Lənkəran Dövlət Humanitar Kollecində Xocalı faciəsinin ildönümü qeyd edilib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Lənkəran Dövlət Humanitar Kollecində anım tədbiri keçirilib. Tədbiri açan kollecin direktoru, dosent Ruslan Həmidov Xocalı soyqırımının kədərli statistikasını diqqətə çatdırıb.

Direktor qeyd edib ki, soyqırımının 26-cı ildönümü ilə əlaqədar kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi açılıb, dəhlizdə fotostend düzəldilib, kitabxanada xüsusi guşə yaradılıb, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və fənn birləşmə komissiyalarının bülletenlərində Xocalı soyqırımına həsr edilmiş xüsusi nömrələr buraxılıb, 26 fevral tarixində ilk dərslər Xocalı soyqırımına həsr olunub və Lənkəran şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Sonra kollecin tarix müəllimi Günel Abdullayeva məruzə edib. O, bildirib ki, Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan əhalisinə qarşı deyil, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir.

“Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Sevda Mirzəcanova və kollecin “Fortepiano” ixtisasının IV kurs tələbəsi Əminə Mehdizadənin çıxışları dinlənilib. “Fiziki tərbiyə müəllimliyi” ixtisasının I kurs tələbəsi Kamalə Ağayeva “Laylay, Xocalım, laylay” şeirini ifa edib. Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.



27.02.2018 | 15:30