ADMİU-da “Maestro & Masters” sərgisi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin sərgi salonunda  görkəmli rəssam, Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının  həqiqi üzvü, ADMİU-nun “ Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Əzizin və onun magistr tələbələrinin “Maestro & Masters” sərgisi  keçirilib. Görkəmli rəssamın 75 illik yubileyinə həsr olunmuş sərgi universitetin tarixində ilk dəfə olaraq “ müəllim-tələbə” formatında təşkil olunmuşdu. Belə ki, sərgidə Arif Əzizin fərqli yaradıcılıq dövrlərini əks etdirən 10 əsəri ilə bərabər rəssamlıq fakültəsinin müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr  tələbələrinin də əl işləri nümayiş olunurdu.

 

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva bildirdi ki,  40 ildən artıq Azərbaycan incəsənətində imzası ilə tanınan Arif Əziz fəaliyyətində bədii yaradıcılıq ilə  pedaqoji işi, üslub axtarışlarında  ənənə ilə yeniliyi, fərdi manerasının formalaşmasında akademik məktəb və dövrün meyllərini birləşdirən şəxsiyyətdir. Arif Əzizin yaradıcılıq diapazonu dekorativ sənət,  qrafika, rəngkarlıq, dizayn, teatr-dekor sənəti sahələrini əhatə etməklə ardıcıl şəkildə milli  təsviri incəsənətimizin son yarım əsrdə keçdiyi tərəqqi yolunu  özündə aydın və emosional  tərzdə əks  etdirir. Müasir  şəkildə işləməsi, zamanın çağırışlarını duymaq, onun bədii nəbzini hiss edib ətrafdakılara ötürmək, bilikləri ilə paylaşmaq, alicənablıq- sadalanan bu amillər artıq  47 ildir ki, tələbələrimizi cəlb edir, zənginləşdirir və dünyanı fərqli tərzdə ifadə etməsinə yol açır.  Rektor görkəmli rəssam,  bacarıqlı pedaqoq    Arif  Əzizə yeni-yeni   yaradıcılıq   uğurları  arzuladı.

 

Çıxışçılar  yubilyarın gözəl və təvazökar insan,  tələbələrin yaxın dostu olduğunu, onunla  həmişə  fəxr etdiklərini söyləyiblər.

 

Sifai SƏFƏROVA     

 



14.03.2018 | 17:28