“Biz daha yaxşı nəticə olsun deyə çalışırıq”

“Rektor danışır” layihəsinin qonağı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevadır.

 

- Universitetiniz haqda mənfili-müsbətli çox söhbət var idi. Müsbətlərdən başlayaq. Gözəl təmir olunub binanız...

 

 

- Mədəniyyət və İncəsənət Universiteti deyəndə mütləq hamı gözəl bir bina təsəvvür edir. Bizim təmirdən sonrakı ortamımız o təsəvvürə uyğundur artıq. Bir il müddətində bina əsaslı təmir olundu. İndi mədəniyyət və incəsənət sahəsi üçün kadr hazırlamağa tam infrastrukturumuz var. Auditoriyaları gəzib özünüz də görə bilərsiniz, standart auditoriyalar demək olar yığışdırılıb. Praktik, rahat sinif, auditoriya nədirsə, onu etmişik.

 

- Yəni necə?

 

 

- Kiçik səhnələrdən ibarət xeyli sayda sinif otağımız var. Tamaşa nümayiş etdirmək üçün iki böyük zalımız, kino pavilyonumuz, xüsusi məşq otaqlarımız var. Səhnə hərəkəti, səhnə danışığını öyrənmək üçün tələbələrimizə məhz bu praktik audioriyalar lazımdır. Universitetimiz çoxprofillidir. Beş fakültəmiz var. Demək olar ki, mədəniyyət və incəsənətin bütün sahələri üzrə mütəxəssis hazırlanır. Musiqi sənəti, rəssamlıq, teatr sənəti fakültəsi var. Aktyorlar, rejissorlar, teatrşünaslar məhz burda yetişir. Bir də kino və televiziya fakültəsi var. Burda isə kino, televiziya sənəti üzrə aktyorlar, rejissorlar, operatorlar, kinoşünaslar, ədəbi yaradıcılıq ixtisasları üzrə mütəxəssislər yetişir. Kulturologiya fakültəmizdə isə mədəniyyətin müxtəlif sahələrində - klub, mədəniyyət evi, mədəniyyət sarayları, muzey, konsert salonları, filarmoniya, kitabxana və teatr-kino müəssisələrinin rəhbərlərindən tutmuş mədəni-kütləvi tədbirlərin təşkilatçıları kimi vəzifələrdə çalışa biləcək yüksək ixtisaslı kadrlar hazırlanır. Yəni, işimiz də maraqlıdır, binamız da yeni və gözəldir. Bizə qalır yaxşı nəticə əldə eləmək.

 

- Bunu necə, bacarmısınızmı?  Bir qədər də dəqiqləşdirim sualı. Haqqında xeyli mənfi söhbət dolaşan bir universitetdə bu gün ab-hava necədir? Pedaqoji və tələbə heyətinin indiki səviyyəsi sizi qane edirmi?

 

 

- Bəlkə belə də soruşmaq olardı, tələbələr və pedaqoji heyət məndən razıdırmı?

 

- Onu soruşmaq xeyli zaman apara bilər, konkretləşdirmək olmaz. Heç səmimi cavab da verməzlər. Amma sizin deyəcəklərinizdə həm də onların sizə münasibəti görünəcək.

 

 

- Əslində, vəziyyət belədir: rektor tələbə və müəllimdən asılıdır. Yəni, onların necə olması bizim haqqımızda fikir formalaşdırır.

 

- Bəs onda rektorun üzərinə düşən vəzifə nədir? Bir də onlar, tələbələr və müəllimlər necədir?

 

- Tələbə də, müəllim də hiss etməlidir ki, rektor onların yaxşı fəaliyyət göstərməsinə sözdə yox, əməldə çalışır. Mən belə olmaq üçün əlimdən gələni edirəm. İndi dəqiq bilmirəm, onlar bunu nə dərəcədə hiss edir. Amma düşünürəm ki, hiss etməmiş olmazlar. Əks halda onların özünün də yüksək əhvali-ruhiyyəsi və rahatlığı olmazdı. Universitetdə mənfi ortam varsa, bu, rektorun nüfuzuna zərbədir. Əgər müəllim işinə, dərsə enerji, həvəslə başlamırsa, tələbə auditoriyaya ürəklə girmirsə, bu, mütləq rektorun məsuliyyətinə bağlıdır. Düşünürəm ki, biz bu kimi məsələlərin xeyli hissəsini həll edə bilmişik. Müəllimlərimiz tələbələrə biliklərini ötürür, tələbələrimiz də buranı ikinci evləri kimi qəbul edir. Bəzən elə olur gündüz saat ondan, ya da doqquzdan bura gəlib, axşam saat on birə kimi işləyirlər. Yəqin çox pis vəziyyət olsaydı, gecə saatlarına qədər nə müəllim, nə də tələbə qalmaq istəyərdi.

 

- Fərəh xanım, kənardan özünüzə, fəaliyyətinizə baxa, dəyər verə bilirsinizmi?

