AzMİU-nun “Qış məktəbi”nin rusiyalı məzunlarına sertifikatlar verilib

 

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) beynəlxalq “Qış məktəbi” başlayıb. 2018-2019-cu tədris ili üzrə fevral ayının 6-dan start götürən layihədə 42 əcnəbi tələbə iştirak hüququ qazanıb. İlk mərhələ artıq başa çatıb və bu gün Rusiyanın Voronej və Kuban Dövlət Universitetinin tələbələrinə sertifikatlar təqdim olunub. Tədbirdə AzMİU-nun prorektoru Akif Qasımov və Beynəlxalq əlaqələr şöbənin müdiri Fərhad Əliyev iştirak edib.

Qeyd edək ki, Universitetdə “Beynəlxalq qış məktəbi” artıq 2 ildir təşkil olunur. Layihə çərçivəsində başqa ölkələrin ali təhsil müəssisələrindən tələbələrə nəzərdə tutulmuş müddət və proqram çərçivəsində dərs keçilir. AzMİU-nun beynəlxalq əlaqələrini, müəllim-tələbə mübadiləsini genişləndirmək, Avropa təhsilinə inteqrasiya prosesini sürətləndirmək məqsədi daşıyan layihədə həm də Azərbaycan memarlığının təbliği nəzərdə tutulub.

Tədbirdə çıxış edən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Qasımov Rusiya ali təhsil müəssisələri ilə AzMİU-nun getdikcə genişlənən əməkdaşlığından məmnun qaldıqlarını, prosesin daha da genişləndirilməsi arzusunda olduqlarını qeyd edib.

AzMİU-nun prorektoru Akif Qasımov Tversk vilayətində oxuduğunu vurğulayaraq, Rusiya ali təhsil müəssisələri ilə iki ildir başlayan layihənin davamlı və qarşılıqlı olması arzusunu ifadə edib. İtaliya, İspaniya, Portuqaliya, Fransa universitetləri ilə AzMİU-nun indiyədək mövcud olan sıx əməkdaşlığına toxunaraq, qonşu ölkələrin universitetləri ilə də belə bir layihənin təşkilini yüksək dəyərləndirib. Əlaqələrin gücləndirilməsinin planlaşdırıldığını söyləyib: “Rusiya universitetləri ilə əlaqələrimiz arzuladığımız şəkildə inkişaf edir. Artıq bizim tələbələrimiz də Rusiya universitetlərində müvafiq layihələrə qatılacaqlar”.

Kuban Dövlət Universitetinin dekanı Svetlana Kaçatkova universitet rəhbərliyinə yaratdıqları şəraitə görəz minnətdarlığını bildirib, universitetdə olduqları müddətdə tələbələrin Memarlıq fakültəsində keçirilən ixtisas dərslərinə böyük həvəslə qatıldıqlarını deyib.

Krasnodardan olan Kseniya Sokolova və Anna Vasko Bakıda insanların münasibətindən çox təsirlənib, ölkəmizdə özünü vətənindəki kimi hiss etdiklərini deyiblər: “Binalar bizi valeh etdi. Bir binada həm keçmişin izi, həm də müasir xüsusiyyətlər var. İnanılmaz təsir bağışladı. Bakıda ilk dəfə olduq. Şəhər müasirdir. Hiss olunur ki, iqtisadi cəhətdən güclü bir ölkədəsən. Elə universitetinizdə şərait, dərslərin keyfiyyəti də daha yaxşıdır. Odur ki, təhsilimizi burada davam etdirmək, magistraturanı bu universitetdə oxumaq istəyirik. Biz bilirik ki, Bakıya, ümumiyyətlə, ölkənizə tez-tez xaricdən memarlar dəvət olunur. Həmin memarlardan olmaq arzusundayam. Düşünürəm ki, gələcəkdə mən də memar kimi burada fəaliyyət göstərə bilərəm”.

Tədbirdən sonra hər iki universitetin tələbə və müəllimlərinə sertifikatlar təqdim olunub.

 

Ruhiyyə Daşsalahlı



09.02.2018 | 19:13