“Mükafatlarım çoxaldıqca məsuliyyətim də artır ”

Çinarə Əzimova: “Qarşıda məni çox sınaqlar, imtahanlar gözləyir”

Sifai SƏFƏROVA

Çinarə Əzimova qeyri-adi istedad sahibidir. O, Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində təhsil alır. Bir çox beynəlxalq müsabiqə və festivallarda nailiyyətlər qazanan bu yeniyetmənin də adı 2015-ci ilin iyulunda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının ”Qızıl kitabı”na yazılıb və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Onunla təhsil aldığı məktəbdə görüşüb söhbətləşirik: - Bu gün saat ikidə skripkadan imtahanımdır, - deyir. - Üç imtahan vermişəm, hamısından da “5” qiymət almışam. Bu gün də “5” alacağıma əminəm. Çünki ciddi hazırlaşmışam. Azərbaycan bəstəkarı Musa Mirzəyevin “Adajio” və “Vals-skertso” əsərlərini, dünya bəstəkarı G.Venyavskinin konsertini və İ.S.Baxın əsərlərini ifa edəcəyəm. İmtahanı da xalq artisti Teymur Göyçayev götürəcək. Sinif yoldaşım Mehriban Xudiyeva deyir ki, sən narahat olma, həmişə “5” qiymət almısan və bu gün də “5” alacaqsan. Doğrusu, mən imtahanlarda sərbəst oluram. Həyəcan nə olduğunu bilmirəm.

“Musiqi mənim həyatımdır”

2002-ci ildə Bakıda musiqiçi ailəsində anadan olmuşam. Atam Mehman Əzimov vaxtilə zərb alətlərində çox gözəl ifa edib. Hazırda paytaxtdakı 28 nömrəli uşaq musiqi məktəbinin direktorudur. 2008-ci ildə Bakı şəhəri 9 nömrəli uşaq musiqi məktəbinin skripka ixtisası üzrə I sinfinə qəbul olunsam da, sonradan təhsilimi 28 nömrəli uşaq məktəbində davam etdirmişəm. 2011-ci ildə isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka üzrə IV sinfinə daxil oldum və vokal ixtisası üzrə dosent, fəlsəfə doktoru İradə Xəlilovanın sinfində təhsil aldım. İradə xanım mənim anam olsa da, dərs zamanı onu müəllim kimi qəbul edirəm. Ümumiyyətlə, bütün dərslərimi əla oxuyuram. Bacım Aydan Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Onun da 7 illik musiqi təhsili var. Bakıdakı 9 nömrəli uşaq musiqi məktəbini bitirib. Amma onun musiqiyə həvəsi mənim qədər deyil. Mən isə musiqisiz yaşaya bilmərəm. Musiqi mənim həyatımdır.

“7 yaşım olanda laureat adını qazandım”

7 yaşım olanda Leopold və Mstislav Rostropoviçlər adına “Gənc ifaçıların I Bakı müsabiqəsi”nə qatıldım və laureat adını qazandım. 2013-cü ildə Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən gənc vokalçıların VIII beynəlxalq müsabiqəsində iştirak edərək tamaşaçıların alqışlarına qərq oldum və Qran-pri mükafatına layiq görüldüm. Həmin ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan gənc ifaçıların II Respublika müsabiqəsində vokal ixtisası üzrə laureat adını qazandım.

“Qran-pri mükafatına layiq görüldüm”

Latviyanın paytaxtında gənc vokalçıların beynəlxalq Riqa Symphony festivalı keçirilirdi. Müsabiqədə 20-dən çox ölkədən solistlər və ansambllar iştirak edirdilər. Münsiflər heyətinin təşkilatçılıq işində və festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Britaniya, İtaliya, Rusiya və digər ölkələrin tanınmış pedaqoq və vokalçıları Riqaya dəvət olunmuşdular. Vokalçıların bu müsabiqəsində Azərbaycanı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yetirmələrindən Mərziyə Hüseynova, Elara Əliyeva, Sona İsgəndərli və mən təmsil edirdim. Bizim kollektivə anam - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının dosenti İradə Xəlilova rəhbərlik edirdi. Bu müsabiqədə mən Qran-pri mükafatına layiq görüldüm. Akademik vokal nominasiyasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdim. Həmkarlarım da mükafatlandırıldılar.

“İxtisasıma uyğun çoxlu kitablar oxuyuram”

Mükafatlarım çoxaldıqca məsuliyyətim də artır və daha da əzmlə çalışıram. İxtisasıma uyğun çoxlu kitablar oxuyuram. 2014-cü ildə Moskva şəhərində keçirilən 1 iyun ”Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan möhtəşəm tədbirə dəvət olunanda sevincim yerə-göyə sığmırdı. Hər çıxışı özüm üçün bir imtahan sanırdım və bu imtahandan üzüağ çıxmağa nail olurdum. Moskvanın Böyük Kreml Sarayında keçirilən "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında da Azərbaycanı layiqincə təmsil etdim. Mənimlə bərabər Belarus, Çin, Qırğızıstan və Rusiyadan olan istedadlı vokalçılar Kreml Sarayının Georgiyevsk zalında Prezident Orkestri ilə çıxış edirdilər. 25-30 avqust 2014-cü il tarixlərində isə Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V beynəlxalq müsabiqəsinə və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş kamera musiqisi beynəlxalq müsabiqəsi keçirilirdi. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçı bu müsabiqəyə qatılmışdı. Sevinirdim ki, mən də onların sırasındayam və ölkəmizi təmsil edirəm. Həmin müsabiqədə II yerə layiq görüldüm. Sentyabrın 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında keçirilən qaliblərin təltifolunma mərasimində və yekun konsertində çıxışım tamaşaçılarda xoş ovqat yaratdı. Həmin ilin noyabrında ”Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət birliyində Barokko musiqi axşamında dünya bəstəkarlarının əsərlərindən parçalar ifa etdim.

