Cəmiyyətin əsası və insanlığın akademiyası

Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin də yoxdur. Ailə kiçik dövlət, mən deyərdim ki, elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir. Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir. Amma onu qorumağa səbr, çox şeyi bağışlamağı, bəzən də çox şeyi unutmağı bacarmaq  lazımdır.

 

Mübaliğəsiz belə bir fikir səsləndirmək olar ki, ailəni əvəzi olmayan nadir və az tapılan qiymətli sərvət kimi dağıtmaq yox, qorumaq hər bir vətəndaşın borcudur. Zənnimcə, ailəni quran hər iki tərəf birgə həyata başlarkən hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini isə iki dəfə artırmalıdır. Ər də, arvad da yaşadıqları birgə həyat zamanı ağılla hərəkət etməli, hissə qapılma halları zamanı onu içində boğmağa cəsarət və iradə tapmalıdır. Qarşılıqlı güzəştə getmək ailənin özülünü bərkidir. Təcrübə göstərir ki, əksər hallarda tərəflər arasında əvvəlki sevgi uzun çəkmir. Ona görə də ailənin qorunması üçün başlıca məsələ səbr nümayiş etdirməkdir. Nikahın təntənəli qeyd olunmasına  qədər hər iki tərəf bir-birlərinin xarakterini, vərdişlərini, cəmiyyət üçün önəm daşıyan mənəvi  dəyərləri nə dərəcədə qoruya biləcəklərinə əmin olduqdan sonra razılığa imza atmalıdırlar.

 

İki qəlb, bir iradə

 

Ailə uşaqlardan başlayır. Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır. Ailə yeganə yerdir ki, qarşılıqlı hörmət və ehtiramı yalnız orada ərsəyə gətirib, gələcək nəslin sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır. Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir R.Taqor deyir: “Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir”. Mən deyərdim ki, tərəflərin iki qəlbi olsa da iradələri bir olmalıdır ki, daha da möhkəmlənsin. Bu mənada ailə intizamlı məktəb kimi cəmiyyətə görk olmalıdır. Bir az da obrazlı ifadə etsək, ailə (uşaqların olduğu ailəni nəzərdə tuturuq) insanlığı da öyrədən bir akademiyadır.

 

Son  zamanlar ailə-nikah münasibətlərindəki mübahisələr ictimai müzakirələrin predmetinə çevrilib. Cütlüklər sevgi və məhəbbətə, qarşılıqlı hörmət və ehtirama söykənən bəşəri dəyərlər əsasında  ailə həyatı qursalar da çox çəkmədən yollar ayrılır.  “Xasiyyətimiz uyğun gəlmədi”, “Məni tez-tez aşağılayır”, “Kobudluq edir, uşaqlara baxmır!” və s., və i.a.  Səbəbləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür. Nikah qeydə alınan zaman tərəflər arasında ailə müqaviləsinin imzalanması  təklif edilir. Guya bu təklifin qəbulu   boşanma zamanı əmlakın bölünməsi məsələsinin həllində məhkəmələrə çətinlik yaratmayacaq.

 

Nikahın pozulmasına təsir edən digər səbəblər sırasında tərəflərin bilik səviyyəsi, intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və əxlaqi keyfiyyətləri də bu məsələdə rol oynayır... Daha sonra sosial səbəblərin-işsizliyin, yoxsulluğun, narkomanlığa və spirtli içkilərə aludəçilik hallarının olmasını da qeyd edənlər var.

