“Planetimiz üçün ağac əkək!” yeni kampaniyaya qoşulub

Bakı Atatürk Liseyinin on birinci sinif şagirdi Fidan Dərgahlı Almaniyanın nüfuzlu “Planetimiz üçün ağac əkək!” təşkilatının 2018-2019-cu illər üzrə idarə heyətinə üzv seçilib. Bu barədə təşkilatın təsisçisi Feliks Finkbeyner bir neçə gün əvvəl idarə heyətinə keçirilən seçkilərdən sonra məlumat verib. F.Dərgahlı ilə birgə qlobal seçkilərdə 15 gənc idarə heyətinə üzv seçilib. 67 min nəfərdən artıq ətraf mühit mühafizəçisini birləşdirən “Planetimiz üçün ağac əkək!” hərəkatı uşaqlar və gənclər arasında ekoloji biliklərinin artırılması istiqamətində təbliğat aparır. Hərəkatın əsas məqsədi 2050-ci ilədək atom elektrik stansiyalarından istifadə etmədən enerjinin 100 faiz bərpa olunan mənbələrdən alınmasına nail olmaqdır.

 

Monako Knyazı II Albert və BMT-nin Ətraf mühit təşkilatının keçmiş icraçı direktoru Klaus Töpferin himayədarlığı ilə fəaliyyət göstərən “Planetimiz üçün ağac əkək!” hərəkatı hazırda dünyanı yaşıllaşdırmaq məqsədilə “Trilyon ağac” kampaniyasına qoşulub.

                                                

Sifai SƏFƏROVA

 



19.07.2018 | 10:11