Məktəb mühitinə psixoloji dəstək

Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Günün yarısını məktəbdə keçirən şagirdə sinif yoldaşlarının, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqların mümkün təsirini görməzdən gəlmək mümkün deyil. Axı, müsbət və ya mənfi olmağından asılı olmayaraq, mühit uşağın davamiyyətinə, təhsilinə və hətta bütövlükdə həyatına təsir göstərir.

 

Bütün bunları nəzərə alaraq, “Məktəblinin Dostu” layihəsi öz fəaliyyətində şagirdlərin psixologiyasına xüsusi önəm verir. Onları nəinki mütəmadi müşahidə altında tutmaqla psixologiyalarındakı dəyişikliyi vaxtında təyin etməyə çalışır, müəllim və valideynlərin şagirdlərin dəyişən davranışında rolunu aşkara çıxararaq həmin amillə mübarizə aparır, eyni zamanda, şagirdlərlə birbaşa təmasda olan kadrları seçərkən psixoloji məqamlara xüsusi diqqət yetirirlər. Bunun nəticəsidir ki, məktəblinin dostları seçilərkən nəinki pedaqoji ixtisaslı kadrlara, həm də psixoloqlara üstünlük verilir. Düzdür, onların hamısı psixoloq deyil, ancaq psixoloji testlərdən uğurla keçənlər arasından seçilənlərdir. Seçənlər isə 32 məktəbdə fəaliyyət göstərən “Məktəblinin Dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqlarıdır. Burada onlar 3 nəfərdir. Məktəblinin dostlarının bir çağırışı ilə məktəblərə gedən, şagirdlərin qarşılaşdığı ən xırda problemə belə biganə yanaşmayan, ən kiçik məsələni dərindən araşdırıb hərtərəfli dəyərləndirən psixoloqlar - Aydan Əzimzadə, Nilufər İsmayılova və Mehriban Verdiyeva.

 

Psixoloji Mərkəz elə böyüklər üçün də cəlbedicidir

 

Psixoloji Mərkəz Bakı şəhəri 150 nömrəli tam orta məktəbdə yerləşir. Bu 3 psixoloq bir otağa sığışsa da, fəaliyyət göstərmələri üçün əlavə iki otaq da ayrılıb.

 

Otaqlardan biri nisbətən böyükdür. Psixoloqlar buradan təlimlər, seminarlar keçirərkən, iştirakçı sayının çoxluğu ilə fərqlənən müzakirələrin təşkili zamanı istifadə edirlər.

 

Olduğumuz otaq isə ayrı-ayrı köşələrə bölünüb. Divarlarını maraqlı təsvirlərin bəzədiyi, müxtəlif rəngarəng oyuncaqlar, rəsmlərlə zəngin bu otaq nəinki uşaqlar, elə böyüklər üçün də cəlbedicidir.

 

Ortada stullar dairəvi formada düzülüb. Bir kənarda qarşılıqlı söhbət üçün düzənlənən yumşaq mebellər qoyulub. Başqa bir köşəyə masa yerləşdirilib.

 

Üstündə də psixoloqa lazım olanlar... Hər şey psixoloqun düzgün diaqnoz qoyması və aşkarladığı problemlə mübarizədə uğurlu nəticə əldə etməsinə hesablanıb.

 

Qeyd edək ki, Psixoloji Mərkəz “Məktəblinin Dostu” layihəsinin ilk günündən fəaliyyətə başlayib. Məqsəd də budur ki, müxtəlif yaş qrupunda olan şagirdlərə, onların valideynlərinə, həmçinin müəllimlərə ehtiyac olduğu təqdirdə psixoloji dəstək verilsin. Bu dəstək həm məktəbdə, həm də Psixoloji Mərkəzdə göstərilə bilər.

 

Psixoloji xidmət daha çox diaqnostik, korreksiyaedici və konsultativ xarakter daşıyır, bəzən isə maarifləndirici olur.