 

Lakin boşanmaya gətirəcək real səbəblərin tapılması, həmin səbəblərin təhlili, doğuran şəraitin - sosial faktorların öyrənilməsi və aradan qaldırılması üçün sosial institutların rolu hiss olunmur.  Bir az keçmişə nəzər yetirsək bu gün üçün ibrət götürüləsi faktorların olduğunu görə bilərik. Keçmişdə ata-babalarımız ailə həyatı qurarkən heç birinin nə təhsili varıydı, nə oxuya, nə də yaza bilirdilər. Amma ailə həyatı davamlı olurdu.  10-11 uşaq böyüdən valideynlərin həyatı bugünkü gənclərə görk olmalıdır. Yoxsulluq və işsizlik şəraitində yaşayan keçmiş kişi və qadınlarda gərginliyə gətirib çıxaracaq fikir ayrılıqları olmuşsa da ailə həyatı məcrasından çıxmazdı. Çünki ailənin müqəddəsliyi və  Allah tərəfindən “himayə” olunması faktoru təkzib olunmurdu. Həmin dövrün deyiminə görə, “Ailə yalnız xəyanət olarsa dağıla bilər”di!  Kişi bir az ucadan danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin səviyyəsi həmin dövrdə boşanmağa təsir edə bilməzdi və boşanma halları ümumiyyətlə olmurdu-desək yanılmarıq.

 

Bu gün üçün, daha doğrusu, şəhər həyatı üçün kişilərin spirtli içkilərə aludəliyi və narkomanlığa meyil halları diaqnostika edilə və cəmiyyətin müalicə oluna bilən  xəstəliklərindəndir. Bu səbəbdən qadınlar tərəfindən boşanmalara üstünlük verənlərin sayı da az deyil.

 

2017-ci il ərzində (dekabrın 1-nə olan məlumat)  Azərbaycanda boşanmaların sayı 11 min nəfər olmuş, həmin dövrün yanvar-noyabr ayları ərzində  78,5 min nikah qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə olan nisbətdə nikahların sayı 9,1; boşanmaların sayı isə 1,3 olmuşdur.

 

Ailəyə sədaqət andı

 

Qənaətimizə görə, müasir dünyada  boşanmalara  gedən yol açıq və hamardır. Gənclərin əksəriyyəti ailəni cəmiyyətin əsas özəyi olduğunu dərk etmir və yaxud onun konstitusion mahiyyətini anlamır. “Ailə cəmiyyətin əsas özəyidir” ifadəsi əsas qanunumuzda da əksini tapıb. Amma bunun açması gənclərə aşılanmır. Nikahın təntənəli qeydə alınması zamanı  “Ailə məcəlləsinin (9,10 və 11-ci  maddələri) maddələrini rəhbər tutmaqla  “Siz ər-arvad elan olunursunuz!” ifadəsinin əvəzinə,  hər iki tərəfin bir-birilərinə  sədaqət göstərəcəkləri, köməksiz vəziyyətdə (ərin və yaxud arvadın) olduqları, ağır xəstəliklərdən əziyyət çəkdikləri zaman yanında olacaqlarına, ona hörmət və ehtiramla qulluq edəcəklərinə, həyatlarının son gününədək sevgiyə sadiq qalacaqlarına dair hamıya görk olacaq və ətrafı riqqətə gətirəcək məzmunda müraciət edilməli, bir növ  “Ailəyə sədaqət andı”  içilməli və hər iki tərəf ona imza etməlidir. And təntənəli toy mərasimlərinin və ailənin bir növ himninə - rəmzinə çevrilməlidir. Konstitusiyamızın 74-cü maddəsində “Vətənə sədaqət” vəzifəsi hər bir vətəndaşın (dövlət qulluqçusunun, hərbiçinin, dövlət qulluğunun xüsusi növündə çalışan məmurların içdiyi and da “Vətənə sədaqətin” nümunəsidir) müqəddəs, konstitusion vəzifəsidir. Bu vəzifəni icra etməmək sədaqətsizliyin bariz nümunəsi kimi xəyanətə bərabər tutulur və cinayət məsuliyyəti yaratdığı üçün dəyər kəsb edir.

