Milli varlığımızın əsas rəmzi

Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

 

Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.

 

Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan “ana dili” və ya “doğma dil” anlayışı bu gün qorunmağa və möhkəmlənməyə böyük ehtiyac duyur.

 

Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.

 

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırılıb. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb  və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.

 

“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, - deyən ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da böyük əhəmiyyətli olub. Bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

 

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir.

 

Qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi sahəsində işlər bu gün də davam etdirilir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsi Dövlət Proqramının icrası ilə bağlı davamlı şəkildə monitorinqlər apararaq ölkədə dil situasiyasının müəyyənləşdirilməsi və dilin inkişafı üçün şəraitin yaradılması sahəsində işlər həyata keçirir. Audiovizual reklamların və küçə reklamlarının dilinin monitorinqi, qəzetlərdə və saytlarda Azərbaycan dilinin normaya uyğun işlədilməsi, küçə adları, radio və TV dilinin davamlı monitorinqi, ədəbi  dil normalarının pozulması hallarının qarşısının alınması, elan və lövhələrin monitorinqi ilə bağlı tədbirlər buna nümunə göstərilə bilər. Bundan əlavə, bir sıra dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq uğurlu iş kimi dəyərləndirilə bilər. Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq bu qəbildəndir.

 

Dövlət Proqramına uyğun olaraq (maddə 6.5.1) “Qaynar xətt” (nömrə: 538-06-37) yaradılmış və uğurlu şəkildə fəaliyyətini davam etdirməkdədir.

 

Regionlarda dil situasiyasına nəzarət məqsədilə bir sıra rayonların ərazisində küçə adlarında, reklam və elanlarda, idarəçilik və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək məqsədilə mütəmadi olaraq monitorinqlər təşkil olunub.

 

Bu istiqamətdə uğurlu fəaliyyət kimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı da qeyd etmək yerinə düşər. Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” adlı layihə çərçivəsində  “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında baş tutmuş tədbirlər dilin saflığının qorunmasına xidmət edən  addım kimi dəyərləndirilməlidir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun və Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunan tövsiyə xarakterli məqalələr toplusu gələcəkdə bu sahənin mütəxəssisləri üçün faydalı vəsait kimi istifadə oluna bilər. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində  regionlarda dövlət dilinin təbliği, məktəblərdə gənc nəslin nümayəndələri ilə görüşlər və müzakirələr maarifləndirmə və təşviqat istiqamətli tədbir kimi əhəmiyyətli olmuşdur. Təsadüfi deyil ki, Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkə regionlarında Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəbli və tələbələr cəlb olunmaqla yeni bir maarifləndirici layihəyə - “Dilimiz sərvətimizdir” layihəsinə imza atması nəzərdə tutulub.

 

Artıq dörd ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində paytaxtın Rus Pravoslav kilsələrində rusdilli əhali üçün ödənişsiz “Azərbaycan dili” təlim kursları təşkil edir. Dinləyicilər dövlət dilində ünsiyyət qurmaq bacarıq və vərdişlərinə yiyələnməklə, ədəbi dil normalarını öyrənməklə yanaşı, tariximiz və mədəniyyətimizlə yaxından tanış olmaq məqsədilə muzey və sərgilərə, film nümayişləri və teatr tamaşalarına dəvət olunur, elm və mədəniyyət xadimləri ilə görüşürlər.

 

Bu cür yanaşma rusdilli vətəndaşlarımıza dövlət dili vasitəsilə multikultural həyat tərzi ilə tanınan xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair faydalı və gərəkli bilgilər əldə etmək imkanı verir. 

 

Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur. 

 

Sevinc ƏLİYEVA,

filologiya üzrə elmlər doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri

 

 



03.08.2018 | 13:29