“Festivala istedadlı uşaqlar qatılmışdı”

2016-cı ilin fevralında isə Tailandın Banqkok şəhərində keçirilən beynəlxalq festivalda iştirak etdim. Bütün ölkələrdən bu festivala istedadlı uşaqlar qatılmışdı. Orada mən Azərbaycanın milli mahnılarını ifa etdim. Məni və başqa ölkələrdən olan uşaqları Banqkok televiziya kanalına dəvət etdilər. Hər kəsə mikrofon verdilər. Hansı ölkədən olduğumuzu söylədik. Orada Gürcüstandan, Belarusdan, Rusiyadan olan uşaqlar ilə ünsiyyətdə olurdum. Hər axşam bir-birimizə yaşadığımız şəhərin mədəniyyətindən, tarixi abidələrimizdən söz açırdıq. Hindistandan olan Aditi ilə dostluq edirdim. İngilis dilində danışırdıq. Azərbaycana gəlmək arzusu ilə yaşayır. Mən söz verdim ki, nə vaxtsa onu Azərbaycana dəvət edəcəyəm. Bakıdan apardığım Azərbaycan haqqında bukleti ona verdim. 5 gün Banqkokda qaldıq. Tunisdən Aya ilə də dostlaşmışdım. Olduğumuz şəhər çox gözəl idi...

“Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdim”

2017-ci ilin yanvarında tanınmış skripkaçı, xalq artisti, sevimli müəllimim, çoxşaxəli yaradıcılığından bəhrələndiyim Zəhra Quliyevanın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən yubiley konsertində Dövlət Simfonik Orkestri ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdim. Konsertdə vaxtilə Zəhra Quliyevanın şagirdi olan Mustafa Mehmandarov mənə dirijorluq edirdi. O, Avstriyadan, Cəmilə Qarayusifli İsveçrədən, Anar Seyidov Rusiyadan təşrif buyurmuşdular. Skripkada ifamı çox bəyəndilər və məni təbrik etdilər. Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Qara Qarayevin, Vasif Adıgözəlovun əsərlərini ifa etməkdən zövq alıram. U.Şekspirin, F.Dostoyevskinin, A.Puşkinin, L.Tolstoyun, Y.Lermontovun əsərlərini sevə-sevə oxuyuram.

“Aldığım təqaüdün çox hissəsini musiqi ilə bağlı ədəbiyyatlara xərcləyirəm”

Qazandığım bütün uğurlarda müəllimlərim xalq artisti, professor Zəhra Quliyevanın və anamın əməyi danılmazdır. Yeri gəlmişkən deyim ki, adımın “Qızıl kitab”a düşəcəyi, xüsusi təqaüdə layiq görüləcəyim haqda heç bir məlumatım yox idi. Bu xəbəri eşidəndə sevincimin hədd-hüdudu yox idi. Həmin gün evdə idim. Telefon zənginə anam cavab verdi. Zəng edən məktəbimizin direktor müavini Aytən Əhmədova idi. Mənə görə anamı təbrik edirdi. Sonra anam, atam və bacım məni təbrik etdilər. Şübhəsiz bu, çəkdiyim əziyyətin bəhrəsi idi. Aldığım təqaüdün çox hissəsini musiqi ilə bağlı ədəbiyyatlara xərcləyirəm. Çox pul xərcləməyi də sevmirəm. Hazırda imtahanlarla bərabər gələcək müsabiqə və festivallara da ciddi hazırlaşıram. Qarşıda hələ məni daha böyük sınaqlar gözləyir.
...Çox təəssüf ki, mən bu dilli-dilavər qızın ifasında bir musiqi nömrəsini dinləyə bilmədim. Ancaq o danışdıqca sanki ifa etdiyi melodiyaların qanadlarında pərvazlanırdım. Görkəmli sənətkarların insanı ram edən, ağrı-acısına məlhəm olan ifaları qulağımda əks-səda verirdi və öz-özümə düşünürdüm ki, nə vaxtsa mənim bugünkü qəhrəmanım, sözlü-söhbətli yeniyetmə musiqiçinin də əsərləri tarixin musiqi yaddaşında özünəməxsus yer tutacaq. Onda hamı kimi mən də sevinəcəyəm bu vətən qızının nailiyyətlərinə və ifa etdiyi mahnıları ən kədərli anlarımda belə xoş ovqat qatacaq ruhuma.



19.05.2017 | 14:28