İntellektual oyun üzrə regional məktəb çempionatı keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə məktəblilər arasında “Azərbaycan Xalq Cumhuriyyəti İli”nə həsr olunmuş intellektual oyun üzrə çempionat keçirilib.

 

Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə 11 regionda - Bakı, Gəncə, Sumqayıt, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay rayonlarında təşkil olunub. Bakı regionu üzrə təşkil olunan çempionatda 57 ümumtəhsil məktəbi, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarının komandaları – ümumilikdə 60 komanda mübarizə aparıb.

 

Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Bakı Avropa Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin, Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin, eləcə də Füzuli, Abşeron, Ucar, Zaqatala, Lənkəran, İmişli, Qazax, Bərdə rayonlarının komandaları layiq görülüb.

 

Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir.

 

Çempionatın təşkilində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllü proqramının üzvləri fəal iştirak ediblər.

 

Qaliblər Təhsil Nazirliyinin kubok və medalları ilə təltif olunub.

 



29.05.2018 | 14:59