Şagirdlər bacarıqlarını nümayiş etdirdilər

Mingəçevir şəhər N.Ahəngari adına 13  nömrəli tam orta məktəbdə mənim rəhbərliyim ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə həsr edilmiş tədbir  keçirildi. Belə tədbirlərin həyata keçirilməsi mənim üçün böyük fürsət deməkdir. Şagirdlər ilə bu sahədə görülən işlər nəinki vətənpərvərlik ruhunun aşılanması, onların istedadlarının aşkara çıxarılmasında da mühüm əhəmiyyət kəsb edir. Tədbiri hazırlayarkən hər yaş dövrünə məxsus şagirdin olmasına xüsusi diqqət yetirirdim.

 

Tariximizi hərtərəfli, həm acılarımızla, həm uğurlarımızla əks etdirmək üçün çalışdıq. Nəticə çox gözəl idi. Mən xoşbəxt idim. İstədiyimə nail olmuşdum. Çünki mənim qəhrəmanlarım Azərbaycanımızın qəhrəmanlarını layiqincə təmsil etmiş, öz istedadları ilə gələn qonaqları və tamaşaçıları heyrətə salmışdılar. Tədbirdə bütün tariximizi dəyərləndirdik. Müxtəlif səhnəciklərlə keçmişimizə yenidən ruh qazandırdıq.

 

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarından bəhs olunmuş, şeirlər, müxtəlif canlı musiqilər səsləndirilmiş, rəqslər nümayiş edilmişdir.Xüsusi qeyd etmək istədiyim məqam, şagirdlərin özlərinin hazırladığı idman nümayişi oldu. Bu səhnədə şagirdlərin canlı bədənlərindən qurulmuş üç mərtəbəli qalanın ən yüksək qatında bayrağımız dalğalanırdı. Üçrəngli bayrağımızı səmaya qaldırarkən onların üzündəki ifadələr qürurverici idi.

 

Şagirdlərimə belə bir fürsəti yaşatdığım üçün çox sevinirdim.

 

Sonda Məhəmməd Əmin Rəsulzadənin kəlamları onun öz səsindən tamaşaçılara təqdim edildi.

 

Mətanət ABBASOVA,

Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin tarix  müəllimi

 

 

 



24.06.2018 | 13:42