Humanist pedaqogika həyatın tələbidir

ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?” adlı məqaləsi (“Azərbaycan müəllimi” qəzeti, 27 oktyabr və 9 noyabr, 2017-ci il, №41 və 43) öz aktuallığı və orijinallığı baxımından çox ciddi maraq  kəsb edən bir yazıdır.  Müəllif dərin elmi araşdırmalar nəticəsində araya-ərsəyə gətirdyi  məqaləsində müasir Azərbaycan pedaqogikaşünaslığının, o cümlədən humanist pedaqogikanın nəzəri-praktik aspektlərini çox zəngin elmi-pedaqoji ümumiləşdirmələr əsasında tədqiq etmişdir. Azərbaycanda humanist pedaqogikanın yaranma yollarını, onun təşəkkül və formalaşma istiqamətlərini, başlıca ideya-nəzəri tendensiyalarını “Humanist pedaqogika: problemlər, perspektivlər” adlı məqaləsində də bu ideyanın müxtəlif tarixi dövrlərin ab-havasından nəşət taparaq bu günümüzə qədər gəlib çıxdığını isbatlayan elmi müddəaları ilə  təsdiq edərək belə bir münasibət də bildirmişdir: “Humanist pedaqogikaya görə, müəllim hazır bilik verməməli, əlaqələndirici, istiqamətləndirici, məsləhətçi rolunda çıxış etməli, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir”.

 

Tədqiqatçı-alim Fərrux Rüstəmov bu təfərrüatlı məqaləsində də Azərbaycan pedaqogikaşünaslığı üçün  ciddi bir sosial-mədəni çağırışın təməlini qoymuşdur. Metodoloji prinsip baxımından hansı dəyəri haqlı və obyektiv hesab etmək olar. Humanist pedaqogika düşüncəsini, yoxsa, pedaqogikada humanizm məfkurəsini? Məhz, həmkarımızın bu problematik müddəalar kontekstindəki fikir və düşüncələrinə hörmət əlaməti olaraq məsələnin əsl mahiyyətinin pedaqoji əfkar arasında birmənalı qarşılanmadığını nəzərə alıb, onun yaradıcı qüvvəsindən bir daha faydalanmağın zəruri olduğunu mənalandırmağa çalışdıq.

 

Humanist pedaqogikanın bir elm sahəsi olaraq pedaqoji prosesdəki rolu danılmazdır. İndi cəmiyyətin sosial-mədəni inkişaf parametrləri şəxsiyyətyönümlülük baxımından dəyərləndirilir. Milli-mənəvi dəyərlərimizə münasibət, yeniləşən, modernləşən, ictimai proseslərə humanist meyillərin gətirilməsi istiqamətində iş aparmaq ümumxalq və ümumdövlət səviyyəli bir işdir. Yəni, hazırkı şəraitdə yeniləşən cəmiyyət humanist prinsiplər əsasında inkişaf etdiyi üçün - bu cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilən məktəb həyatı, müəllim fəaliyyəti də məhz, humanist dəyərlər zəminində formalaşmağı zəruri edir. Xüsusən, pedaqoji proses təcrübəsində insan (tələbə, şagird) şəxsiyyətini formalaşdırmağın nəzəri-praktik qanunauyğunluqlarını bilməklə bu elmin modernləşmə imkanlarını reallaşdırmaq, insan-təbiət-cəmiyyət vəhdətinin təmin olunması yollarındakı vəziyyətlərini üzə çıxartmaq bu gün daha təkmil metod və vasitələrdən də bu istiqamətdə faydalanmağı zəruri edir.