 

 

- Heç vaxt özümdən razı olmamışam. Özümə kənardan baxanda ağlıma gələn ilk fikir bu olur. Həmişə düşünürəm ki, etdiyin bu işin daha yaxşısını görmək mümkündür. Növbəti hədəf məhz o daha yaxşı olur. 

 

- Özündən razı olmaq nədir sizə görə?

 

- Qeyri-səmimilikdir bu. İnsan heç vaxt özündən razı qala bilməz. Daha artığı və daha yaxşısı mütləq var. Əsas olanı budur ki, insan vicdanı ilə üz-üzə duranda utanmasın.

 

- Siz vicdanınızla üz-üzə duranda necəsiniz?

 

 

- Ən təhlükəli üzləşmədir vicdanla üz-üzə qalmaq. Mən bu üzləşmədə çox rahatam. Heç kimi və heç nəyi yola verməyə çalışmamışam. Çalışdığım əlimdən gələni etmək olub, bunu da etmişəm.  Amma bu nə qədər alınıb və ya ümumiyyətlə, alınıbmı, bunu qəti şəkildə deyə bilmərəm.

 

- Bayaq qeyd etdiniz ki, tamaşa nümayişi üçün iki böyük zalınız var. İndiyə qədər hansı tamaşalar qoyulub tələbələriniz tərəfindən? Və universitet olaraq daha böyük səhnələrdə tələbələrinizin iştirakı ilə tamaşa nümayişini təşkil edə bilmisinizmi? Yəni bunu o mənada deyirəm ki, belə təşkilatçılıq həm də onların gələcəyini müəyyən edə bilər. Bir növ hansı keyfiyyətdə tələbə yetişdirildiyini geniş ictimaiyyət görər...

 

- Bizdə tamaşa xatirinə tamaşa oynanılmır. Tələbələrimiz birinci kursdan başlayaraq tamaşalar hazırlayır. Bizim aktyor sənəti, səhnə mədəniyyəti kimi imtahanlarımız məhz səhnədə verilir. Bunun nəzəriyyəsi olmur. Belə imtahanlar həm də iştirak etmək, baxıb öyənmək istəyən hər kəs üçün açıq olur. Bəzən kənardan gəlib tamaşalara baxırlar. Elə bilirlər onları hansısa tamaşaya dəvət ediblər, əslində, doğrudur, onlar elə tamaşaya baxırlar. Ancaq bir məqam var, o rolu oynayanlar təkcə tamaşa təqdim etmir, həm də imtahan verir. Bunun özü çox maraqlı məqamdır. Yəni fərqli formada imtahandır. Başqa fakültə, kurslardan tələbələr, müəllimlər gəlir, baxıb qiymət verir, müzakirə aparırlar. Tələbələrimiz Axundovun, Şekspirin, Haqverdiyevin, Elçinin əsərlərini oynayır. Əslində, kənarda olanda adama elə gəlir ki, bu universitetdə hər şey çox sadədir. Belə deyil, buranın təlimi, tədrisi çox ağır prosesdir. Mən nazirlikdə işlədiyim müddətdə düzü, bu qədər çətin olduğunu düşünmürdüm. Bəzən belə də olur, o tamaşalara baxmağa gələn və ancaq nəzəriyyə öyrənən tələbələrimiz deyir ki, heyif deyil bizim fakültə. Kitabdan oxuyub, sonra gedib danışırıq, qiymətimizi alırıq, vəssalam. Bir saat yarım da imtahanmı olar?! Bir məsələ də var. Bizim sahədə hamı mütəxəssis yetişdirə bilmir. Amma bizə baxan hər kəs, heç mütəxəssis olmayan da “xoşum gəldi” və ya “bəyənmədim” səviyyəsində rəy bildirə bilir. Çünki bu onun haqqıdır. Amma yenə də ən dəqiq rəyi peşəkarlardan alıb işimizə davam edirik.

 

- Bir az kapitalizmin məsuliyyəti deyirlər, bir az da insanların səbəb olduğunu söyləyirlər. Əslində, buna mədəniyyət və incəsənət sahəsində SOS siqnalı da demək olar. Tamaşalara o qədər də axın yoxdur, insanlar mədəniyyət və incəsənətdən uzaqlaşıb. Daha yüngül şoulara maraqlıdırlar. Bir də daha vacib bir məqam, istedadlı adamlar işsiz qalır. Ən yüksək səviyyədə olan ali məktəb bitirsələr belə, yerləşə bilmirlər. Eyni zamanda belə bir təəssürat da var ki, gedən sənət adamlarının yerinə yeniləri gəlmir, ya da gələnlər o nəhənglikdə yetişmir. Bu qədər qarışıq durumda işlərin içində olan biri kimi siz nə düşünürsünüz?

 

- Mən bu məsələdə pessimist ola bilmirəm. Sizə bir sualım var. Siz mədəniyyəti və incəsənəti olmayan bir dövlət və ya millət, toplum görmüsünüzmü?

 

- Təbii ki, xeyr...

