Yeni təqaüd proqramı elan edilib

Türkiyə Respublikasının Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu (TODAİE) 2018/2019-cu tədris ilində xarici ölkələrin dövlət qulluqçuları üçün magistratura və doktorantura təhsil səviyyələri üzrə  təqaüd proqramı elan edib.  Təqaüd proqramı politologiya və dövlət idarəçiliyi ixtisasları üzrə həyata keçirilir. Tədris ingilis dilində aparılacaq. Magistratura təhsil səviyyəsi üzrə aylıq təqaüd 850,  doktorantura təhsil səviyyəsi üzrə aylıq təqaüd 1200 türk lirəsidir.

 

Maraqlananlar iyulun 17-dək müraciət edə bilərlər. Ərizə forması və tələb olunan bütün digər sənədlər iyulun 17-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Daha ətraflı məlumatı www.todaie.edu.tr/genel/bizden_detay_eng.php?kod=1908&tipi=67 səhifəsindən əldə etmək olar.

 

Qeyd edək ki, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu 1952-ci ildə Türkiyə Cümhuriyyəti və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan texniki yardım anlaşması çərçivəsində qurulub.  TODAİE  təkcə  Türkiyənin deyil,  həm də onun yaxın coğrafiyasını təşkil edən Yaxın Şərq, Balkan və Qafqaz məkanının ən güclü və nüfuzlu dövlət idarəçiliyi institutu statusunu qazanıb. Hazırda bu nüfuzlu təhsil müəssisəsində Türkiyə ilə yanaşı, 32 ölkənin 60-a yaxın nümayəndəsi təhsilini davam etdirir. TODAİE yalnız nəzəri biliklərin verildiyi bir akademik qurum deyil, eyni zamanda idarəçilik  üzrə  təcrübə mübadilə mərkəzi kimi də fəaliyyətə malikdir. Təhsil, araşdırma və nəşr fəaliyyətləri ilə ölkədə və dünyada son dərəcə mötəbər mövqeyə malik olan institutun  magistratura proqramları  Avropa  Dövlət İdarəetmə Akkreditasiya Birliyi tərəfindən akkreditə olunub.

 

Oruc MUSTAFAYEV



11.06.2018 | 13:02