Başa çatan dərs ilinin son elmi şurası

Gəncə Dövlət Universitetinin (GDU) Elmi Şurasının 2017-2018-ci tədris ilində son iclası keçirilib.

 

GDU-nun rektoru, Elmi Şuranın sədri, professor Yusif Yusibov iclasın  gündəliyi barədə məlumat verərək, universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi, idman tədbirlərində fərqlənən müəllim və tələbələrin mükafatlandırılması, universitetin əməkdaşlarına professor, “fəxri professor” və dosent elmi adlarının verilməsinə dair vəsatətin qaldırılması ilə bağlı məsələlərin, eləcə də cari məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

 

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələri arasında  keçirilən şahmat üzrə respublika çempionatında  GDU-nun komandası 3-cü yerə, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tələbə spartakiadasında  universitetin dama, şahmat, basketbol, voleybol, mini futbol, atletika komandaları 1-ci yerə, stolüstü tenis komandası 2-ci yerə, “Gənclik” Tələbə İdman Cəmiyyətinin ATM-lər arasında təşkil olunmuş yarışlarda universitetin komandaları 1-ci, 2-ci və 3-cü yerlərə, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş turnirdə futzal, stolüstü tenis komandaları 1-ci yerə,  sahmat komandası isə 2-ci yerə layiq görülərək fəxri fərman, diplom və digər mükafatlarla təltif olunublar.

 

Elmi Şurada humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın “2017-2018-ci tədris ilində humanitar məsələlər üzrə görülən işlər”, təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin “Tədris ilinin ikinci yarısında keçirilmiş pedaqoji və istehsalat təcrübələrinin yekunları” haqqında hesabatları dinlənilib.

 

Elmi Şurada Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Təranə Verdiyevaya texnika üzrə fəlsəfə doktoru, Natiqə İsmayılzadəyə biologiya üzrə fəlsəfə doktoru, Aydın Nəğdəliyevə “Azərbaycan dili”  kafedrasının fəxri professoru elmi adı verilməsinə dair vəsiqələr təqdim olunub.

 

Elmi Şura son iclasını cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

 



08.07.2018 | 11:29