ADPU ilə LDU arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetinin (LDU) rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüb. Tədbir ADPU ilə LDU arasında ötən il bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən keçirilib. Professor Natiq İbrahimov qonaqlara universitetin yaranma tarixi, əldə etdiyi nailiyyətlər, son illərdə təhsilin inkişafı istiqamətində qazandığı uğurlar, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Qonaqlar LDU-nun yeni istifadəyə verilmiş turizm təcrübə bazası, yardımçı təsərrüfatı, sitrus və çay plantasiyaları, tədris korpusları, laboratoriyaları, fənn kabinetləri ilə tanış olublar.

 

Sonra “dəyirmi masa” ətrafında hər iki universitetin professor-müəllim heyətinin iştirakı ilə ölkəmizdə, o cümlədən ADPU və LDU-da təhsilin inkişafı istiqamətləri, problemləri, prioritetləri müzakirə edilib. Müzakirələrdə regionda orta təhsil sisteminin inkişafı ilə bağlı birgə fəaliyyətin vacibliyi vurğulanıb, humanist pedaqogikaya dair birgə regional tədbirin keçirilməsi qərara alınıb.

 

Tədbirdə birgə elmi nəşrlərin buraxılışı, elmi layihələrin tədqiqi, doktorant-magistr hazırlığı, müxtəlif ixtisaslar üzrə “açıq dərs”lərin, mühazirələrin keçirilməsi, ictimai təşkilatlarının əməkdaşlığı, ADPU-nun Cəlilabad filialı ilə əməkdaşlıq, dərslik, elmi jurnalların mübadiləsi ətrafında geniş diskussiya aparılıb, təklif və rəylər dinlənilib. Hər iki ali təhsil ocağının professor və müəllimləri müxtəlif bölmələrdə humanitar və təbiət elmlərinin inkişafı, xarici dillərin tədrisi ilə bağlı elmi söhbət aparıblar.

 

Sonda belə görüşlərin növbəti tədris ilində də davamlı və geniş tərkibdə keçirilməsi qərara alınıb.

                                                                                                         

Şakir CƏFƏROV



04.07.2018 | 16:33