 

Psixoloqlar məktəblinin dostu, müəllimlər və ya valideynlərin müraciəti əsasında məktəbə gedir. İstənilən müraciət valideynin razılığı alındıqdan sonra dəyərləndirilir. İlkin diaqnostika üçün məktəbə gedən psixoloqlar lazım gələrsə, şagirdi öz valideyni ilə birlikdə Mərkəzə dəvət edir.

 

 

Psixoloq Aydan Əzimzadə deyir: “Məktəblərdə konsultasiya üçün şərait yaradılır. Düzdür, bu şərait ideal olmasa belə, ilkin diaqnoz üçün kifayət edir. Ancaq Psixoloji Mərkəzdə şərait daha yaxşı olduğundan razılaşdıqları təqdirdə valideynləri uşaqları ilə birlikdə buraya dəvət edirik.  Elə uşaqlar da bura gəlməyə daha çox həvəs göstərirlər. Xüsusən, bir dəfə gəlib gördükdən sonra daha da həvəslənirlər. Məktəb mühitindən ayrılmaq da onlara yaxşı təsir göstərir. Bizim üçün də burada daha yaxşıdır. Əlimizin altında hər bir material var. Diaqnostik vəsaitlər - artterapiya, qum terapiyası üçün lazım olan ləvazimatları götürüb məktəbə getmək çətinlik yaradır”.

 

 

Məktəblinin dostu üçün testlər

 

Nilufər İsmayılova aralarına sonradan qatılıb. “Məktəblinin Dostu” layihəsi Bakı məktəblərində fəaliyyətini genişləndirdikcə, onlara da, məktəblinin dostlarına da tələbat artıb. Artan tələbatın təmin edilməsi üçün də əsas yük psixoloqların üzərinə düşür. Axı, şagirdlərin psixoloji durumu, münasibətləri ilə yanaşı, onlarla işləyəcək məktəblinin dostunun kim olacağı məhz psixoloqların hazırladığı testlərlə müəyyənləşdirilir.

 

Hər 500 şagirdə 1 məktəblinin dostu düşdüyünü, məktəblinin dostunu tələb edən məktəblərin və valideynlərin sayının artdığını nəzərə alsaq, layihənin genişlənəcəyi şübhə doğurmur. Həmin gəncləri seçmək də məhz Psixoloji Mərkəzin psixoloqlarının işidir. Elə ilk 112 nəfəri də məhz onlar seçib. Necə?

 

 

“Məktəblinin Dostu” layihəsinin psixoloqları layihənin icrasından əvvəl başlayıb işə. Seçim mərhələsində istifadə olunan testləri məhz onlar hazırlayıblar. Aydan Əzimzadə deyir ki, məktəblinin dostu olacaq namizədə təqdim edilən test suallarından 10-u sırf psixolojidir. Həmin suallarla namizədin şəxsi xüsusiyyətlərini müəyyənləşdirib, konkret situasiyada necə davranacaqlarını təyin etməyə çalışıblar.

 

Beləliklə, əvvəlcə həmin testlərin cavabları təhlil olunub. Növbəti mərhələdə məktəblinin dostları müsahibəyə dəvət ediliblər. Onlara fərqli situasiyalardan çıxış yolları tapmaq tapşırılıb. Aydan Əzimzadənin sözlərinə görə, bu mərhələdə də bəzi psixoloji meyarlar var. Üçüncü mərhələdə seminar və təlimlər təşkil olunub. Ünsiyyət psixologiyası, konfliktologiya, uşaq psixologiyası, autizmli, özünəqapanan, yaxud intihara meyilli uşaqlarla iş üzrə təlimlər təşkil edilib. Təlimlərin də nəticəsi testlə müəyyənləşdirilib və uğurla keçən namizədlər işə başlayıblar. Qeyd edək ki, məktəblinin dostları artıq 124 nəfərdir.

 

Məktəblilərin psixoloji problemləri: yaş amili

 

Məktəbdə çox problem var. Bu da təbiidir. Müxtəlif ailələrdən gələn, ayrı-ayrı tərbiyə üsulları ilə yetişdirilən yüzlərlə uşağın təhsil və tərbiyə aldığı mühitdən söhbət gedir. Burada problem də olacaq, çıxılmaz durum da.