 

Pedaqoji prosesin canlı laboratoriyasına çevrilən məktəb həyatında hər bir şagirdə humanist keyfiyyətlər baxımından yanaşmaq indi hər bir müəllim fəaliyyəti üçün önəmli iş sayılmalıdır. Böyüyən nəslin halallıq, sədaqətlilik, cəfakeşlik keyfiyyətlərini təkmilləşdirməyin elmi-metodik bazasını möhkəmləndirməyin başlıca məğzi humanist addımların atılması ilə nəticələnir. Təlim-tərbiyə prosesi birmənalı olaraq humanist dəyərlər əsasında qurulmalıdır. Bu işdə təhsilin məzmunu (tədris planları, tədris proqramları, dərsliklər və s.) müəllim-şagird münasibətləri, valideyn-müəllim əlaqəliliyi, ictimai qurumlarla iş, təmas qurmaq prosesində daha geniş və effektiv nəticələr üçün şans yaradır. Ona görə də pedaqoji fəaliyyətin bütün sahələrində-ali, orta ümumtəhsil, orta ixtisas, ilk peşə-ixtisas, məktəbəqədər təhsil sahələrində gənc nəslin humanist paradiqmalar zəminində püxtələşdirilməsi imkanları təkcə rəsmi sənədlərlə, göstərişlərlə yox, həmçinin, elmi-tədqiqat yönümlü fakt və hadisələrlə birmənalı olaraq müqayisə etməyə də imkan yaradılmalı, bu sahədə məktəb humanizminə xidmət edən pedaqoji proses təcrübəsi yeni, mükəmməl metod və vasitələrlə zənginləşdirilməlidir.

 

Bu sahədə qazanılan təcrübənin mübadiləsi, elmi-təfərrüatlı analitik təhlillər aparmaq, yeni pedaqoji ideyalara dəstək olan axtarışlar da sübut edir ki, humanist zəmində qurulan bilik, bacarıq, vərdiş və mənəvi keyfiyyətlər sistemi - indiki şəraitdə ailə və məktəb həyatına dinamik təsir göstərməli, pedaqoji elmin bir qolu kimi - insanlararası münasibətlərdə humanizm qayələrini qoruyub, yaşatmalıdır.

 

Bu cəhətdən Prezident İlham Əliyevin çıxışlarında da humanist dəyərlərin qorunmasına aid qiymətli fikirlər vardır. Dövlət başçısı Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edərkən (18.03.2017) söylədiyi nitqində demişdir:

 

“Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulubdur. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. İyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür.Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün vətən sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq vətəni ilə fəxr edir”.

 

Göründüyü kimi, gənc nəslin ideyalı, səbatlı xarakterdə böyüdülməsi yollarına xidmət edən bu dərin məzmunlu fikirlərdə humanist keyfiyyətlərin şəxsiyyətyönümlü məzmun kəsb etməsi birmənalı olaraq qəbul edilməlidir.

 

Humanist pedaqogika zamanın tələbidir, onun qarşıya qoyulan missiyası - cəmiyyət üçün ləyaqətli nəsil yetişdirməkdir. Bu məqsədlə humanist pedaqogikanın elmi yenilikləri indi daha aktual məzmun kəsb edir.

 

İlkin olaraq onu qeyd edim ki, Azərbaycan pedaqogikaşünaslığının təşəkkül və inkişaf tarixində müstəsna əməyi olan tədqiqatçı-alim, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun yetkin vətəndaşlıq mövqeyindən, milli təəssübkeşlik yönümündən yazılmış əsərlərinin məktəb və pedaqoji fikir tariximizin və ideologiyamızın möhkəmlənməsi və intişarında diqqətəlayiq əhəmiyyət kəsb etdiyini danmaq olmaz.

 

Onun elmi araşdırmalarının zəngin metodoloji istiqamətləri pedaqogikanın möhkəmlənməsi yolunda irəliyə atılmış uğurlu addımlardan xəbər verir. Xüsusən, modern pedaqogikanın aktual problemləri haqqında professorun pedaqoji mətbuatda, radio və televiziya verilişlərində səsləndirdiyi novator fikir və mülahizələrində olduğu kimi bu istiqamətli tədqiqatları da pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanır.