 

Zənnimizcə, “Ailəyə sədaqət” ruhunda  andın (mətni dərin məna kəsb edən məzmunda tərtib etmək lazımdır)  içilməsi, toy şənliyində iştirak edənlərin hüzurunda ucadan səsləndirilməsi və həmin andın hər iki tərəfin imzalamasından sonra  Ailə Məcəlləsinin müvafiq  maddəsinə uyğun  nikahın bağlanması ailənin nüfuzunu artıra, onu gənclər üçün müqəddəsləşdirə bilərdi. Qeydiyyat şöbələri tərəfindən toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri toydan sonra dəyərini itirir. Həm qız, həm də oğlan tərəfindən şahidlik edib,  zamin duranların imzaları ilə  nikahı təsdiqləmələri isə formal tərəfdir.

 

Nikahdan öncə psixoloji test

 

Azərbaycanda boşanmaların səbəbləri diqqətlə araşdırılmadığından öncədən proqnozlar vermək çətindir. Yuxarıda qeyd etdiyimiz kimi, tərəflər (ər/arvad) həyatı və gələcək taleyi ilə bağlı atdığı addımları diqqətlə, ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli, təkcə zahiri görünüş, bəlağətli və yaxud pafoslu sözlər diqqət çəkməməlidir. Nikah zamanı gənclərin şüurunda gələcəkdə həyata gələcək uşaqların vətən və cəmiyyət üçün yüksək tərbiyəsi hər iki valideynin borcu kimi dərk edilməli, ailənin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün cütlük bütün imkanları daxilində çalışacaqlarının mahiyyətinə  varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə tərəflərə Qeydiyyat şöbələrinin peşəkar və yaxud, Komitənin məsul işçiləri tərəfindən aşılanmalıdır. Hər iki tərəfin nikahdan öncə psixoloji (peşəkar psixoloqların, sosioloqların, hüquqşünasların, müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin  iştirak etdiyi) testdən keçmələri də gələcək ailənin qorunub saxlanılmasında mühüm şərtdir.

 

Yeni ailə quranlara  ixtisaslarına uyğun işlə təmin edilərkən üstünlük və mənzilə ehtiyacları olarsa az faizlə, uzunmüddətli kredit verilməlidir.

 

Hər bir yeni ailənin gələcək həyatı  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətində olmalı, mövcud çətinliklərin aradan qaldırılmasına diqqət yetirilməlidir. Belə yanaşma ailənin daxili işinə müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam inkişafı, daha doğrusu, ailənin cəmiyyətin əsas özəyinə çevrilməsi üçün geniş imkanlar açılır.

 

 AM-də nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı mürəkkəbləşməlidir. Bütün hallarda boşanmalar, bir qayda olaraq, yalnız və yalnız məhkəmənin  aktı ilə baş tutmalıdır. Boşanmaya əsas verən səbəblərin ciddi və mühüm səbəb kimi qəbulu məsələsi də məhkəmələrin səlahiyyətinə aid edilməlidir.

 

Ailənin bütövlüyünü qoruya bilməyən, uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının  ödənilməsinə biganə qalan ər-arvad dövlətin etibar  etdiyi vəzifənin də öhdəsindən gələ və yaxud, tutduqları vəzifələrinin icrasına başlamazdan öncə içdikləri anda sədaqət göstərə bilməzlər. Yaxşı olardı ki, dövlətin himayəsində olan ailənin qorunub saxlanılması üçün əhali arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər sırasında diqqətçəkən faktorlar nəzərə alınsın.

 

Səbrsizlik və dözümsüzlük nümayiş etdirmək də boşanmaları doğuran obyektiv faktorlardır.

