Rusiya mətbuatı: Azərbaycanın 45 məktəbində informatika fənni üzrə pilot layihənin tətbiqinə başlanılıb

Rusiyanın "Alqoritmika" təhsil startapı Azərbaycanın Təhsil Nazirliyi ilə birgə pilot layihənin tətbiqinə başlayıb. "edutainme.ru" portalının məlumatına əsasən,  fevralın 1-dən  Bakının 45 məktəbində  informatika dərsləri başlayıb. Burada uşaqlara  fərdi multimedia layihələrinin  və  kompüter oyunlarının yaradılması öyrədiləcək.  Yeni proqram üzrə altı min insan təhsil alacaq.   "Alqoritmika" metodologiyasının əsas fərqi tədrisin məzmununa riyaziyyat, fizika, biologiya, kimya  və başqa fənlərdən qarışıq mövzuların daxil edilməsi və sərt qiymətləndirmə  sisteminin olmamasıdır.

Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.  Təlim onlayn sistemdə fərdi işlə   sinifdə müəllimin iştirakı ilə məşğələlərin əlaqəli tədrisini  nəzərdə tutur.  Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətini  inkişaf etdirə, kompüter savadlılığını artıra, proqramlaşdırmanın əsaslarının mənimsənilməsinə kömək edə bilər.

Yeni proqramla iş üçün "Alqoritmika"nın  metodistlər  komandası həmçinin Azərbaycanda 180 müəllimə təlim keçir.

Yaxın vaxtlarda şirkətin planlarında Avstraliyada, İsraildə və Polşada anoloji pilot layihələrini buraxmaq durur. Hazırda  "Alqoritmika"  dərsləri  Rusiyanın 40  şəhərində və xaricdə 10 min uşağa  tədris olunur.

 Oruc MUSTAFAYEV



13.02.2018 | 16:10