“Qurtuluşdan intibaha”

İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan intibaha” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ziyalılar, universitetin müəllimləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar, sonra tədbir Heydər Əliyev məktəbinin lektoriyasında davam etdirilib. Toplantı iştirakçıları öncə “Səs” Media Qrupunun hazırladığı “Qurtuluşdan İntibaha” adlı filmə tamaşa ediblər.

 

Tədbiri  açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov şərəfli, qürurverici dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni bir mərhələyə daxil oldu. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran aradan qaldırıldı, sabitlik təmin edildi və iqtisadi inkişafa, tərəqqiyə nail olundu.

 

Böyük dövlət xadimi Heydər Əliyevin ictimai, siyasi, iqtisadi və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Ulu öndərin müəyyən etdiyi müdrik siyasi kursu və strateji xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, ölkəmiz sürətlə inkişaf edir.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Dahi dövlət xadiminin yenidən hakimiyyətə qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı. Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrildi.

 

“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və dünyada nüfuzunun daha da artdığını bildirib. 



13.06.2018 | 10:19