ADU-nun rektoru Macarıstan səfiri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb.

 

Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Macarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.

 

Kamal Abdulla ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində macar dilinin tədris edildiyini bildirib, bunun davamlı olması üçün birgə səylərin vacibliyindən danışıb.

 

“Səfir saatı” layihəsi haqqında məlumat verən Kamal Abdulla Viktor Sederkenyini layihə çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.

 

ADU-da fəaliyyət göstərən mərkəzlər barədə məlumat verən rektor rəhbəri olduğu universitetdə Macarıstan mərkəzinin yaradılması təklifi ilə çıxış edib, eyni zamanda vurğulayıb ki, Macarıstan universitetlərindən birində də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaranması məqsədəuyğun olardı.

 

Macarsıtan universitetləri ilə əlaqənin vacibliyindən danışan Kamal Abdulla Viktor Sederkenyinin bu istiqamətdə mühüm addımlar ata biləcəyinə inamını ifadə edib.

 

4-5 may 2018-ci il tarixdə Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfransı haqqında danışan və dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdə bölmə iclaslarının keçiriləcəyini bildirən Kamal Abdulla Macarıstan universitetlərindən birininin də bu prosesdə iştirak edə biləcəyini diqqətə çatdırıb.

 

Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə  təşəkkürünü bildirən səfir Viktor Sederkenyi səslənən təklifləri müsbət qarşıladığını söyləyib, ADU-da Macarıstan Mərkəzinin, Macarıstanda isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması istiqamətində konkret addımlar atmağın vacibliyini vurğulayıb.



14.03.2018 | 14:55