 

Bu gün yalnız tarixi təcrübəni ümumiləşdirmək üçün yox, həmçinin yaşadığımız zaman və gələcək inkişaf tendensiyaları üçün məqbul strateji dəyərləri müəyyənləşdirmək, bu sahədə zəngin elm və təfəkkür qaynaqlarını üzə çıxarmaq, gənc tədqiqatçıları pedaqoji gerçəkliklərin həlli yolunda səfərbər etmək, onları düzgün, akademik tərbiyə və təlim yolu ilə formalaşdırıb  potensial qüvvələrindən istifadə etməyi zəruri edir.

 

Bu gün humanist keyfiyyətli, mütərəqqi dünyagörüşə malik, vətənin yüksəlişi naminə böyük nailiyyətlərə imza atan böyüyən nəslin milli və ümumbəşəri siqlətinə xidmət etməyin bariz nümunəsi olan yüksək keyfiyyətli, dərin və hərtərəfli biliyə malik olmağı özündə ehtiva edən pedaqogika - məhz humanist mənəviyyata yol açmağın, müstəqil və yaradıcı fəaliyyətə qoşulmağın rəhni olaraq meydana gəlmişdir.

 

Həmin vacib keyfiyyətlərə uyğun elmi sistem yaratmaq humanist ideyalara üz tutmaqla məktəb və müəllim fəaliyyətini yeni, təkmil metodlarla zənginlşdirmək bu gün pedaqoji fəaliyyətin məzmununu zənginləşdirir, insan-təbiət-cəmiyyət vəhdəti yolunda yaxşı insan formalaşdırmağın fəlsəfəsini də öyrənməyi zəruri edir. Humanist pedaqogika prinsiplərindən istifadə yolu ilə modul təlimlərə keçid prosesində, böyüyən nəslin bu tipli tədris ocaqlarındakı qayğı və hərtərəfli güzəştlərlə əhatə olunması da onu deməyə əsas verir ki, bu iş ümumxalq və ümumdövlət səviyyəli bir məsələ kimi bütün pedaqoji və elmi ictimaiyyətin diqqətini cəlb edir.

 

Bu gün humanist pedaqogikanın tətbiqi istiqamətlərində yüksək metodoloji yanaşmalar artıq öz reallıqlarını göstərməkdədir. İstər problemin tarixi-pedaqoji aspektləri, istərsə də onun ictimai-sosial məzmunu, pedaqoji proses təcrübəsi üçün əhəmiyyətliliyi, yeni modern təhsil inkişafı üçün zəruriliyi nəzərə alınır. Bu problemin istər mənəvi, istər psixoloji, istər pedaqoji və istərsə də fəlsəfi mahiyyəti nəzəri cəhətdən geniş elmi araşdırmalara yol açır, məsələnin ictimai dəyərlərini artırır.

 

Böyük psixoloq, akademik Şalva Amonaşvilinin geniş mündəricəli maarifləndirici iş prosesində humanist pedaqogikanın nəzəri sistemi ilə tanışlığın özü də göstərdi ki, tədqiqat bazası olaraq orta ümumtəhsil müəssisələrində yeni yaradılan humanist pedaqogika mərkəzlərinin mövcudluğu, assosiasiya mərkəzlərinin yaradılması istiqamətində ilkin addımlar çox uğurlu təsir bağışlayır. Xüsusən,  Təhsil İnstitutu əməkdaşlarının humanist pedaqogika ideyalarının təbliği yolunda təşkil etdikləri elmi-praktik konfransların, nəzəri seminarların, praktik görüşlərin keçirilməsinə verdikləri  töhfə böyükdür. Bir məsələni də qeyd edək ki, problemin tədqiqi prosesində ciddi elmi axtarışlar aparmaqla məsələnin digər bir tərəfi də üzə çıxarılmışdır. Demək olar ki, ölkə alimləri arasında “Humanist pedaqogika”, yoxsa “Pedaqogikada humanizm” dilemması istiqamətində də ciddi müzakirələr gedir.

