“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq”

Gəncə Dövlət Universitetində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunda təqdimat keçirilib.

 

Universitetin Mətbuat və ictimaiyyələ əlaqələr xidməti xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Şahin Seyidzadə layihə haqqında danışıb, Gənclər və İdman Nazirliyinin bölmə müdiri Məryəm Qafarzadə “Səhiyyənin gələcəyi”, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli “Təhsilin gələcəyi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinin müavini Rəna Abdullayeva “Məşğulluğun gələcəyi” mövzularında təqdimatlarla çıxış ediblər.

 

Tədbirdə Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılmış addımlar barədə məlumat verilib. Bildirilib ki, ötən il mayın 18-də Prezident İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib. “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə 2017-ci il noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə qəbul təşkil edilib. Azərbaycanın Birinci vitse-prezidenti həmin mərasimdə 320-dən çox nümayəndə qarşısında çıxış edib. Həmin qəbul zamanı ölkəmizin tarixi, mədəniyyəti 160-dan çox ölkənin nümayəndələrinə təqdim olunub.

 

Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdıran ekspertlər ölkəmizin Ümumdünya Sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edərək bildiriblər ki, Azərbaycan əsrlərboyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşib. Özünün unikal və geostrateji mövqeyi ilə seçilən ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticari və mədəni körpü rolunu oynayır.

 

Təqdimatda Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışılıb. Qeyd edilib ki, ölkəmiz bu günədək Dünya Dini Liderlərinin Sammitinə, Bakı Beynəlxalq Humanitar forumlarına, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumuna, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan istər siyasi, istərsə də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilib.

 

Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan ölkə olduğunu bir daha vurğulayan ekspertlər, respublikamızda 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə karate üzrə Avropa çempionatı və “Avro-2020” futbol yarışlarının qrup və dörddəbir final mərhələsinin oyunlarının keçiriləcəyini diqqətə çatdırıblar. Natiqlər Bakıda 2016-cı ildən “Formula-1” yarışlarının da təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini vurğulayıblar.  “Ekspo 2025 Bakı” layihəsinin ictimaiyyət tərəfindən də dəstəkləndiyi qeyd olunub.

 

“Ekspo 2025 Bakı” bütün dünyanı birləşdirəcək, önəmli müzakirələrin aparılacağı, səmərəli işin görüləcəyi qlobal platforma kimi təqdim olunmalıdır. Bu ideyalar Azərbaycanın uzunmüddətli milli inkişaf strategiyası ilə uyğunluq təşkil edir. “Ekspo 2025” sərgisi üçün Azərbaycanın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu da universal bir mövzudur və bəşəriyyət üçün aktualdır” – deyən Məryəm Qafarzadə mövzunun Azərbaycan üçün vacib və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan bütün dünyanı bir araya gətirmək istəyir. Onun sözlərinə görə, “Ekspo 2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi və bəşəriyyətin xeyrinə çıxış yollarının tapılması baxımından universal platforma rolunu oynayacaq.

 

Məryəm Qafarzadə Ümumdünya Sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. Qeyd edib ki, “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər.

 

Ekspert Rəna Abdullayeva sərginin Azərbaycanda yerli biznes imkanlarının artırılması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yeni sərmayələrin qoyulması və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını bildirib. Vurğulanıb ki, “Ekspo 2025” son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycana daha çox qonağın gəlməsinə də müsbət təsir göstərəcək.

 

Cəsarət Valehli qlobal miqyasda ali təhsilin inkişafı istiqamətində dəyişən tendensiyalar və paradiqmalar mövzusunda danışıb, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin gənclərin öz gələcəklərini qurmaq və karyeralarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, dini tolerantlığı, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və “Ekspo” mövzusu ilə bağlı videoçarxlar nümayiş olunub.

 



28.09.2018 | 12:46