 

Məktəblilərin problemləri yaş qruplarından asılı olaraq dəyişir. İbtidai sinifdə, orta siniflərdə və yeniyetmələrdə ortaya çıxan problemlər bir-birindən kəskin fərqlənir. Odur ki, psixoloqlar problemə diaqnoz qoyarkən ilk növbədə uşaqların yaşını nəzərə alırlar.

 

Məktəblinin dostlarının psixoloqları yaşa görə problemləri xarakterizə edərək deyirlər ki, ibtidai siniflərdə ilk növbədə məktəbə adaptasiya problemləri ola bilər. Qorxular, hiperaktivlik, aqressiya, inkişafdan geri qalmaq da ibtidai sinif şagirdlərində müşahidə olunur.

 

Psixoloq Aydan Əzimzadənin sözlərinə görə, psixoloqların işinə ibtidai siniflərdə daha çox ehtiyac yaranır: “Yeni tədris ili başlananda ən böyük problemimiz məktəblilərin valideyni olmadan sinfə girməməsi, sinifdə oturmaq istəməməsidir. Bir neçə həftə məktəbə adaptasiya oluna bilməyəndə onlara əlavə konsultasiyalar təyin edirik”. 

 

Artıq IV sinif şagirdi olan Banu Şahbazova bu mərhələni arxada qoyub. Hazırda məktəbdə bir problemi yoxdur. Nə müəllimindən şikayətçidir, nə də şagird dostlarından.

 

Ancaq bu o demək deyil ki, onun bundan sonra da problemi heç olmayacaq. Sinif adladıqca gözünə pis görünənlər mütləq çıxacaq. Elə özünün də kaprizləri meydana gələcək. Psixoloqların fikrincə, orta siniflərdə uşaqlar nə böyük, nə də balacadırlar. Bu mərhələdə onlarda özünüqiymətləndirmə formalaşır. Nəticədə yaşıdları ilə münaqişələr tez-tez təkrarlanır. Özünəqapanma da bu yaş qrupunda ən çox rast gəlinən haldır. Məsələn, VII sinif şagirdi Əli Quliyev artıq psixoloqlardan dəstək alıb: “Fikrim dərslərdən yayınırdı. Oxumaq istəmirdim. Hər fürsətdə qaçıb dostlarımla oyunlar oynayırdım. Məktəblinin dostları və psixoloqların köməyi ilə artıq diqqətimi toplaya, dərslərimə hazırlaşa bilirəm. İndi qiymətlərim də yaxşılaşıb”.

 

Əlixandan soruşsanız, deyəcək ki, o, məktəbdə ən ağır məhrumiyyətlərə qatlanıb. Onu bu cür düşünməyə vadar edən nədir, sizcə? Sinif adladıqca uşaqların artan kaprizləri, bir-birinin davranışını, görünüşünü, hətta hər kəlməsini ələ salan münasibəti. Sinif yoldaşlarının təzyiqi artdıqca, artıq IX sinif şagirdi olan Əlixan Bədirlinin girdiyi münaqişələrin sayı da artıb. Sinif yoldaşları ilə, özü demiş, o qədər sıxıntı yaşayıb ki, psixoloqla söhbət etməyə daxili tələbat hiss edib. Bu barədə valideynlərinə də xəbərdarlıq edərək, onu psixoloqa aparmalarını xahiş edib: “Mənim sinifdə çox problemim olub. Yoldaşlarım məni ələ salırlar. Mənə sataşanlara cavab verirəm, söhbət böyüyür. Bunda özüm günahkarammı, bilmirəm. Bu sualın cavabını axtarmışam. Ancaq tapa bilməmişəm. Suallarıma cavab tapmaq üçün psixoloqla söhbət etməyə həmişə ehtiyac duymuşam. Ancaq bunu edə bilməmişəm”.