 

Digər mürəkkəb məsələ boşanmadan sonra ərdən  (arvaddan) alimentin tutulmasıdır. Burada aliment ödəyənin işləməməsi problem olaraq qalır. Heç cürə təfəkkürə sığmır ki, aliment ödəyə bilməyən şəxsi əvvəl inzibati, sonra ödənilməyən borc yığılıb artarsa iddiaçının  şikayəti əsasında ərin (arvadın) cinayət məsuliyyətinə cəlb olunması məsələsi qətiləşir. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs etməklə uşaqların sosial rifahı yaxşılaşırmı? Qənaətimizə görə, əgər aliment ödəyənin heç bir əmlakı da yoxdursa, onun işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs edilməsi arzu olunan hal  deyil. Ata və yaxud ana cəmiyyət üçün heç bir təhlükə törədəcək subyekt olmadığından  onların cəmiyyətdən, ən başlıcası isə ayrı yaşayan övladlarının tərbiyə edilməsi borcundan müəyyən müddətə məhkum edilməsi Cinayət Məcəlləsinin humanizm, ədalət və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Hesab edirik ki, məsələnin həlli və belə ailələrin ehtiyaclarını ödəmək üçün “Aliment fondu”nun yaradılması çox vacibdir. Bu həm də ölkə konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının  vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”  müddəası ilə üst-üstə düşər. Belə bir fondun yaradılmasından sonra açılan bank hesablarına imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini də ehtimal etmək olar, dövlətə o qədər də yük düşməz. Bununla da gələcək nəslin əlindən tutmuş olarıq.

 

Bəs Avropa ölkələrində vəziyyət necədir? 

 

İngiltərədə nikah üç hakimin və dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər üçün nəzərdə tutulan andın mətni oxunur və tərəflərin  razılaşdığı təqdirdə imzalanır. Dövlət orqanının nümayəndəsi və hakimlər müəyyən sualların mahiyyətinə uyğun cavab aldıqdan sonra  nikahın prosesi  bitir və dövlət sənədi təqdim olunur...

 

Böyük Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana və yaxud, bir ildən az ailə həyatı yaşayanlar boşanmağa ərizə verə bilməzlər. Boşanmaq istəyənlər ilk növbədə yaşamaq üçün şəraitin dəyişilməsinin mümkünsüzlüyünü sübut etməlidirlər. Bura aiddir:

 

- Tərəflərdən birinin xəyanəti;

 

- Tərəflərdən birinin arzuolunmaz davranışı (məişət zorakılığı);

 

- Tərəflərdən biri digərini 2 ildən çox müddətə atıb getmişsə;

 

- Əgər tərəflər 2 ildən çox müddət ərzində bir yerdə yaşamırlarsa və hər ikisi boşanmağa razıdırlarsa;

 

- Əgər cütlük 5 ildən artıq ayrı  yaşayırsa, ər və yaxud arvad (biri) boşanmağa razı olmazsa.

 

Bütün göstərilən hallarda məhkəmə sübutlar tələb edir. Böyük Britaniyada tərəflər hüquqi yardım üçün hüquqşünaslara və yaxud “Əhali üçün məsləhət bürosuna” müraciət edə bilərlər. Boşanma iddiası məhkəməyə  daxil olduqdan sonra cavabdeh tərəfə (ər və yaxud arvada) xəbərnamə forması göndərilir. Cavabdeh həmin formada boşanmaq istəmədiyinin səbəblərini xırda detalına qədər göstərir, qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri sadalayıb geri göndərir. Bunları qiymətləndirmək məhkəməyə həvalə olunsa da,  bəzən bu səbəblərin aydınlaşdırılmasına III tərəf - mediatorlar, ailə üzrə məsləhətçilər, arbitrlər qatılırlar. Belə hallarda  boşanmanın tezləşdirilməsi mümkün olmur. Ailə-məişət zorakılığına məruz qalan tərəfə pulsuz hüquqi yardım etmək  Britaniyada geniş yayılıb. Qurbanlar yaşayış yeri ilə təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir. İngiltərədə bir uşağa görə əməkhaqqının 15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara görə isə  25% həddində aliment tutulur. Boşanma zamanı hakim uşaqların  kimin himayəsində qalmasını qət edərsə (mənzilin kimin adında olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda ev anada qalır, eyni zamanda  18 yaşına və tələbəlik illəri ərzində də cavabdeh alimenti  ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut olunsa da “uşaqlara pis anadır” ifadəsini işlətmək qəbul olunmur.

