DİM imtahan keçirəcək

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahanlarda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar; üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) iştirak edəcək.

 

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Yevlax, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Həmin imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə aprelin 9-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada iştirakçılara  imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

İmtahanlar bütün binalarda eyni vaxtda-saat 11:00-da başlanır.

 

Namizədlər  imtahana gələrkən  imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə götürməlidir. Xatırladaq ki, şəxsiyyəti təsdiq edən sənəd Azərbaycan Respublikasının vətəndaşlarının (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsi, əcnəbilərin icazə vəsiqələri və pasportları, vətəndaşlığı olmayan şəxslərin yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələri, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələri, qaçqın statusu almış şəxslər və onların ailə üzvlərinin isə qaçqın vəsiqələridir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  şagirdlər  digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidir.

 

İmtahanda 7121 (Bakıda 2017, Naxçıvanda 452, Gəncədə  856, Sumqayıtda 356, Yevlaxda 21, Şəkidə 422, Bərdə şəhərində 727, Göyçay şəhərində 384, Şirvan şəhərində 653, Lənkəran şəhərində 795, Xaçmazda 438) nəfərin  iştirakı nəzərdə tutulur.

 

İmtahanların idarə olunması üçün 49 imtahan rəhbəri, 599 nəzarətçi-müəllim ayrılıb.



12.04.2018 | 15:36