İbtidai siniflərdə ingilis dilinin tədrisinə dair

Müəllim bu gün tədris materiallarının müasir tələblər səviyyəsində mənimsədilməsi uçün yeni pedaqoji texnologiyalardan və metodlardan səmərəli istifadə etməlidir. Hazırda ingilis dilini tədris etmək üçün müəllimin arsenalında istənilən qədər vəsait vardır.

 

Son zamanlar xarici dilin tədrisi metodikasında da çox böyük yeniliklər olmuş və şagirdlərin xarici dilə davamlı marağı təlim prosesinə də təsir etmişdir. Bu gün ingilis dilinin tədrisində fənn kurikulumlarına istinad edərək məzmun standartlarının, strategiyaların tətbiqi, yeni metodlardan istifadə onun mənimsənilməsində uğurlu vasitələrdir. İngilis dilinin tədrisi prosesində öyrənilən dilin dərk edilməsi baxımından kommunikativ oyunlarda geniş istifadə edilir. Bu baxımdan kommunikativ oyunların başlıca məqsədi qarşıya qoyulmuş tapşırığın və ya problemin həlli prosesində şifahi nitqin inkişafına nail olmaqdır.

 

Müasir təlim metodikalarının tədris prosesində geniş şəkildə tətbiqi fənnin şagirdlər tərəfindən qavranılmasına, dərk edilməsinə imkan yaradır. Bu baxımdan xarici dillərin tədrisi prosesində ziqzaq metodu əhəmiyyətlidir. Şagirdlərin əldə etdikləri məlumatı həm fərdi, həm də qrup halında müzakirə edərək xarici dildə ifadə etmələri şifahi nitqin, düşünmənin, dərketmənin və eyni zamanda yaddasaxlamanın inkişafına təkan verir.

 

Müəllimlik fəaliyyətimdə bir neçə dəfə “açıq dərs”lər təşkil etmiş və  yeni təlim metodlarından istifadə edərək dərsin maksimum maraqlı keçməsinə nail olmuşam. Dərslərimdə əsasən qruplarla, cütlərlə iş və müxtəlif oyun üsullarından istifadə edirəm. Oyunlar şagirdlərin çətin öyrənmə prosesinə əyləncəli forma verir. Bu da şagirdlərin yaradıcılığının inkişafına müsbət təsir göstərir. Şagirdlər qarşılıqlı münasibətdə daha fəal olurlar. Təşkil etdiyim “açıq dərs”lərdən nümunə olaraq 3-cü sinifdə keçdiyim “Ölkələr” mövzusunda dərsimi qeyd etmək istəyirəm. Öncə onu deyim ki, dərslərimdə motivasiyaları qurarkən onun asan, şagirdlər tərəfindən anlaşılan və təbii ki, maraqlı və əyləncəli olduğu kimi, həm də düşündürücü olmasına diqqət yetirirəm. Bu mövzuda da motivasiyanı krossvord şəklində təşkil etdim. Şagirdlər krossvordu həll edərkən həm əyləndilər,  həm də mövzunun adını özləri aşkar etdilər.

 

Mövzu maraqlı və geniş mövzudur. Şagirdlər müxtəlif ölkələr haqqında müəyyən biliklərə yiyələnir, onların adlarını bilir, bayraqlarını təsvir etməyi bacarırdılar. Mövzunu bir sıra fənlərlə - təsviri incəsənət, texnologiya, ana dili və həyat bilgisi ilə də inteqrasiya etmişdim. Qruplarla iş, kollektiv iş formalarından və klaster, beyin həmləsi, venn diaqramı kimi üsullardan istifadə etmişdim. Resurs kimi isə müxtəlif ölkələrin bayraqları, dünya xəritəsi, iş vərəqləri hazırlanmışdı. Tədqiqatın aparılması zamanı şagirdlər öz ölkələri haqda bildiklərini ifadə edərkən onlara köməklik göstərdim. Şagirdlər qruplara bölünərək təqdim etdiyim iş vərəqlərini işlədilər.Venn diaqramından istifadə edərək ölkələrin bayraqları arasında oxşar və fərqli cəhətləri yazıb təqdim etdilər.

 

İnformasiya mübadiləsində şagirdlər xəritədə ölkələri göstərib adını və paytaxtlarını deyir, göstərilən bayraqların hansı ölkəyə aid olduğunu müəyyənləşdirirdilər. Yaradıcı tətbiqetmə mərhələsində qruplar dialoq qurub rollu oyunlarla təqdimat etdilər.  Nəticədə şagirdlər bəzi ölkələrin bayraqlarını təsvir edib onların adlarını və dərsliklərindəki mətni düzgün oxudular. 

 

Yeri gəlmişkən qeyd edim ki,  Azərbaycan məktəblərində ingilis dilinin aşağı siniflərdə tədris olunması təqdirəlayiqdir. Bu, gələcəkdə şagirdlərin ingilis dilində sərbəst danışmaları uçün yaxşı imkandır. Əgər bir şagird orta məktəbdə ingilis dilində normal səviyyədə danışmağı bacarırsa, bu onun üçün qarşıda böyük uğurların olması deməkdir. Bu səbəbdən də kiçikyaşlıların ingilis dilini oyrənməyə böyük ehtiyacları vardır. Kənardan baxarkən uşaqlara dərsi tədris etmək asan görünür. Amma əksinə, böyüklərə ingilis dilini tədris etmək kiçikyaşlılara tədris etməkdən daha asandır. Bunun bir neçə səbəbi vardır.  Birinci sinifdə yalnız dinləmə və qavrama yolu ilə mənimsənilmə baş verir. İbtidai siniflərdə əsas məsələ şagirdin xarici dili öyrənməyə marağının və həvəsinin oyadılmasıdır. Ümumiyyətlə, kiçikyaşlı uşaqların öyrənmə tərzi bir qədər çətindir.  Ona görə də bu siniflərdə tədris aparan müəllimin üzərinə böyük məsuliyyət düşür. İlk öncə müəllim uşaq psixologiyasını yaxşı bilməli və uşaqlarla davranışına xüsusi diqqət yetirməlidir. Bu siniflərdə dərs deyən müəllim dərsliklərdə uşaqlar üçün çətin anlaşılan çalışmaları izah etməyə çalışmalıdır. Bu, şagirdlərin dərsi yaxşı mənimsəməsində mühüm rol oynayır.

 

Günay QƏHRƏMANOVA,

Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 

 

 

 

 



20.07.2018 | 17:31