 

Əvvəlki illərdən fərqli olaraq İngiltərədə boşanma halları azalmağa meyil edir. Sırada 25-29 yaşlı gənclər liderlik edir. Qadınlar daha çox səbirsizlik nümayiş etdirdiyindən boşanmaların da 68%-i qadınların iddiası ilə baş tutur. Əgər 1901-ci ildə İngiltərədə 512 boşanma faktı qeyd olunmuşdusa, 2001-ci ildə bu rəqəm 141135 fakt olmuşdur. 1970-ci ildə ailə qanunvericiliyində edilən dəyişikliklərlə  əlaqədar boşanmaların sayı çoxalmışdır. Analitiklərin nəzərinə görə, boşanmalara təsir edən böhranlı səbəblər ilk ailə həyatının 3-cü ayı ərzində, sonra 1 il ərzində və 5-ci ildə kəskinləşməyə başlayır. 5 ildən artıq yaşayan  cütlüklərin ailə həyatı  şanslı və  davamlı olur. İngiltərə məhkəmələrində əmlakın bölünməsi zamanı “nikah kontraktının” olmasına əhəmiyyət verilmir, əmlak tərəflər arasında bərabər bölünür, lakin azyaşlı uşaqların maraqları nəzərə alınır. 

 

Böyük Britaniyada da səbirsizlik və dözümsüzlük  nümayiş etdirmək boşanmaların artımına təsir edir.

 

Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə yaşamağın qeyri-mümkünlüyü səbəbindən  nikahın pozulması  halları yalnız məhkəmə yolu ilə baş tutur. Boşanmalara  vəsatət verildikdən 6 ay sonra  baxılır. “Şerif” tərəfindən cavabdehə çağırış vərəqəsi təqdim edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən qız uşaqları boşanmadan sonra ana ilə qalır. İl ərzində qeyd  olunan  nikahların  45,5%-i pozulur.

 

Fransa dövlətində nikahın pozulması müəyyən səbəblər tələb edir:

 

- birgə razılıq əsasında qərarın qəbulu;

 

- ər və arvadın birinin təqsiri;

 

- tərəflərin ayrı yaşaması (6 il olmalıdır).

 

Burda da boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar qəbul ediblərsə belə. Birgə qərar zamanı tərəflər məhkəmədə səbəb göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən biri müraciət etmişsə, digəri də buna etiraz etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin həddi-buluğa çatmış uşaqlar olduğu təqdirdə  hakim boşanmaya etiraz edə bilər.

 

Almaniyada isə boşanma zamanı səbəblərin qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin razılığı kifayət edir. Ərizə məhkəməyə verildikdən sonra  “ayrılıq dövrü” -8 aydan 3 ilədək uzanan dövr başlanır. Bu müddət ərzində cütlük boşanma üçün verdikləri ərizənin mahiyyətini anlamalıdır. Almaniyanın ailə hüququ ana və uşaqların marağına xidmət edir. Uşaqların maraqlarının tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına üstünlük verilir. Alkoqola və narkomaniyaya aludə olan valideynlərin işinə tez baxılır. Orada hər üç nikahdan biri pozulur.

 

Almaniyada hər il 180-200 min boşanma baş verir. Əhalinin 1000 nəfərinə nisbətdə 2,2 və ya 2,5% edir.

 

 Sonda demək istərdik ki, xoşbəxt ailə qarşılıqlı dostluğun istedadı üzərində qərar tutur. O kökü dərinlikdə olan, kövrək budaqları ilə cəmiyyət üçün şirin bar verən bir ağaca bənzər. Ağac dövlətin himayəsində olsa da ona  qulluq etmək valideynlərin konstitusion borcudur. Bunun mənasını anlasaq və səbirli olsaq ağrı-acıları unudar, tikilən doğma, əziz və isti yuvanı da qoruya bilərik.

 

Şəmsəddin ƏLİYEV,

hüquqşünas



13.04.2018 | 14:33