“Nənəmin verdiyi suvenir ən qiymətli mükafat idi”

İnanın ki, hər dəfə güclü istedad və bacarıq sahibi olan uşaq və yeniyetmə haqqında yazı hazırlayanda, onların zəngin, rəngarəng, pakdan-pak, olduqca ülvi  mənəvi dünyalarına  baş  vuranda hədsiz  sevinc hissi yaşayıram, hətta bəzən  gizlədə bilmədiyim, əhvalıma qeyri-adi bir ovqat qatan  bu hisslər fərəhdən  gözlərimin yaşarmasına da səbəb olur. Odur ki, yaradıcılıq ocağı olan guşələrə  vaxtaşırı baş çəkir, hər dəfə də  yeni  bir istedad sahibi ilə həmsöhbət olaraq balaca dostlarımın sayını artırıram. Bu dəfə  növbəti ünvanımsa  Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyası oldu.

 

Səsli-küylü sinif otaqlarına yaxınlaşanda uşaqların şaqraq gülüş sədaları məni artıq bu yaradıcılıq məkanının  ritminə, ahənginə köklədi və addımlarımı bir az da yavaşıtdım. Vallah, lap elə beləcə dayanıb onların ürəkaçan  söhbətlərinə saatlarla qulaq assa da, adam doya bilməz. Onlar bir-birinə nə qədər mehriban, nə qədər doğma idilər. Nəhayət, sanki nağıllar aləminin qapısı açıldı və mən də bu möcüzələr  dünyasının  nuruna qərq oldum...

 

Kimi dərs hazırlayır, kimi fortepiano arxasında dünya bəstəkarlarıın əsərlərini səsləndirir, kimi  rəqs edir,  kimi biçmə- tikmə işləri ilə məşğuldur, kimisə  də əlinə  fırça alıb  öz fantaziyasını ağ vərəqlərə  köçürürdü. Bəli, bura sözün həm məcazi, həm də elə tam mənasında  bir nağıllar  aləmidir, - desəm,  düşünürəm ki, yanılmaram.   Milli  Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyası,  sözün əsl mənasında, bir istedad ocağıdır. Gimnaziyanın yetirmələri  istər  respublikadaxili, istərsə də beynəlxalq müsabiqələrdə, festivallarda qazandıqları uğurlarla bu ocağın şərəfini daim ucaldırlar. Direktor Aytən  Əhmədova bu  təhsil və yaradıcılıq məkanına rəhbər təyin olunandan sonra  uşaqlara diqqət və qayğı da  hiss olunacaq dərəcədə artıb. Bir pedaqoq olaraq  o, bu yetirmələrin  hamıdan çox  diqqət və qayğıya,  nəvazişə ehtiyacları olduqlarını bilir və bütün diqqətini onların fiziki, mənəvi dünyalarının sağlamlığına yönəldir. "Onlar mənim övladlarımdır", - deyir Aytən xanım: "Mən şagirdlərimlə fəxr edirəm, çünki bütün  yaradıcılıq müsabiqələrində üzümü ağ edirlər, mənə hər yandan sağ ol qazandırırlar. Onlar ən çətin və məsuliyyətli müsabiqələrə qatılmaqdan qorxmurlar, çəkinmirlər".

 

Təsviri və tətbiqi sənət şöbəsinin müdiri Kəmalə Kərimova da yetirmələri haqqında ürəkdolusu danışdı. Dedi ki, şöbədə qrafika, rəngkarlıq, heykəltəraşlıq, bədii-tikmə, keramika, qobelen, moda-dizayn ixtisaslar üzrə 394 şagird təhsil alır. İstedadlı şagirdlərdən söz düşəndə isə Fərəh adlı bir qızın adını hədsiz sevinc hissi ilə təqdim etdi və onu mənimlə görüşdürəcəyini qərarlaşdırdı. Kəmalə xanım söylədi ki, Fərəh Kərimovanın olduqca parlaq gələcəyinə ümid bəsləyir. Mən də təbii olaraq həmin hissləri bölüşmək üçün Fərəhlə tanışlığa tələsdiyimi müəllimdən gizlətmədim...