 

İndiyədək heç vaxt dostu olmayan Əlixan yoldaşlarından çəkdiyi sıxıntılara baxmayaraq, gələcəyi ilə bağlı xəyallar qurur: “Uşaqlıqdan bədii sənətə çox marağım olub. Böyüyəndə aşbaz olmaq istəyirəm”.

 

Artıq yeniyetməlik çağına qədəm qoyan Əlixan Bədirli kimi yüzlərlə məktəblinin problemləri yuxarı siniflərə gəldikcə artacaq, xaraktercə kəskinləşəcək. Axı, yeniyetməlik dövrüdür. Bu dövrdə  olan uşaqların problemləri müxtəlifliyi, hətta nisbətən kəskinliyi ilə fərqlənir. Zərərli vərdişlərə meyillilik, davranış pozuntuları, valideyn-uşaq münasibətlərinin pozulması məhz bu yaş mərhələsinin ortaya çıxardıqlarıdır. Aydan Əzimzadə deyir ki, dərs prosesini pozan, aqressiv, təşvişli, inkişafında geriləmə müşahidə olunan uşaqlar, o cümlədən sinif yoldaşlarıyla problem yaşayan,  yaxud imtahanqabağı stress yaşayan yeniyetmələrin də sayı kifayət qədər çoxdur.  

 

 

 

Psixoloq Mehriban Verdiyevanın fikrincə, yeniyetməlik dövrü mənliyin formalaşdığı dövrdür: “Bunu nəzərə alaraq onlara maarifləndirici təlimlər keçirik. Həmin təlimlərdə məktəblilər öz problemlərini müəyyən edə və fərdi qaydada onun üzərində işləyə bilirlər. Bu, qrup şəklində də mümkündür, hətta valideynlərlə birgə də edirik. Ümumiyyətlə, valideynlərlə keçirilən seminarların əsas mövzusu uşaq psixologiyası, uşaqlarla doğru ünsiyyətin necə qurulması, aqressiv, yaxud qapalı uşaqla necə davranılması, necə mükafatlandırılması, yaxud necə cəzalandırılması ilə bağlı olur”.

 

 

M.Verdiyeva ötən dərs ilində qarşılaşdığı faktlardan biri ilə ailə vəziyyətinin VII sinif şagirdində yaratdığı reaksiyaya diqqət çəkir: “Şagirdimizdə anası ilə atasının ayrılması nəticəsində müşahidə edilən psixoloji dəyişiklikdən artıq bütün məktəb kollektivi xəbər tutmuşdu. Belə ki, əvvəl daha yaxşı oxuyan şagirdin qiymətləri birdən-birə aşağı düşməyə başladı, diqqətini toplaya bilmirdi. Tez-tez isterik vəziyyətlərə düşürdü. Məlum oldu ki, boşanan valideynlərdən biri onu görməyə məktəbə gəlir və bu görüş şagirddə gərginlik yaradır. Valideynini görmək istəmir, o isə israrla məktəbə gəlirdi. Bu da məktəblidə sərt reaksiyalara səbəb olurdu. Ana-bala ağlayırdılar. Növbəti gün şagird məktəbə gəlmək istəmirdi. Məktəblinin dostlarının bu barədə xəbərdarlığından sonra biz valideynlərin də icazəsi ilə şagirdlə işləməyə başladıq. Əsas məqsəd o idi ki, məktəblini ailəsinin mövcud durumuna alışdıraq. Alışdırdıq da. Ona anasını, yaxud atasını görəndə normal reaksiya verməyi öyrətdik”.

 

Ən böyük çətinliyimiz...

