Odlar Yurdu Universitetinin təmsilçiləri İsveçdə keçirilən təlimlərdə iştirak edib

İsveçin Kral Texnologiya Universitetində və Uppsala Universitetində  “Azərbaycan universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (EQAC)” layihəsinin təlimləri baş tutub.

 

Bakı Biznes Universitetinin koordinator olduğu, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində baş tutan layihənin fəal tərəfdaşlarından biri də Odlar Yurdu Universitetidir.

 

Təlimlərdə Odlar Yurdu Universiteti ilə yanaşı ölkəmizin müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər. Odlar Yurdu Universitetini  beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektor, dos., dr.Ceyhun Osmanlı və Tyutor Mərkəzinin rəhbəri, keyfiyyətin təminatı üzrə mütəxəssis Zaur Məmmədov təmsil ediblər. Təlimlər zamanı isveçli ekspertlər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüb  və bu təcrübənin Azərbaycan universitetlərində tətbiqi ilə bağlı tövsiyələr veriblər. 

 

Təlimlər tam praktik modullar əsasında hazırlanaraq, yüksək peşəkarlıqla həyata keçirilib. Təlimlər zamanı universitetlərdəki  mövcud vəziyyət öncədən araşdırılaraq, bençmark sualları əsasında universitetlərin gələcək inkişafına istiqamətlənmiş şəkildə aparılıb.

 

Sonda təlim iştirakçılarına İsveçin Kral Texnologiya Universiteti tərəfindən hazırlanan sertifikatlar təqdim olunub.

 



10.09.2018 | 15:23