 

Böyüdükcə dərk elədim ki, rəssam olmaq asan iş deyil

 

...Üz-gözündən  adı kimi fərəh yağan  Fərəhin 14 yaşı var. Deyir ki, lap erkən yaşlarından   rəsm  çəkməyi sevirəm. Atam mənə çoxlu rəngli  karandaşlar, albomlar, kitablar alardı .  Hələ uşaq bağçasında  olanda belə  rəngli   karandaşlar əlimdən düşmürdü, “Qız”, “Ana”,  “Heyvanlar aləmində”, “Meşə”, Dağlar”, “Təbiət  mənzərələri” şəkillərim  bağça müəllimlərimin xoşuna gəlirdi.  O vaxt mən baça müəllimlərimə  söz vermişdim ki, böyüyəndə rəssam olacağam,  tərbiyə aldığım bağçanın və bağça dostlarımın şəkillərin çəkəcəyəm. Arzularıma çatmaq üçünsə  çox, lap çox çalışıram. Çünki dərk edirəm ki  rəssam olmaq uşaqlıqda təsəvvür etdiyim qədər asan iş deyil. Müəllimim Kəmalə Kərimovanın diqqət və qayğısı sayəsində bu sənətin sirlərinə həvəslə  yiyələnirəm. Əvvəllər əyləncə saydığım bu peşənin fəlsəfəsini dərk etmək və  tamaşaçıya çatdırmaq   olduqca  çətin imiş. 

 

İlk sərgim birinci sinifdə oxuyarkən keçirildi

 

Hər bir rəssamın ən böyük arzusu əsərlərinin sərgisinin keçirilməsidir. Mən də o ilk sevinc hisslərini birinci sinifdə oxuyarkən yaşadım.  Necə deyərlər, arzularımın  biri, mənim üçün bəlkə də ən əhəmiyyətlisi həyata keçdi. Çünki  bu sərgi  gələcəkdə qazanacağım bütün uğurlara nəfəs verəcəkdi və şükürlər olsun ki, hər şey ürəyimcə oldu. Sərgidə təmsil olunan 57 rəsmimin hamısı bəyənildi. Məktəbimizin foyesi gözəl bəzədilmişdi. Tədbirin açılışını Gimnaziyanın rəqs qrupu etdi. Çoxlu qonaqlar, dostlarım, müəllimlərim, valideynlərim  iştirak edirdilər. O qədər hədiyyələr aldım ki! Nənəm məni bağrına basıb gözəl bir gül dəstəsi  verdi. O, mənim üçün ən qiymətli hədiyyə idi. Sərginin nəticəsinə görə ilk dəfə olaraq  məktəb rəhbərliyi  tərəfindən  diplomla mükafatlandırıldım.

 

Belə nənəni necə candan əziz sevməyəsən?!

 

3-cü sinifdə isə ikinci sərgim keçrildi. Yenə də müəllimlərim, valideynlərim, rəfiqələrim Lalə, Milanə, Sona, Ədilə iştirak edirdilər. Sərgimdə  60- yaxın rəsm  əsərim  nümayiş olundu. Budəfəki rəsmimdə yağlı və sulu  boyalardan, açıq, mavi, çəhrayı rənglərdən istifadə etmişdim . Çox həyəcanlı idim. Rəsmlərim sərgi iştirakçılarının  xoşuna gəldi. Amma hamıdan  çox yenə nənəm sevinirdi.  Bu dəfə nənəm mənə “Mələk” adlı  suvenir təqdim etdi.  Yenə də  mənim üçün ən qiymətli  hədiyyə   nənəmin hədiyyəsi idi. Emalatxanamda onu yadigar olaraq saxlayıram.  Əfidə nənəm mənimlə  hər gün maraqlanır.  Neçə qiymət aldığımla, neçə  şəkil  çəkdiyimlə maraqlanır. Sanki bununla o, mənə müsbət impuls ötürür. Deyir ki, uğurlarım ona qol-qanad verir. Belə nənəni necə candan əziz sevməyəsən?!

