Yüksək balla regionlara

Ötən gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad və Masallı rayonlarına infotur təşkil olunub. 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunan infoturda jurnalistlər 2018-2019-cu tədris ilində yüksək balla işə qəbul olunan müəllimlərlə görüşüb, dərslərində iştirak ediblər.

 

Yeni yolla yeni məktəbə

 

Bakıdan cənub bölgəsi istiqamətində qısalığı və rahatlığı ilə seçilən yeni yolun istifadəyə verilməsi bu istiqamətdə avtomobillə hərəkəti kifayət qədər rahatlaşdırıb. 2 saat çəkmədən məktəbə çatırıq. Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbindəyik. 

 

Fərzili kənd məktəbi bölgədə nə ilk, nə də son modul tipli məktəbdir. Ümumilikdə Cəlilabad rayonunda artıq 5 modul məktəb istifadəyə verilib, 10 belə məktəb isə bu tədris ilində quraşdırılacaq.

 

Fərzili kəndindəki bu məktəb 7 sinif və 1 müəllimlər otağından ibarətdir. 73 şagirdin təhsil aldığı məktəbdə 19 müəllim çalışır. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən təhsil müəssisəsində 1 məktəbəhazırlıq qrupu, 9 sinif komplekti fəaliyyət göstərir.

 

Məktəbin direktoru Fuad Bəhramov bildirib ki, əvvəlki məktəb binası köhnə və bərbad vəziyyətdə olub. Rütubətli və şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi. Artıq yeni məktəb hazırdır. Elə bunun nəticəsidir ki, qısa müddətdə şagirdlərin də sayı artıb: “Ötən il cəmi 59 şagirdimiz vardı. Artıq 73 şagird təhsil alır”.

 

Məktəbəhazırlıq qrupunda 10 nəfər şagird var. Şagird sayı dinamik olaraq artır. Məktəb direktorunun sözlərinə görə, rayon mərkəzi ilə kəndin arasındakı məsafə cəmi 4 kilometr olduğundan hamı uşağını rayon mərkəzində yerləşən və şəraiti daha yaxşı olan məktəblərə aparırdı: “Artıq hamı uşağını məktəbimizə gətirir və bizə etibar edirlər”.

 

F.Bəhramov cəmi bir neçə ildir ki, direktor təyin olunub. O, direktorların işə qəbulu imtahanlarında yüksək nəticə göstərərək  2016-cı ildən məktəbə rəhbərlik edir. Onun rəhbərliyi altında məktəbdə çalışan 19 nəfər pedaqoqun əksəriyyəti müəllimlərin işə qəbulu imtahanlarında yaxşı nəticə göstərərək, məhz bu məktəbi seçənlərdir. Bu il 4 nəfər - fiziki tərbiyə, texnologiya, riyaziyyat və fizika müəllimləri yüksək həvəslə işə başlayıb.

 

Qeyd edək ki, 2018-2019-cu tədris ilindən məktəbdə fəaliyyətə başlayan 2 müəllim - fiziki tərbiyə müəllimi Elnur və texnologiya müəllimi Nəzrin gənc ailədir. Elnur müəllim bildirib ki, həyat yoldaşı ilə bu məktəbdə işləmək onları çox sevindirir: “Hər ikimizə burada yaşamaq və işləmək rahatdır. Məktəbimizdə uşaqlar fiziki tərbiyə dərslərinə çox maraqla qatılırlar. Məktəblilər arasında idmanın kütləviliyinin artırılmasına xüsusi diqqət yetiririk. Uşaqlar futbola, şahmata, damaya xüsusi maraq göstərirlər. Şahmat və dama üzrə qızlar xüsusilə fəaldırlar. Ancaq qızlardan futbola həvəs göstərənlər də var. Hazırda yarışa hazırlaşırıq. Şagirdlərimiz arasında yarış təşkil edəcək, qaliblərimizin ölkə əhəmiyyətli yarışlarda iştirakına çalışacağıq”.

 

Məktəbdə çoxdan fəaliyyət göstərən və elə bu kəndin sakini olan müəllimlər də var. Fəxrəndə Şirəliyeva Fərzili kənd orta məktəbində ibtidai sinif müəllimidir: “15 ildir müəllim kimi çalışıram. Məktəbimizdəki ibtidai sinif müəllimləri  bu kəndin sakinləridir. 13 nəfər birinci sinif şagirdimiz var. Onlar da, elə biz də yeni məktəbimizə görə çox sevinirik”.

 

Məlumat üçün qeyd edək ki, ötən il ölkəmizin 40 bölgəsində 100 modul tipli məktəb istifadəyə verilib. Bu il isə 137 belə məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Fərzili kənd ümumi orta məktəbi də elə qurulub ki, şagird sayı artdığı təqdirdə binanın ölçülərinin böyüdülməsi də mümkündür.

