Gəncə Dövlət Universitetində mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) 2017-2018-ci tədris ilinin yaz sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda tələbələrin valideynləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə 500 nəfər tələbənin eyni vaxtda biliyinin yoxlandığı yazılı imtahan prosesini izləyiblər.

 

Rektorun müşaviri Asif Cavadov, tədris işləri üzrə prorektor Fəxrəddin Məmmədov, humanitar işlər üzrə prorektor Gülsüm Fətəliyeva və fakültə dekanları KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

 

Bildirilib ki, ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, şifahi formada, test üsulu və qabiliyyət üzrə olmaqla iyulun 5-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının da imtahanın keçirilməsində iştirakı təmin edilib.

 

Vurğulanıb ki, GDU-da 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Operativ Qərargah fəaliyyətə başlayıb.

 

Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi “facebook” ünvanı olan “Gəncə Dövlət Universiteti”, [email protected] ünvanlı elektron poçtu və “Qaynar xətt” elan edilib.

 

Həmçinin bu il ilk dəfə olaraq həm semester ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi fəaliyyə başlayıb.

 

Sonra Tələbə Ombudsman Mərkəzinin fəaliyyəti və ombudsmana müraciət forması barədə mediatur iştirakçılarına məlumat verilib.

 



06.06.2018 | 18:42