 

Bu minvalla məktəblinin dostunun məktəbə getdiyi gündən bu yana psixoloqlara 693 fərdi müraciət daxil olub. Həmin müraciətlər əsasında psixoloji dəstək, diaqnostika və korreksiya işləri aparılıb. Ailə terapiyası, valideynlərlə seminarlar və təlimlər keçirilib. Ancaq bu qədər məktəbliyə və onların valideynlərinə dəstək vermək elə də asan olmayıb. Psixoloqların qarşısına xeyli çətinlik çıxır. Bu çətinliklərdən danışan psixoloq Nilufər İsmayılova deyir ki, valideynlərin əlçatmaz olmağı ən böyük problemləridir: “Şagirdlərdə özünəxəsarət problemi ilə qarşılaşırıq. Ancaq bu qədər ciddi problemlə üz-üzə olan şagirdin valideynini məktəbə gətirmək ən böyük problemimizə çevrilir. Elə valideynlər var ki, tez reaksiya verir, problemi həll etmək üçün bizimlə birgə hərəkət edirlər. Bu halda uşaqların problemini çözməyimiz də daha az zaman alır”.

 

Psixoloqa münasibət də onları narahat edən, problem yaradan amillərdəndir: “Təəssüf ki, “Mənim uşağım dəlidir ki, onu psixoloqa yönləndirirsiniz”, - deyənlər az deyil. Burada əsas işimiz valideynə psixoloqun kim olduğunu, hansı işlərlə məşğul olduğunu göstərməkdir. Valideynlər bilməlidir ki, psixoloq sağlam insanlarla işləyir, dərman yazmır. Çalışırıq söhbətlərimizlə psixoloqa güvənmələrini təmin edək. Buna nail oluruq da. Sonradan qəbul edirlər ki, psixoloq varsa, niyə də onun xidmətindən istifadə etməsinlər”.

 

 

Valideyn Ülviyyə Şahbazova da valideynlər arasında bu münasibətdən danışıb: “Mən həm müəlliməm, həm də valideyn. Bir müəllim kimi hesab edirəm ki, indi şagirdlərdə aqressiya çox güclüdür. Bəzən bu, elə formada və elə şagirddə özünü göstərir ki, təəccüblənməyə bilmirik. Valideyn kimi isə hesab edirəm ki, bizim özümüzün psixoloqla məsləhətləşməyimiz vacibdir. Ümumiyyətlə, ölkəmizdə psixoloqlara normal münasibət formalaşmayıb. Psixoloqlar məktəbimizə gələndə qabağa düşdüm ki, ilk mənim oğlumla danışsınlar. Bu, xarici ölkələrin təcrübəsində də geniş yayılıb. Mentalitetlə bağlı uşaqlar bəzən sözünü valideynlərinə deyə bilmir. Müəyyən hisslər var ki, yaşasaq da, özümüzü gizlətmək məcburiyyətində hiss edirik. Odur ki, bu məqamda psixoloqların məsələyə qarışması ən doğrusudur. Bu o deməkdir ki, uşaqlarımız daxilindəki təlatümlə baş-başa qalıb çıxılmaz duruma düşmür, psixoloqlar onlara düzgün istiqamət göstərirlər. Hətta düşünürəm ki, uşaqlara psixoloq məsləhəti mütləq lazımdır. Məsələn, oğlumla dost münasibətimizə baxmayaraq, müəyyən yaş mərhələsində onun dərslərindən qopduğunu müşahidə etdim. Bu zaman psixoloqlar köməyimə gəldi. Etiraf edim ki, psixoloqla söhbətlərindən sonra onda çox böyük dəyişikliklər oldu. Bu, hər uşağın mütləq psixoloqa ehtiyacı olduğu anlamına gəlmir. Ancaq hər hansı problem varsa, onda psixoloqla danışmaqdan heç kimə ziyan gəlməz”.

 

Suallarınıza psixoloqlarla birgə cavab axtarın

 

Boşuna deməyiblər ki, uşaq böyüdükcə dərd-səri də özüylə böyüyür. Fərddən şəxsiyyətə gedən yol, insanın məninin formalaşdığı mərhələ heç də asan olmadığından psixoloqlara tələbat da artır, onların qarşısında duran tələblər də. Aydan Əzimzadə, Nilufər İsmayılova və Mehriban Verdiyeva bu tələbatı ödəməyə hazırdır, təki məktəblilər yaranan suallarına məhz onlarla birlikdə cavab axtarsınlar.

 

Ruhiyyə DAŞSALAHLI



03.08.2018 | 11:20