"Əlifba bayramı"

Şəki şəhər 21 nömrəli tam orta məktəbdə "Əlifba bayramı"  keçirilib. Tədbirdə  təhsil şöbəsinin əməkdaşları, müəllimlər, 1- ci sinif şagirdləri və valideynlər iştirak ediblər.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədovun verdiyi məlumata görə, məktəbin direktoru Eldəniz Sadıqov təhsil sisteminin gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişməsinə xidmət etdiyini bildirib. O, birincilərə yaxşı oxumağı, vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib.

 

Birincilərin müəllimləri körpələrin ilk sevinci - "Əlifba bayramı" münasibətilə onları təbrik edib və şagirdlərinə biliklərin açarı olan əlifbadan başlayaraq bütün kitabları sevməyi və səylə biliklərə yiyələnməyi, vətəni sevən, savadlı vətəndaş olmağı arzulayıb.

 

"Əlifba bayramı" birincilərin ifasında ədəbi - bədii kompozisiya ilə  başa çatıb.

 

Şakir CƏFƏROV

                                                                                                                                     



31.05.2018 | 12:33