ADPU-nun əməkdaşları dördgünlük təlimdə iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universiteti  Avropa ali məktəblərinin qabaqcıl təcrübələrini tətbiq etmək məqsədilə bir sıra beynəlxalq layihələrdə fəal  iştirak edir. Belə uğurlu əməkdaşlıq nümunələrindən biri də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsidir.

 

25-28 iyun tarixlərində Bakı Biznes Universitetinin koordinatorluğu ilə sözügedən layihə çərçivəsində “Ali məktəblərdə keyfiyyətin təminatı sisteminin yaradılması və inkişaf edtirilməsi” mövzusunda ilk təlimlər keçirilib. Təlim və seminarlarda ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, universitet üzrə layihə meneceri, fizika üzrə fəlsəfə doktoru Lətif Kəngərlinski, keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, mütəxəssislər Xəyyam Cəfərzadə və İradə Əhmədova iştirak ediblər.

 

Bu ilin aprel ayında geniş təqdimatı keçirilmiş layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş iştirak edir. Bu əməkdaşlığın bir hissəsi olaraq, ali məktəblərdə Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) tətbiqi üzrə ilk geniş təlim Litva EKT Akkreditasiya təşkilatının iki eksperti tərəfindən aparılıb.

 

Məlumdur ki, insan kapitalının və müasir kompetensiyaların inkişafında təhsilin rolunu əsas tutaraq milli təhsil sisteminin müasirləşdirilməsi məqsədilə keçirilən islahatlar müvafiq dövlət qurumları tərəfindən dəstəklənir. Bu isə digər prioritetlərlə yanaşı, diqqəti keyfiyyətli təhsil nəticələrinin əldə olunması üçün tədris və təlim prosesinin əsaslı şəkildə təkmilləşdirilməsinə yönəldir.

 

Qeyd olunan prioritetlərə istinad edərək, ADPU digər ali məktəblərlə yanaşı keyfiyyətə əsaslanan idarəçiliyi inkişaf etdirmək məqsədilə KİS-in tədris-təlim prosesinə inteqrasiya etdirilməsi, keyfiyyətin təminatı mexanizmlərinin, o cümlədən akkreditasiya, qiymətləndirmə, daxili-xarici audit və s. tətbiqi sahəsində böyük səylər göstərir. Bununla yanaşı, təhsil prosesində təlim nəticələrinin yaxşılaşdırılması üçün müasir informasiya texnologiyalarıının imkanlarından istifadə etməklə yerinə yetirilən işin keyfiyyətinin, səmərəliliyinin və məhsuldarlığının təkmilləşdirilməsi sahəsində işlər aparılır.

 

EQAC layihəsi çərçivəsində keçirilmiş təlim layihənin Azərbaycandan olan tərəfdaş ali məktəblərində ümumi KİS modelinin yaradılması və onun bütün elementlərinin inkişaf etdirilməsinə yardım etmək məqsədini daşıyır. Dördgünlük interaktiv müzakirələr KİS-in prinsipləri və metodologiyaları, ölçmə-qiymətləndirmə alətləri, habelə tədris-təlim və monitorinq proseslərinə həsr olunub.

 

Təlimdə ali təhsil müəssisələrinin məqsəd və hədəfləri, öyrənmə, tədris və qiymətləndirmə sistemləri, insan resursları, tələbələrlə iş, məmnuniyyətin artırılması və bu sahələrdə Keyfiyyətin Təminatı Mərkəzlərinin rolu, müştəri- yönümlülük, bütün maraqlı tərəflərin prosesə cəlb olunması, eyni zamanda Avropa ali təhsil məkanında keyfiyyətın təminatı ilə bağlı standartlar və qaydalar və s. kimi mövzular müzakirə edilib.

 

Təlimlə yanaşı, görüşdə yaxın aylarda layihə üzrə həyata keçiriləcək fəaliyyət, xarici səfərlər, ali məktəblərin görəcəkləri işlərlə bağlı layihə menecerləri ilə iclas keçirilib. Təlimdə iştirak edən universitet əməkdaşlarına müvafiq sertifikatların verilməsi nəzərdə tutulub.

                                                                                                

Şakir CƏFƏROV,                               

filologiya üzrə fəlsəfə doktoru

 



09.07.2018 | 16:29