 

Bu cəhətdən  Fərrux Rüstəmovun  araşdırmaları daha çox diqqət tələb edir.

 

Lakin problemin bu şəkildə qoyulması metodoloji baxımdan dəqiq araşdırılmalıdır. Elm ilə fənnin məzmunu arasındakı oxşar və fərqli cəhətlər müəyyənləşdirilmiş qanunauyğunluqlara, konseptual nəzəriyyələrə istinadən qurulmalıdır.

 

Böyük pedaqoq K.D.Uşinski yazırdı: “Heç bir nizamnamə və proqram, heç bir müəssisənin süni orqanizmi tərbiyə işində müəllim şəxsiyyətini əvəz edə bilməz”.

 

Şübhəsiz ki, humanistləşdirmə bu gün həyatın ən ümdə tələbidir. İndi hər bir ölkənin maddi qüdrəti təkcə onun maddi-texniki bazası, elmi-texniki tərəqqi imkanları ilə deyil, həm də sabaha mənzərə açan milli və mənəvi dəyərlər sisteminə sahib çıxması ilə də bağlıdır. Böyük mütəfəkkir, dünya elminin tarixi missiyasını böyük kəşfləri ilə təəccübləndirən Albert Eynşteyn vaxtilə yazırdı: “Bəşəriyyətin gələcəyi elmi tərəqqinin sabahından bir o qədər asılı deyil, insanı əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır”. Məhz bu nöqteyi-nəzərdən humanistləşdirmə ideyası ta qədimlərdən indiyə qədər iki mənada - həm fəlsəfi, həm də pedaqoji mənada işlədilmişdir.

 

Fəlsəfi mənada humanizm-insanın ləyaqət və hüquqlarına hörməti, şəxsiyyət kimi onun qiymətliliyini, insanların rifahı, onların hərtərəfli inkişafını, ictimai həyatda insan üçün əlverişli şərait yaradılması haqqında qayğını ifadə edən baxışlar sistemi kimi cərəyan edən münasibət tərzidir. Yəni, insan təbiətində, xarakterində təzahür edən humanist cəhətlər, meyillər bilavasitə başqalarına münasibətdə özünü  büruzə verir. İntibah dövrünün böyük humanistləri Petrarka, Dante, Bokkaço, Leonardo da Vinçi, Rotterdamli Erazm, Bruno, F.Rable, Monten, Kopernik, U.Şekspir, F.Bekon və b. insanı, bəşəri ideyaların təməldaşları olmuş, mütərəqqi baxışlarında insan şəxsiyyətinin azadlığını bəyan etmiş düşüncələrlə insanlığa, insanlıq fəlsəfəsinə xidmət etmişlər.

 

Eləcə də Azərbaycan ictimai fikrində əsası Nizami Gəncəvi tərəfindən qoyulan humanizm ideyaları etik və sosial məzmun daşıyan poetik düşüncə yolu ilə insan təbiətinə humanistləşdirmə keyfiyyətinə xidmət edən dostluq, sədaqət, etibarlılıq, ədalətlilik, səxavətlilik kimi ictimai məfkurəyə çıraq tutan bədii-estetik fikir yeniliyi bəxş etmişdir. Sonrakı tarixi dövrlərdə fəlsəfi mənada başa düşülən humanistləşdirmə ideyaları (humanizm) N.Tusi, S.Urməvi, M.Füzuli, İ.Nəsimi, M.F.Axundzadə, A.A.Bakıxanov (Qüdsi) və digər mütəfəkkir  şair və yazıçıların əsərlərində geniş halda təsbit olunmuş ideya yaradıcılığına çevrilmişdi.