 

- Deməli, kimsədə pessimizm olmamalıdır. Mən prosesin içində olan adam kimi deyirəm. Zaman-zaman istedadlar da, sənət fədailəri, nəhəngləri də olub, olacaq. Bunsuz mümkün deyil. O fikirlə razıyam ki, mədəniyyət və incəsənət sahəsi biznes sahəsi ilə müqayisədə bizdə elə gəlirli sahə sayılmır. Amma yoxdur, bitir, tükənir kimi qorxulardan da söhbət gedə bilməz. Qəribə olanı budur ki, mədəniyyət və incəsənət sahəsini seçən adamların da böyük pul iddiası olmur. Onlar daha çox mənəviyyat adamlarıdır. Başqa xarakterdə, üslubda insanlardır. Məsələn, bir biznes adamını alqışlarla razı salmaq olmaz. Amma bir aktyor tamaşaçı alqışı qarşısında milyon kəs baş əyməyə hazırdır.

 

- Yəni indiki iqtisadi münasibətlərin hələ gəlib tapmadığı adamlar varmı deyirsiniz?

 

- Əminliklə deyirəm, var. Elə adamlar var ki, onları sosial quruluşlar qətiyyən maraqlandırmır, çünki onlar hamıya lazımdır. Məsələn, bütün quruluşlara mədəniyyət və incəsənət adamları mütləq lazımdır. İndi bizdə tələbələrin necə ürəklə, gecə yarısına qədər işlədiklərini görsəniz, bəlkə ondan sonra əmin ola bilərsiniz. Məhz həmin uşaqlar Azərbaycan mədəniyyəti və incəsənətinin yükünü çiyinlərinə götürəcəklər.

 

- Beş il əvvəl və indi, haradan hara gəlmisiniz?

 

 

- Əslində, haradan hara gəlməyimiz zəruri bir tarixi prosesdir. Bizim universitetin həmişə gözəl ənənələri olub. 95 yaşı var bu ail təhsil ocağının. Görün neçə ildir yoldadır. Hər halda bugünkü göstəricilərimiz daha ürəkaçandır deyə bilərik.

 

- Bizim cəmiyyət olaraq da bir problemimiz var. Diplomum olsun! Haranı bitirir bitirsin, sənədi olsun ki, bu gənc diplomludur. Necədir belə yanaşmalara münasibətiniz?

 

 

- Məncə, boş-bekar qalıb yayınmaqdan, cahil olmaqdansa, gəlib oxusunlar. Qoy elə diplomları olsun əllərində.

 

- Bilirsinizmi niyə soruşuram? Son zamanlar iş tapa bilməyənlərin əksəriyyəti diplomlulardır. Əslində, bunu irad kimi tutmaq deyil məqsədim. Demək istəyirəm ki, belə hallarda insanlar ali təhsil müəssisələrini və dövləti günahlandırır. Amma qəbul etmək istəmirlər ki, diplom xatirinə oxuyublar, ali təhsil müəssisəsindən orta səviyyədən də aşağı mütəxəssis kimi çıxıblar. Burada ali təhsil müəssisələrinin günahı da az deyil.

 

 

- Əvvəla oradan başlayaq ki, biz uzun illər, elə indinin özündə də daha çox ona tərəfdarıq ki, övladlarımız ali təhsil alsın. İndi kiminsə iddiaları olur, həm də karyera barədə düşünür, bu ayrı məsələdir. Amma elə adamlar da var ki, sadəcə diplomu olsun deyə oxuyur. İnanın, onların bayırda, auditoriyadan kənarda qalıb pis vərdişlərə yiyələnməyindənsə, elə ali məktəblərdə məşğul olması, heç olmasa orta səviyyəli bir vətəndaş olması daha faydalıdır. Bir məsələ də var. Oxuyan qızlar, hətta işləməsələr belə, gələcəkdə savadlı anadırlar. Savadlı ananın yetişdirdiyi övlad mütləq yaxşı yol seçər, düzgün istiqamətləndirilmiş olar. Yəni heç nə etməməkdənsə, diplom xatirinə olsa belə, qoyun oxusunlar.

 

Qaldı ali təsil müəssisələrində təhsilin səviyyəsi haqda təəssürata, onu deyim ki, bizim universitetin çox yaxşı pedaqoji heyəti var. Onlar bildiklərini dərinliklərinə qədər tələbələrə öyrətməyə çalışırlar. İndi hansı tələbə nə qədər qavrayır, bu artıq onun bacarığına qalır. Ancaq biz daha yaxşı nəticə olsun deyə çalışırıq. Belə nəicələr də təbii ki, var. Bir də ola bilər kimsə diplomludur, işləmir, amma yenə də hansısa sahə üzrə müəyyən qədər də olsa bilik əldə etmiş adamdır. Müəyyən dünyagörüşü formalaşıb. Bir də insanların təhsil almaq hüququ var.  Onların bu hüquqları ilə bağlı biz qərar verə bilmərik. Qoy bizim gənclər hətta diplomlarını işlətməsələr də, ali təhsil müəssisələrində formalaşsınlar, küçədə yox.

 

(ardı var)

 

Jalə MÜTƏLLİMOVA

 



13.04.2018 | 09:47