“Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri”

Lənkəran Dövlət Universiteti (LDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə təşkilatçılığı ilə “Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.  Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycanın Dövlət himni səsləndirilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov beynəlxalq konfransın gündəliyində duran məsələlər, müzakirə ediləcək mövzular barədə məlumat verib.

 

Beynəlxalq tədbirin LDU-da keçirilməsini mühüm elmi hadisə adlandıran N.İbrahimov burada aparılacaq fikir mübadiləsinin bütün iştirakçılar üçün səmərəli olacağını, elmin son nailiyyətlərindən birgə istifadəyə imkan yaradacağını bildirib.

 

Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, xaricdəki ali təhsil ocaqlarının da nümayəndələrinin beynəlxalq tədbirə qatılmalarını yüksək dəyərləndirən N.İbrahimov deyib ki, konfransda Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Almaniya, Gürcüstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak edirlər.

 

Elmi konfransın proqram rəhbəri, professor Aleksandr Nakoneçnı, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Azərbaycan Universitetinin professoru Yusif Qasımov konfransın əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

 

Ölkəmizdə və dünya elmində riyazi sahədə qazanılan biliklərin istehsalata tətbiqinin vacibliyi xüsusi vurğulanıb.

 

Açılış mərasimindən sonra konfrans işini plenar iclaslarla davam etdirib.

 



14.07.2018 | 12:01