Gənc ifaçıların respublika müsabiqəsinə yekun vurulub

Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinin yekun konserti keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev   bildirib ki, müsabiqə respublikada simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların və gənclərin üzə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının artırılmasına xidmət edir.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin sədrlik etdiyi tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 120-yə yaxın gənc ifaçının çıxışını qiymətləndirib.

 

Münsiflər heyətinin qərarına əsasən, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif dərəcəli diplomlara, hədiyyələrə və fəxri fərmanlara layiq görülüblər. Müsabiqədə müəllimlərə, konsertmeysterlərə də fəxri fərmanlar təqdim olunub.

 

Sifai SƏFƏROVA



31.05.2018 | 18:04