Məktəblilər Bakı Olimpiya Stadionu ilə tanış olublar

Martın 28-də təşkil olunan təbirdə məktəblilərə bu möhtəşəm idman qurğusu barədə ətraflı məlumat verilib. Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən, 50 hektar ərazini əhatə edən stadion altı mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınıb. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

 

Qeyd olunub ki, 2015-ci ildə ilk Avropa, ötən il isə IV İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub. Azərbaycan idmanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubu bu turnir çərçivəsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib.

 

Rəşad ZİYADOV

 

 



28.03.2018 | 17:31