“Gəzdiklərim, gördüklərim, düşündüklərim”

Müasir təhsil sisteminin vacib məsələlərindən biri də şagirdlərin asudə vaxtlarının düzgün təşkili məsələsidir. Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib gələn “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi də məhz bu məsələyə həsr olunub. Layihənin məqsədi Neftçala rayonunun ucqar kəndlərində təhsil alan şagirdlərin tarixi, mədəni, sosial, turistik yerlərə səyahətlərini təşkil edərək, onlara  vətən sevgisi aşılamaq, özünəinam formalaşdırmaq, təhsildən yayınmalarının qarşısını almağa çalışmaq, peşə maraqları formalaşdırmaqdır.

 

Şagirdlərin dövri olaraq bəlli bir proqram daxilində Neftçala rayonunun müəyyənləşdirilmiş tarixi-mədəni yerlərə, eyni zamanda ictimai-sosial obyektlərə ekskursiyalar təşkil etmək, şagirdlərin ekskursiya çərçivəsində topladıqları məlumatları, çəkdikləri şəkilləri, duyğu və düşüncələrini ifadə edə biləcəkləri bülleten hazırlamaq da layihənin məqsəd və vəzifələrinə daxildir.

 

Layihənin icra planında ekskursiyaların təşkili üçün bir sıra tədbirlər nəzərdə tutulub və hazırda icra edilməkdədir.

 

Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbində “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsinin təqdimatı keçirilib.

 

İclasda müəllimlər, valideynlər, orta məktəbin şagird və məzunları, layihənin idarə heyətinin üzvləri iştirak ediblər.

 

Şirvanlı kənd tam orta məktəbinin direktoru H.Rasəf iclas iştirakçılarını salamlayaraq məktəbin fəaliyyəti barədə məlumat verib. Direktor öncə Təhsil Nazirliyinə  və təhsildə inkişaf və innovasiyalar adlı qrant müsabiqəsinin təşkilatçılarına məktəbə göstərdikləri dərin etimada görə minnətdarlığını bildirib.

 

Sonra layihə icraçısı, rayonda təcrübəli psixoloqlardan sayılan T.Elmir iclas iştirakçılarına  layihənin məqsədi, icra planı, görüləcək işlərlə bağlı ətraflı məlumat verib. Məktəbin tədris işləri üzrə direktor müavini Ə.Natiq də təhsil ocağının fəaliyyəti dövründə ilk olan bu tədbirin və ekskursiyaların Şirvanlı kəndi və məktəbi üçün qürurverici bir hal olduğunu vurğulayıb.

 

Valideynlər adından çıxış edən R.Fuad ucqar bir kənddə belə bir layihənin həyata keçirildiyi və şagirdlərin maarifləndirilməsi üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, məktəb kollektivinə, layihə rəhbəri və icraçılarına təşəkkürünü ifadə edib. Sonda şagirdlərə layihə icraçıları tərəfindən Azərbaycan Respublikası dövlət rəmzlərinin əks olunduğu papaq, köynək və döş nişanları təqdim edilib.

 

Layihənin icra planına əsasən Şirvanlı kənd İ.Babayev adına tam orta məktəbinin bir qrup şagirdi avqustun 14-də Neftçala Yod zavodunda  olub. Zavodun yod sexinin aparıcı mütəxəssisi Q.Etibar müəssisənin fəaliyyəti, gələcək perspektivləri və yodun alınma prosesi ilə şagirdləri yaxından tanış edib.

 

Neftçala Yod Zavodunun fəaliyyəti şagirdlər tərəfindən olduqca maraqla qarşılanıb. Onlar heç bir xammaldan istifadə etmədən, mədən sularından alınan yodun əhəmiyyəti və alınma prosesini maraqla izləyiblər.  Zavodun  illik yod istehsalı, burda çalışan mütəxəssislərlə tanışlıq şagirdlərdə təhsilə, rayonun iqtisadi inkişafında yaxından iştirak etməyə dərin maraq oyadıb. Daha sonra şagird qrupu Neftçala rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olub. Mərkəzdə şagirdlər atıcılıq, musiqi, kitabxana və bir sıra digər fəaliyyət növləri ilə tanış olublar. Tədbir Neftçala tarix-diyarşünaslıq muzeyinə ekskursiya ilə sona çatıb. Səfər zamanı iştirakçılar eksponatlara böyük maraq göstərib, Azərbaycan tarixi haqqında faktlarla tanış olub, estetik və dünyagörüşü cəhətdən zənginləşiblər.

 

Layihə çərçivəsində növbəti tədbir Şirvanlı kənd tam orta məktəbinin həyətində keçirilən iməcilik olub. Məktəbin həyətinə şagirdlər 50-dən artıq ağac və gül kolları əkiblər.

 

Layihə çərçivəsində işlər uğurla davam etdirilir.



28.09.2018 | 12:13