"Müzəffər ordunun qəhrəmanları”

Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsinin qaziləri və idman sahəsində yüksək nailiyyətlər əldə etmiş idmançılar ilə “Müzəffər ordunun qəhrəmanları” mövzusunda görüş keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsinin əməkdaşları və müəllimlər  iştirak ediblər.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə  əlaqələr üzrə məsul şəxsi Aysel Tahirovanın  verdiyi məlumata görə, öncə qonaqlar ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb və ruhunu dərin ehtiramla yad ediblər.

 

Tədbir Dövlət himninin səslənməsi ilə  başlayıb.

 

 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova  qonaqlara öz minnətdarlığını bildirib və gənc nəslin tərbiyəsində onların əsl nümunə olduqlarını vurğulayıb.

 

Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Təyyubə Hüseynova  tədbir iştirakçılarına görüşün əhəmiyyəti haqqında ətraflı məlumat verib.

 

Sonra  ikiqat dünya , 7-qat Avropa çempionu  İlham Zəkiyev idmanla məşğul olduğu dövrlərdəki xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və onları maraqlandıran suallara cavab verib.

 

Qəhrəman kəşfiyyatçı İbad Hüseynov çıxış edərək işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu söyləyib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Daha sonra Rus Dram Teatrının aktyoru Şirzad Pirallahı, hərbi diktor Şəmistan Əlizamanlı, 3-qat Avropa çempionu, dünya çempionu Niyaməddin Paşayev, Qarabağ qazisi Eşqin Hüseynov və başqaları maraqlı çıxışlar ediblər.

 

Tədbir bədii hissə ilə yekunlaşıb.

 

Şakir CƏFƏROV

 



14.03.2018 | 13:48