AzMİU Lester Universiteti ilə əməkdaşlığını genişləndirir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Böyük Britaniyanın aparıcı və nüfuzlu universitetlərindən biri sayılan Lester Universiteti ilə çoxşaxəli əməkdaşlığını genişləndirməkdə davam edir. Universitetlər arasında yaranmış işgüzar münasibətlər yaxın gələcəkdə yeni perspektivlərə, birgə layihələrə, tələbə-müəllim mübadiləsi proqramlarına və s. yol açır. Ötən il universitetimizin rektoru, professor Gülçöhrə Məmmədovanın Londona səfəri zamanı Lester Universitetinin prezidenti, professor Paul Boyle ilə görüşləri, görüş zamanı universitetlər arasında Əcnəbi tələbələrin hazırlığı fakültəsi üzrə anlaşma memorandumunun imzalanması bu əməkdaşlığın faydalı təməlini qoyub.  Artıq bu razılaşma reallaşır, Lester Universitetinin nümayəndələri də tez-tez AzMİU-da olur, əməkdaşlarımızla birgə layihələr hazırlayır, ingilisdilli ixtisaslarımızda dərs deyən müəllimlərimiz üçün təlimlər təşkil edirlər.

 

Bu tədris ilində AzMİU-nun Əcnəbi tələbələrin hazırlığı fakültəsinin akkreditasiyadan keçməsi məsələsi də Lester Universitetinin mütəxəssislərinə tapşırılıb. Adıçəkilən fakültənin akkreditasiyadan keçməsi üçün Lester Universitetinin  İngilis dili departamenti ilə müqavilə də bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq universitetin nümayəndəsi Jock McPherson bu günlərdə universitetimizdə qonaq olub, Əcnəbi vətəndaşların hazırlığı fakültəsində akkreditasiya aparılması ilə bağlı keçirilən müzakirələrdə iştirak edib. Britaniyalı qonaq əvvəlcə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüş zamanı Əcnəbi tələbələrin hazırlığı fakültəsinin akkreditasiyası və iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Bütün kriteriyalara uyğun daha ətraflı müzakirələr adıçəkilən fakültənin dekanı Gülnarə Əsgərəlizadə və Xarici dillər kafedrasının müdiri Aygün Məmmədovanın iştirakı ilə davam etdirilib. Müzakirələrdən sonra cənab Jock McPherson Əcnəbi vətəndaşların hazırlığı fakültəsinə baş çəkib, xarici tələbələrin dərslərində iştirak edib, mühazirələri dinləyib, tədris olunan kitablar və digər sənədlərlə maraqlanıb. Eyni zamanda o, universitetimizin laboratoriyaları, kitabxanası, auditoriyaları ilə tanış olub, qonaq evini ziyarət edib.

 

Məlumat üçün qeyd edim ki, akkreditasiya prosesi təhsildə keyfiyyətin təminatıdır. Məktəbin, universitetin, kollecin və ya hər hansı bir ixtisasın-proqramın məzmununun keyfiyyətli kadr yetişdirməyə zəmin yaradıb-yaratmaması məhz bu proses zamanı müəyyən olunur. Akkreditasiyanın nəticəsi cəmiyyətə, gələcək tələbələrə, dövlət qurumlarına, beynəlxalq arenaya bir mesajdır. Akkreditasiya keyfiyyəti aşağı olan tədris proqramlarının keyfiyyət standartlarının artırılmasına stimul verir, təhsil müəssisəsinin və onun ixtisaslarının müasir standartlara cavab verdiyini təsdiqləyir, alınan qərarlar təhsil müəssisəsinin nüfuzunun göstəricisi olur, tələbələrin universitet seçməkdə qərarlarına təsir edir və s.  Eyni zamanda, bu proses professor-müəllim heyətinin hazırlığına, təhsil üçün əlverişli şərait, avadanlıq və digər təchizatın lazımi normada, səviyyədə olmasına, insan resursları, akademik nəşrlərin, professional peşə hazırlığı standartlarının olmasına müsbət təsir edir. Göründüyü kimi, akkreditasiya prosesi keyfiyyətin təmin olunmasına və artırılmasına hesablanmış addımdır. Bu işin əcnəbilərə, Avropanın nüfuzlu universitetlərindən birinin mütəxəssislərinə tapşırılması düşünürük ki, bu təminatın əldə olunması üçün bizə çox kömək edəcək.

 

Xatırladım ki, Böyük Britaniyanın Lester Universiteti ilə AzMİU arasında ikitərəfli əlaqələr 2016-cı ildən qurulub. Həmin ilin fevralında universitetin prezidenti, professor Paul Boyle və onun rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub, rektorla, əməkdaşlarla işgüzar görüşlər keçirib. Bu görüşlərdə ingilis qonaq AzMİU-nun tarixi, fakültələri, ixtisaslar, tədris prosesi və beynəlxalq əlaqələri barədə məlumatlar əldə edib, əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib. Onu da qeyd edək ki, AzMİU-nun müəyyən ixtisasları üzrə Lester Universitetində də kadr hazırlığı aparılır. Bu məqam universitet rəhbərlərinin əməkdaşlığın məhz bu istiqamətdə aparılması və yaxşı nəticələrin əldə olunması fikrinə dəstək olub. Gələcək əməkdaşlıq imkanlarında tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarına və s. baxılıb.

 

Ülkər SƏTTAROVA,

AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri

 



02.03.2018 | 09:30