BMU Şenyanq Universiteti ilə əməkdaşlıq edəcək

Çinin Şenyanq Universitetinin nümayəndə heyəti Bakı Mühəndislik Universitetində olub. Qonaqları qəbul edən BMU-nun rektoru, professor Havar Məmmədov universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, universitet Prezidentin sərəncamı ilə 2016-ci ildən fəaliyyətə başlayıb. Hazırda universitetdə mühəndislik, iqtisadiyyat və idarəetmə, pedoqoji fakültələri var. Hədəf ölkəmizin ali təhsilinin inkişaf prespektivində müasir bilik və bacarığa yiyələnmiş kadr hazırlamaqdır. Universitetin xarici əlaqələrindən danışan rektor qeyd  edib ki, BMU-da  100-dən çox xarici tələbə təhsil alır.

 

Şenyanq Universitetinin partiya komitəsinin sədri Su Venjie  səmimi qəbula görə rektora təşəkkür edib və  təmsil etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, Şenyanq Universiteti ilə BMU-nun ixtisasları oxşardır. “Bizim universitetdə 20 fakültə, 66 ixtisas var. 18000 tələbənin 500-ü xarici tələbədir. Biz istəyirik ki, sizin universitetlə əməkdaşlıq edək. İlk mərhələdə bir neçə tələbənin mübadiləsini həyata keçirək. Sonra isə digər sahələrdə də əməkdaşlıq edək”,- deyə Su Venjie təkliflərini səsləndirib.

 

BMU-nun xarici əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə keçirilən görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və xatirə şəkli çəkilib. 



13.09.2018 | 10:49