 

Rəsmlərimdə fantaziyamdan çox bəhrələnirəm

 

2016-cı il də  bəxş etdiyi uğurla mənim  üçün  əlamətdar və yaddaqalan oldu. Naxçıvanda şair və yazıçılara həsr olunmuş  rəsm yarışında  şöbə müdirimiz Kəmalə  xanımdan  qalib olduğumu eşidəndə  sevincim yerə-göyə sığmırdı.  Bütün  rəsmlərimdə fantaziyamdan  çox bəhrələnirəm. Rəsm çəkməzdən öncə fikirləşirəm ki, hansı rənglərdən istifadə etsəm daha  yaxşı effekt verər. Çünki bu sənət  bir dəryadır,   hərə yalnız bacardığı qədər bu dəryaya baş vura, üzə bilər.

 

Sinfimizin istedadlı şagirdiyəm

 

Sinfimizdə 32 şagird  var. Onlar məni  sinfin istedadı adlandırırlar. 2017-ci ildə  Türkiyədə   “Barış və Dostluq” mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsinə qatıldım və I yeri qazandım. 2018-ci ildə qazandığım uğurları sadalamaqla  qurtaran deyil. Yunanıstanda keçirilən  “Dünyanın musiqi yollarında” , Çexiyada “Su  altında həyat” və  sair mövzularda keçirilən beynəlxalq  rəsm müsabiqələrində diplomlarla  mükafatlandırılmışam. Bakıdakı 3 nömrəli Uşaq-Gənclər rəsm qalereyasında “Bilik günü” ilə  bağlı  keçirilən rəsm müsabiqəsində   “XXI əsrin bilik günü” rəsmim hamı tərəfindən bəyənildi və diploma layiq görüldüm.

 

Qalib olacağam

 

Hazırda  Türkiyədə keçirilən   “Kaspi ART” beynəlxalq incəsənət müsabiqəsinə “Qədim Bakı”, “Qarabağ atı” və “Caz Baku” rəsmlərimi  göndərmişəm. Oktyabr ayının  sonlarında qaliblər müəyyən olunacaq. Əminəm ki, şad xəbər eşidəcəyəm. Respublika  üzrə  “Xalq Cümhuriyyəti İli” çərçivəsində rəsm sərgi keçirildi. Sərgidə istedadlı gənclər  iştirak edirdilər. Mən də onların arasında idim. Həmin tədbirdə özüm haqqında  ətraflı məlumat verdim. Qazandığım uğurlardan  söz açdım.  Qeyd edim ki,  3- dəfə  rəsm sərgisi keçirməyə hazırlaşıram. 100- yaxın rəsmim  orada sərgilənəcək. Hələ vaxt təyin olunmayıb. O sərginin sevincini yaşayacağım anı da səbirsizliklə gözləyirəm.

 

“Qaraçı” rəqsini ifa etdim

 

Modellər və libaslar çəkirəm. Bir neçə dəfə  milli  geyimləri nümayiş etdirmişəm. Yeri gəlmişkən qeyd edim ki, mən təkcə rəssamlıqla məşul olmuram, yəni başqa hobbilərim də var. Gimnaziyada fəaliyyət göstərən rəqs dərnəyinə yazılmışam. Milli, dünya rəqslərini çox xoşlayıram. R.Behbudov adın Mahnı Teatrında  R. Behbudovun 100 illik yubileyində “Qaraçı”  rəqsini ifa etdim və  alqışlarla qarşılandım. Gimnaziyada  xor  kollektivinin  də üzvüyəm.  “Ən yaxşı vokal ifaçısı” adını qazanmışam və   diploma layiq görülmüşəm. ncəsənətə dərindən bağlı olduğum üçün  bu sənətin məsuliyyətini  dərindən dərk edirəm. Bacarığıma,  potensialıma  çox güvənirəm. Mənim öz yaradıcılıq dünyam var. Tez-tez televiziya kanallarına dəvət alırıq. İdmanın  demək olar ki, bütün  növlərini sevirəm. Üzgüçülük və gimnastika ilə məşğul olmuşam. 

 

Fərəh ilə  söhbətim qurtaran deyildi, onu dinləməkdən doymaqmı olardı?! Qəfil çalınan zəngsə bizə ayrılmaq xəbərdarlığını verdi. Fərəh dərsə tələsdi, mən isə redaksiyaya...

 

Sifai Səfərova

 


12.10.2018 | 18:01