Məktəbli şahmatçılar üçün ustad dərsləri keçirilib

Təhsil Nazirliyinin tabeliyində olan idman-şahmat məktəblərinin şahmatçılarından ibarət "Təhsil" Respublika idman Mərkəzinin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib.

Təlim-məşq toplanışı çərçivəsində komanda üzvləri üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib. Qrossmeysterlər məktəbli şahmatçılara 2 saat ərzində “eyni vaxtda oyun seansı” keçirib, beynəlxalq yarış təcrübələri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Sonda xatirə şəkilləri çəkilib, məktəbli şahmatçılara dünya çempionatında uğurlar arzu edilib.



18.04.2018 | 12:54