SDU müəllimlərini mükafatlandırdı

“Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır”. Bu sözləri oktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə keçirilən tədbirdə  universitetin rektoru, professor Elxan Hüseynov deyib. Əlamətdar gün münasibətilə bütün Azərbaycan müəllimlərini təbrik edən rektor bildirib ki,  bu gün Sumqayıt Dövlət Universitetinin  təhsildə qazandığı uğurlar məhz universitetdə çalışan müəllimlərin əməyi sayəsində ərsəyə gəlib. Bir sözlə, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, daha da inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.  Professor Elxan Hüseynov ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını və Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dönməz xarakter aldığını, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası yönündə uğurlu addımlar atıldığını vurğulayıb.

 

Sonra universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzun müddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, o cümlədən universitetin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

 

Bayram tədbirində universitetin “Səma” rəqs ansamblı və respublikamızın tanınmış incəsənət xadimləri  rəngarəng çıxışları ilə universitetin professor -müəllim heyətini təbrik ediblər.

 



05.10.2018 | 18:21