 

Pedaqoji mənada humanistləşdirmə isə təhsilin məzmunu ilə bağlı olmuş, sinfi mübarizələr tarixində uşaqlara insani normalar əsasında münasibətləri tənzimləyən məqsədyönlü fəaliyyət sahəsini özündə ehtiva etmiş pedaqoji fakt kimi dünyəvi status almış, nəcib keyfiyyət daşıyıcısı missiyasına xidmət etmişdir.

 

Yəni bu gün pedaqoji mənada humanistləşdirmə dedikdə - hər bir uşağa cəmiyyətin ali sosial sərvəti kimi baxılması, onun şəxsiyyətinə diqqətin gücləndirilməsi, yüksək mənəvi, estetik və fiziki keyfiyyətlərə malik vətəndaşların formalaşdırılması kimi başa düşülür. Deməli, pedaqoji proses təcrübəsində humanistləşdirmə hər bir tədris fənninin vacib vəzifəsi, ideya istiqaməti, əldə əsas tutulan başlıca tələblər sistemidir.

 

Konkret olaraq ona nail olmaq lazımdır ki, hər bir müəllim bu dəyərli irsdən yaradıcılıqla bəhrələnsin, həmçinin bu irsin nadir incilərini mühafizə edib, ağıl və idrak, tədris və səriştə (kompetensiya) müstəvisinə gətirməklə, yeni mənəvi yaddaşlarla qoruyub saxlamaqla öz istedadı və bacarığı səviyyəsindən öyrənib dərk etsin. Məhz özündən sonrakı nəsli də bu ruhda təhsilləndirici parametrlərə  qovuşdursunlar.

 

“Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?” mükaliməsi özlüyündə oxucuya tam  təsəvvür verən anlamdır. Birmənalı olaraq humanist pedaqogika var və özü də hamı üçün elmdir. Humanist pedaqogika pedaqoji mənada belə başa düşülür: milli və bəşəri dəyərlərə, o cümlədən respublikamızın reallığına, keçmiş humanist irsimizə, etik və mənəvi keyfiyyətlərimizə, görkəmli mütəffəkirlərimizin, söz-sənət bilicilərimizin humanist fikirlərinə əsaslanaraq müvafiq qanunauyğunluqlar üzə çıxarma, habelə digər ölkələrin faydalı humanist fikir və təcrübəsinə biganə qalmayan elm sahəsi.

 

Professor Fərrux Rüstəmovun “Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?”  məqaləsində təzahür tapan məsələləri bir daha sərf-nəzər etməklə belə bir qənaətə gəlmək olur ki, məqsəd baxımından humanist pedaqogika davamlılığı, elmliyi, ardıcıllığı, sistemliyi ilə fərqlənən elm sahəsidir. “Bu səbəbdən də onun bütün problematik məsələləri, nəzəri və praktik aspektləri anlayışlar səviyyəsində cərəyan edir və şüura əsaslanır. “Pedaqogikada humanizm” isə fənn tədrisi məzmununda olub, cərəyan etdiyi yerdən asılı olmayaraq müəllimin (tərbiyəçinin) fəaliyyət və ünsiyyət prosesində fərdi və ictimai münasibətləri düzgün dərk etməsi, yüksək mənəvi davranış təcrübəsinə, humanist və demokratik rəftar tərzinə sahib olması mənasında başa düşülməlidir.

 

Pedaqogikada humanizm isə - pedaqoji prosesdə həm təhsilin məzmununda, həm də müəllimin şagirdlərlə (tələbələrlə) ünsiyyətində, davranış və rəftarında insani keyfiyyətlərin göstərilməsi təcrübəsinin müəyyən ideyalar əsasında nizamlanması, qaydaya salınmasına yiyələnməkdir.

 

Məhz bu yönümdən humanist pedaqogikanın elmi əsaslarını bilməklə, onun tədqiqat sahəsi olan pedaqoji proses təcrübəsini də daima humanist keyfiyyətlərlə zənginləşdirmək olar.

 

Vidadi BƏŞİROV,

Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 



21.09.2018 | 17:18