Paytaxtda bir sıra təhsil müəssisələrinin açılışı olub

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd edilməlidir.

 

Martın 5-də və 6-da belə müəssisələrdən daha 4-nün binası Fondun təşəbbüsü ilə əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışlarda iştirak edib.

 

“İnci”də 230 uşaq təlim-tərbiyə alacaq

 

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərib. Binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir.

 

Sanatoriya tipli bağçada 6 qrup fəaliyyət göstərəcək

 

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrupla fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq.

 

80 nömrəli bağça yenidən qurulub

 

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan 80 nömrəli körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup otağı, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib.

 

Yüz yaşlı bağça yeni görkəmdə

 

Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının martın 6-da açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

 

Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunub. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib.

 

Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq.

 

Qeyd edək ki, yeni istifadəyə verilən bağçaların hamısı zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binalarda videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib.

 

Yeni tədris korpusu Xüsusi Məktəbin imkanlarını genişləndirəcək

 

Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş yeni tədris korpusunun da açılışı olub.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib və açılışı bildirən rəmzi lenti kəsib.

 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib.

 

DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb.

 

Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər.

 

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.

 

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

Yusif ƏLİYEV

 



09.03.2018 | 09:40