NDU-nun tibb fakültəsindən bu il 75 məzun olur

Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində “Məzun günü” keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb. Rektor tələbələri, onların üzərində böyük əməyi olan valideynləri və müəllimləri  təbrik edib, məzunlara gələcək fəaliyyətlərində universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb.

 

“Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edən tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov bildirib ki, 25 nəfərlik tələbənin qəbulunun aparılması ilə yaradılan fakültədə hazırda 424 nəfər təhsil alır. Onların  72-si  xarici ölkə vətəndaşıdır. Vurğulanıb ki, bu il “müalicə işi” ixtisası üzrə 23, “stomotologiya” ixtisası üzrə 24,  “tibbi profilaktika” ixtisası üzrə 11 və “əczaçılıq” ixtisası üzrə 17 məzun olmaqla ümumilikdə 75 tələbə səhiyyə müəssisələrinin sərəncamına göndərilir. Onlardan 11-i xarici ölkə vətəndaşıdır.

 

Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Niyazi Novruzov  həkim kadrlarının yetişməsində universitetinin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən yüksək dövlət qayğısından danışıb.

 

Azərbaycan Tibb Universiteti “I uşaq xəstəlikləri” kafedrasının müdiri, akademik  Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk qadın pediatr alimi sayılan, 350-dən çox elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifi olan akademik gələcək həkimlərə peşələrinin  sirlərinə yiyələnmək barədə tövsiyələrini çatdırıb.

 

Valideynlər adından Aytəkin Hacızadə, Ülviyyə Tarverdiyeva məzunları təbrik ediblər.

 

Sonra fakültənin məzunları həkim andının  qəbulu mərasimində iştirak ediblər.

 

Tədbir məzunların hazırladığı şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.

 



27.06.2018 | 11:48