20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əcnəbi tələbələr üçün 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent A.Babayev əcnəbi tələbələrə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və  20 Yanvar faciəsi haqqında məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri N.Məmmədli əcnəbi tələbələrə Azərbaycan xalqının milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti və xalqın mübarizəsi haqqında məlumat verib. O, 20 Yanvar günü milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyini bildirib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri R.Həsənov 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Vətən uğrunda canlarından keçən oğul, qızlarımızın qəhrəmanlığından danışıb.

Qeyd edək ki, tədbir ADNSU-da təhsil alan əcnəbi tələbələri 20 Yanvar faciəsi haqqında məlumatlandırmaq məqsədilə təşkil olunub.

Yanvarın 18-də ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi universitetin şəhid olmuş 3 tələbəsi - Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin barelyefləri önündən başlanıb. İştirakçılar şəhidlərin vaxtı ilə oxuduqları fakültələrdə qoyulan barelyefləri önünə qərənfillər düzüb, onların xatirəsini yad ediblər.

Şəhidlərin ailə üzvləri və yaxınlarının iştirak etdiyi anım tədbirində çıxış edən rektor, professor M.Babanlı 28 il əvvəl baş verən qanlı yanvar hadisələrindən danışıb. ADNSU-nun şəhid olan mübariz ruhlu tələbələrinin həmin günlərdə göstərdiyi şücaəti vurğulayan rektor, professor M.Babanlı Azərbaycanın məhz bu cür oğulları sayəsində müstəqilliyini qurduğunu və bu gün də bu müstəqilliyi qoruduğunu deyib. Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə şəhid olan gənclərin ADNSU-da daim qürurla xatırlandığını deyən M.Babanlı şəhidlərin yaxınlarına və ailə üzvlərinə anım tədbirində iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri onların doğmalarına göstərilən diqqətdən razı qaldıqlarını bildiriblər. Tədbir iştirakçıları həmin dövrü və 20 Yanvar hadisələrini xatırlayıb, şəhid olan qəhrəman oğulları bir daha yad ediblər.

Şəhidlər haqqında xatirələrini bölüşən yaxınları 20 Yanvarın Azərbaycan tarixində matəm izi ilə yanaşı, həm də şanlı bir iz qoyduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları işğal olunmuş torpaqlarımızın düşməndən azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildiriblər.

 

 

 

Bakı Mühəndislik Universitetində

 Azərbaycan xalqının tarixinə  qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il keçir. Bununla əlaqədar Bakı Mühəndislik Universitetində “20 Yanvar - ümumxalq hüzn günü” adlı tədbir keçirilib. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra  20 Yanvar hadisələrinə həsr olunmuş sənədli videofilm nümayiş olunub. Tədbirdə çıxış edən universitetin prorektoru, fəlsəfə doktoru Bayram Hüseynzadə bildirib  ki, 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktıdır. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli lider Heydər Əliyev olub.  Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Qanlı yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daha sonra söz Müharibə Veteranı  Qadınların Sosial Yardım  İctimai Birliyinin sədri Rada Abbasa verildi. Rada xanım qanlı gecənin canlı şahidi kimi qeyd edib ki,  milli mübarizəyə  qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri də atəşə tutulurdu. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək adam yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Daha sonra çıxış edən Bakı Mühəndislik Universitetinin müəllimi, tarixçi dosent Bilal Dədəyev faciənin unudulmayacağını, xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşadılacaq və gələcək nəsillərə ötürüləcəyini bildirdi.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində

Yanvarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimdən öncə iştirakçılar 20 Yanvar faciəsi ilə bağlı kitablardan ibarət sərgi ilə tanış olublar. 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 20 Yanvar faciəsindən 28 il keçir. Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar.

Rektor qeyd edib ki, bizim əksəriyyətimiz 20 Yanvar hadisələrinin canlı şahidləriyik. 20 Yanvar xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 22-də xalqımız mərdliklə şəhidlərini dəfn etdi. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev bu faciəyə görə  öz haqq səsini ucaltdı. Bu faciəyə siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi. Böyük dövlət və siyasi xadim Heydər Əliyevin qeyd etdiyi kimi, “Azadlığı əldə etmək nə qədər çətindirsə, onu qorumaq da bir o qədər çətindir”. Azadlıq böyük nemətdir. Biz bu neməti göz-bəbəyimiz kimi qorumalı, müstəqil dövlətimizi daha da gücləndirmək üçün əzmlə, vicdanla çalışmalıyıq. Bu, bizim bütün şəhidlərimiz qarşısında müqəddəs mənəvi borcumuzdur. Müasir dünyamızda mürəkkəb beynəlxalq siyasi vəziyyət mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür. Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu var. Biz ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə dəstək verməli, öz sahəmizdə layiqincə fəaliyyət göstərməliyik.

Tədbirdə musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası kafedrasının baş müəllimi, ehtiyatda olan kapitan  Natiq  Əliyev məruzə edib. Məruzəçi bildirib ki, ADPU-nun müəllim və tələbələri ümumxalq hərəkatında fəal iştirak ediblər. Eyni zamanda universitetin məzunları və tələbələri Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstəriblər. ADPU-nun 18 şəhidi var. Onlardan 2-si “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1 nəfəri isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmayacaq. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək şahidi olduqları hadisələr barədə məlumat verib. 20 Yanvarı  xalqımızın faciə  və qəhrəmanlıq günü kimi səciyyələndiriblər.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

 

Azərbaycan Dövlət Pedaqoji Kollecində

 Şakir CƏFƏROV

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində  20 Yanvar hadisələrinə  həsr olunmuş tədbir  keçirilib. Tədbirdə ADPK-nın  müəllim və tələbələri, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, 20 Yanvar hadisəsinin iştirakçıları və  başqaları  iştirak ediblər.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi  daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan  xalqına qarşı həyata keçirdiyi vəhşi terror  aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən  biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik  sükutla  yad edilib.

Kollecin direktoru, hüquq  üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki,  xalqımızın yaddaşına silinməz faciə kimi  yazılmış  20 Yanvar  faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir. 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz  müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Tədbirdə 1-ci qrup Vətən müharibəsi əlili  Arif Məhərrəmov və BDU-nun professoru İdris Əhmədov bu hadisələrin şahidi olduğundan  ürək ağrısı ilə öz başlarına gələnlərdən   danışıblar.

ADPK-nın tarix müəllimi  Nailə Zaliyeva Sovet imperiyasının başında  duran Qorbaçovun cinayətlərindən söz açıb.

Tədbirdə 20 Yanvar  faciəsinə aid  videoçarx   göstərilib  və  musiqili ədəbi-bədii kompozisiya nümayiş  etdirilib.



17.01.2018 | 15:41