“Vətəndaş elmində vətəndaşların iştirak formaları” mövzusunda elmi seminar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ)   “Vətəndaş elmində vətəndaşların iştirak formaları” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

 

İTİ-dən verilən məlumata görə, tədbirdə institutun 3 saylı şöbəsinin müdiri Təhmasib Fətəliyev  e-vətəndaş elminin yaranması, formalaşması və inkişaf etməsində müasir informasiya texnologiyalarının və könüllü iştirakçıların rolundan danışıb. Qeyd edib ki, şöbədə uzun illərdir bu istiqamətdə tədqiqatlar aparılır və seminarda alınmış son nəticələr müzakirəyə çıxarılır.

 

Sonra şöbənin əməkdaşı Nərgiz Verdiyeva mövzu ilə əlaqədar məlumat verib. Məruzəçi elmi əməkdaşlıq, onlayn mühitlər, elmdə vətəndaşların iştirakının vətəndaş elmini formalaşdıran amillərdən olduğunu diqqətə çatdırıb.

 

N.Verdiyeva vətəndaş elmi layihəsinin konseptual modelini təqdim edərək buraya menecment, verilənlərin toplanması, emalı, təhlil və interpretasiyanın aid olduğunu vurğulayıb. O, həmçinin, vətəndaş elmi layihələrinin əsas göstəricilərindən danışıb. Bildirib ki, bu göstəricilərə məqsədin aydın olması, dolğun e-informasiya resursları, vətəndaşların məsuliyyəti və s. daxildir.

 

N.Verdiyeva könüllülərin vətəndaş elmində elmi əməkdaşlıq, iştiraklı elm, paylanan intellekt və ekspert kimi iştirak səviyyələri olduğunu qeyd edib.

 

Vətəndaş elminin elm, təhsil, cəmiyyət, media kimi sahələrə töhfələr verdiyini deyən məruzəçi,   ölkədə vətəndaş elminin təbliği, milli maraqlara uyğun olan beynəlxalq layihələrdə iştirak və ətraf mühitin mühafizəsi, nəqliyyatda tıxacların, e-tullantı problemlərinin tədqiqi və s. ilə bağlı layihələrin işlənməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Yusif ƏLİYEV



17.04.2018 | 12:19