Ali məktəbə qəbul olub, tələbə ola bilməyənlər

Ali məktəblərə qəbul imtahanları başa çatdı. Bu imtahanlarda uğur əldə edərək “tələbə” adını qazananlar da oldu, qazanmayanlar da. Lakin üçüncü qrup gənc də var ki, adı həm qazananların, həm də qazanmayanların siyahısına düşdü. Onlar müsabiqə şərtini ödəyərək seçdikləri vakansiyaları tutsalar da, tələbə biletini əldə edə bilmədilər. Kimdir bu gənclər?

 

Onlar ali məktəbə ödənişli əsaslarla daxil olsalar da, təhsil haqqını ödəyə bilmədiyi üçün tələbə ola bilməyənlərdir. Aralarında hətta 500-600-dən çox bal toplayanlara da rast gəlinir. Oxumağa başlasa da, sırf maddi çətinlik üzündən onu yarımçıq qoyanları da nəzərə alsaq, yüksək təhsil haqqı səbəbindən yüzlərlə gəncin bu haqqından məhrum qalması, sadəcə, təəssüf doğurur. Bunun ağır nəticələrini isə gələcəyimiz çəkəcək. Çünki bu gənclərdən çox az qismi təhsilini arzuladığı ixtisas üzrə davam etdirə bilmək üçün yenidən cəhd edəcək. Əksəriyyəti, yəni kifayət qədər bilikli, bacarıqlı, potensiallı gənclər təhsildən kənarda qalacaq, psixoloji cəhətdən sarsılacaq, özünü lazımsız sayacaq, çarəsiz qalıb arzu etmədiyi sahələrə üz tutacaq. Beləliklə, bədbin, özünə güvənməyən, sevdiyi işi görməyən bir nəsil formalaşacaq.

 

Məlumdur ki, dövlətin gənclərin təhsil almalarına yönələn tədbirləri var. Lakin həmin tədbirlərlə hamı əhatə olunmur. “Təhsil haqqında” qanununa əsasən, güzəştli şərtlərlə pulsuz təhsil almaq imkanı əldə edənləri də nəzərə alsaq, Azərbaycan dövləti gənclərin böyük hissəsinin təhsil almasını təmin etməyə imkan yaradır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondu da bu sahədə xeyli iş görüb. Aztəminatlı ailələrin övladlarının təhsilinin yarımçıq qalmaması məqsədinə xidmət edən bu layihə qısa müddət ərzində uğur qazanıb. Lakin bu imkandan II kursdan başlayaraq yararlanmaq mümkün olduğundan, universitetlərin qapılarından pulsuzluq üzündən keçə bilməyənlər istifadə edə bilmirlər.

Bu zaman ağla başqa bir fikir gəlir. 

 

Təhsil alana dəstək barədə sadəcə dövlət düşünməlidir? Əlbəttə ki, yox. Millətin gələcəyi ilə bağlı bir məsələ bütün cəmiyyətin məsələsi olmalıdır.Dünyanın bir çox ölkələrində ali təhsil alan istedadlı tələbələrin xərclərinə, o cümlədən təhsil haqqının ödənilməsinə iş adamları, şirkətlər yardım edirlər.

 

Öz gəlirindən kiçik vəsait ayırmaqla onlarla gəncin təhsil almalarına şərait yaradırlar. Bu yardımlar müxtəlif formalarda həyata keçirilir. Məsələn, birdəfəlik yardım göstərərək bir neçə tələbənin təhsil xərclərini ödəyənlər var. Bundan başqa, “Maarifçi” Fondunun missiyasını həyata keçirən şirkətlərə ayrı-ayrı ölkələrdə çox rast gəlinir. Şirkətlə təhsilalan arasında bağlanan müqaviləyə əsasən tələbə ona xərclənən vəsaiti universiteti bitirdikdən sonra hissə-hissə qaytarır. Bu, daha çox Türkiyə təcrübəsindədir. Qardaş ölkədə “Burs”, yəni təqaüd proqramı vasitəsi ilə müxtəlif şirkətlər və iş adamları istedadlı, lakin maddi vəziyyəti aşağı olan tələbəyə təhsilini davam etdirməsi üçün imkan yaradırlar.

 

Onu da qeyd edək ki, “Burs” təqaüd proqramı əksər hallarda müsabiqə şəraitində verilir. Müsabiqədə tələbənin akademik göstəriciləri, istedadı, perspektivi əsas götürülür.  “Burs” qazanan tələbə universiteti bitirdikdən sonra şirkətin ona ayırdığı məbləği hissə-hissə geri qaytarır. Qaytarılan vəsait yenidən başqalarının təhsilinə yönəldilir. Bu, Türkiyədə uzun illər davam edən bir ənənədir. İrili-xırdalı hər şirkət bu ənənəyə sadiq qalmağı özünə borc bilir.

 

Bu ənənə Azərbaycanda ötən əsrdə mövcud olub. Tanınmış milyonçular, xüsusən, Hacı Zeynalabdin Tağıyev nəinki gənclərin, hətta qızların təhsil alması üçün imkanlarını əsirgəməyib. İllər keçdikcə milyonçuların ayırdığı vəsaitlə oxuyub, sonradan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan görkəmli şəxsiyyətlərin uzun bir siyahısı formalaşıb.

 

Bəs, həmin siyahı indi yaranmır?

 

İllik gəlirinin cəmi 3-5 faizi ilə onlarla gəncin təhsillə bağlı problemlərini çözə biləcək kifayət qədər şirkət, iş adamı olduğu halda, təhsil almaq üçün can atan imkansız ailələrin övladlarının təhsil haqqını ödəyən, onlara dəstək olmaq istəyənlər indi niyə yoxdur?

 

Niyazi RƏHİMOV

 



21.09.2018 | 12:48