 

87 gənc müəllim Masallıda

 

Yüksək balla müəllim olan və məktəblərdə fəaliyyətə başlayan gənc müəllimlər sadəcə Cəlilabadda deyil. Onların sayı Masallıda da çoxdur. Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçən 87 nəfər gənc müəllim məhz Masallı rayonunun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb.

 

Daha bir maraqlı fakt. Qızların təhsil ala bilməməsi ilə tanınan Masallı barəsində formalaşan bu təsəvvür dağılmaqdadır. Belə ki, ali məktəbə qəbul olunan 500 nəfərin 171 nəfəri, təqribən 40 faizə yaxını qızdır. Bu da qızların təhsilə cəlb olunmasındakı ənənəvi əngəllərin aradan qalxmaqda olduğunu göstərir.

 

Masallıda nömrə 1

 

Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəb onu ilk görəni valeh edir. Əzəmətli bina və səliqəli həyəti ilk baxışdan məktəblə bağlı müsbət rəy yaradır. Görünür, məktəbin uğurlarında elə bu görünüşünün də rolu var. Sadəcə görünüşmü? Maraqlandıqca bəlli olur ki, məktəbin texniki təchizatından tutmuş təhsilin keyfiyyətinə qədər bütün istiqamətlərdə məktəb rayonun nümunəvisidir. Nümunəvi məktəbi də nümunəvi müəllimlər seçir. Yeni tədris ilində işə qəbul olunan müəllimlərin sayı 6 nəfərdir.

 

Əli Alışlı həmin müəllimlərdən biridir. 57 balla bu məktəbdə tarix fənninin tədrisinə başlayıb: “Dərslərimizi yeni tədris proqramı əsasında qururam. Şagirdlər yeni mövzunun 60 faizini elə dərs vaxtı mənimsəyir və evdə əlavə məşğul olmurlar”.

 

Yüksək nəticə ilə - 54 balla müəllimliyə təyinat alan Rafael Əzimov isə kimya fənnini tədris edir. Şagirdləri arasında həkim olmaq istəyənlərin sayı çoxdur.

 

Araz Şahverdiyev 54 balla məktəbdə riyaziyyat fənninin tədrisinə başlayıb. V-VII siniflərdə dərs aparır: “Müasir təlim metodlarından istifadə edirəm. Qruplarla işləyir, mövzuları araşdırırıq. Dərslərimiz çox maraqlı keçir”.

 

Pərvin Babayeva isə Sumqayıtda yaşayıb, təhsil alıb. Elə fəaliyyətə də Sumqayıtda başlayıb. Amma günün birində dədə-baba yurdu olan Masallıda işləmək fikrinə düşüb. Hazırda qohumları ilə yaşayan Pərvin müəllim buradakı vəziyyətindən çox razıdır: “2004-2007-ci illərdə Sumqayıt şəhərində pedaqoji fəaliyyətim olub. Bura gəldiyimə görə peşman deyiləm. Burada I-XI siniflərdə ingilis dilini tədris edirəm. Müasir tədris metodları ilə dərs keçirəm və şagirdlər fikirlərini daha rahat ifadə edə bilirlər”.

 

Məktəbin direktoru Mirxanım Hüseynovanın sözlərinə görə, 2018-2019-cu tədris ilində məktəbdə 1965 şagird təhsil alır. 238 şagird birinci sinif, 138 şagird isə məktəbəhazırlıq qrupunda oxuyur. Builki 117 məzundan 55 nəfəri ölkə ali məktəblərinə, 15 nəfəri isə xarici ölkələrin universitetlərinə daxil olub. 3 nəfər 600-dən, 10 nəfər isə 500-dən artıq bal toplayıb.

 

Ərkivan uğurlu məzunları ilə öyünür

 

Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə də gənc müəllimlər üstünlüyü ələ alıb.

 

Məktəbin direktoru Əbülfəz Əsədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, 480 yerlik məktəbdə 539  şagird təhsil alır. Ötən tədris ilində məktəbi bitirən 19 məzundan 8 nəfəri ali məktəbə daxil olub. Məktəbin ən yüksək bal toplayan məzunu 589 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub.

 

Bu il məktəbdə 43 uşaq birinci sinfə, 38 nəfər isə məktəbəhazırlıq qruplarına cəlb edilib. Onlara dərs deyən 42 müəllimdən 6 nəfəri gəncdir. Aytac Kazımlı 50 balla yeganə vakansiyanı tutaraq ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Aytac müəllim ötən il təqaüdə çıxan müəllimi əvəz edib. III siniflərdə dərsdə olan yeni müəllim uşaqlarla dil tapmaqda çətinlik çəkməyib. Gənc müəllim uşaqları, uşaqları da onu sevir.

 

Qeyd edək ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub.  

 

Ruhiyyə Daşsalahlı

 


05.10.2018 | 12:45