ayrılmaq çox çətin olsa da mən iş yerimi yaşadığım rayona dəyişdim.

- Diaqnostik qiymətləndirmədə neçə bal toplamısınız? İmtahanın şəffaflığı sizi qane etdimi?

- Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə iştirak etdim və 56 bal topladım. Hədəfim daha çox bal toplayaraq maksimum nəticə əldə etmək idi. Əlbəttə, imtahan tam şəffaf idi. Elə buna görə də Təhsil Nazirliyinə dərin təşəkkürümü bildirirəm.

- Hazırda Ağstafa rayonunun Aşağı Göycəli kəndində işləyirsiniz. Burada kollektivin sizə münasibəti necədir?

- Aşağı Göycəli kənd tam orta məktəbinin kollektivi mənə qarşı qayğıkeş və mehribandır. Məktəb kollektivi gənc müəllimlərə xüsusi qayğı göstərir. Mən ünsiyyət qurmağı tez bacarıram. Ona görə də tez öyrəşmişəm.

- Tədris etdiyiniz fənnə şagirdlərdə maraq yaratmaq üçün nələr edirsiniz?

- Coğrafiya o qədər maraqlı fəndir ki, nəsə etməyə ehtiyac yoxdur. Şagirdlər özləri bu fənni öyrənməyə maraqlıdır. Təbii ki, mən də müəllim olaraq çalışıram ki, coğrafiyanı digər fənlərlə əlaqələndirim. Çünki inteqrasiya zamanı şagirdlər daha çox məlumat əldə edirlər.

- Müəllim olmaq istəyənlərə  nə tövsiyə edərdiniz?

- Hər şeydən öncə ixtisasınızı sevin və davam etdirin. Bu işlə məşğul olmaq sizi təcrübələndirəcək və işləmək sizin dünyagörüşünüzü artıracaq.

 

Nəcibə VƏLİYEVA,

Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



09.02.2018 | 12:15