Fransa Respublikası Avropa və xarici işlər naziri UFAZ-da olub
Mayın 27-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Fransa Respublikası Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin rəsmi açılış mərasimi keçirilib.
 
Tədbirdə Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Strasburq və Ren 1 universitetlərin  rektorları,  Kosmik Tədqiqatlar Milli Mərkəzinin prezidenti Jan-Iv Lö Gol, Airbus DS France-nın prezidenti Nikola Şamussi, “Azerkosmos”un prezidenti Rəşad Nəbiyev, tələbələr və KİV nümayəndələri iştirak ediblər.
 
 
Qonaqlar əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş arxiv sərgisinin  stendləri ilə tanış olublar.
 
Daha sonra nazirlər Fransanın “Thales”, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti,  Almaniyanın “Schneider Electric” şirkətləri ilə UFAZ arasında əməkdaşlıq memorandumunun imzalanması mərasiminə qatılıblar.
 
 
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qonaqları salamayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil edilən sərginin tarixi əhəmiyyətindən danışıb. 
 
Azərbaycan və Fransa prezidentlərinin birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələ olduğunu bildirən nazir qeyd edib ki, layihənin uğurla davam etdirilməsi təhsil sahəsində unikal bir əməkdaşlığın nəticəsidir. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin UFAZ layihəsinə göstərdiyi diqqət və qayğını bu uğurun əldə olunmasında önəmli faktor kimi dəyərləndirib və UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirib.
 
Fransa Respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drian 28 may - Respublika Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.
 
Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən danışan fransalı nazir UFAZ-ın yaradılmasından böyük məmnunluq hissi keçirdiyini bildirib.
 
 
Sonra UFAZ-da təhsil alan tələbələrlə görüş keçirilib.
 
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir.
 
UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-a ilk tələbə qəbulu 2016-2017-ci tədris ilində həyata keçirilib. Hazırda universitetdə 284 tələbə təhsil alır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU, neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr Ren 1 Universiteti və ADNSU) alacaqlar.


27.05.2018 | 15:26