“Biz təhsilə, elmə daha da böyük diqqət göstərməliyik”

Bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi olub.

 

Azərbaycanın dövlət rəsmiləri, hökumət üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvlərinin iştirak etdiyi mərasimdə öncə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  prezident seçkilərinə dair Mərkəzi Seçki  Komissiyasının  nəticələrinin təsdiq edilməsi barədə 2018-ci il 17 aprel tarixli qərarı elan olunub. Sonra ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının  103-cü maddəsinə uyğun  olaraq and içib. Əlini Konstitusiya üzərinə qoyan Prezident ölkəmizin Əsas Qanununa əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib. Ölkəmizin Dövlət himni səsləndikdən sonra Prezident müqəddəs Qurani-Şərifə də əl basaraq and içib ki, xalqımızın əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacaq, onları daim  uca tutacaq.

 

Prezident andiçmə mərasimində nitq söyləyib. Dövlət başçısı nitqində, ilk növbədə, seçkilərdə ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirib. Azərbaycan xalqının dəstəyini daim hiss etdiyini və bu dəstəyə arxalandığını deyən dövlət başçısı bundan sonra da  Vətənə ləyaqətlə xidmət göstərəcəyinə xalqı əmin edib.

 

Prezident vurğulayıb ki, Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərdə  xalq ona səs verməklə görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilərin ədalətli və şəffaf şəkildə keçirildiyini vurğulayan Prezident  yerli və beynəlxalq təşkilatlar tərəfindən seçkidən əvvəl və seçki günü keçirilmiş rəy sorğuları və “exit-poll”ların nəticələrinin seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşməsinin də bunu təsdiq etdiyini söyləyib.

 

Dövlət başçısı 2003-cü ildə, prezident seçkiləri ərəfəsində ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağı, bu siyasəti davam etdirəcəyi barədə xalqa verdiyi sözə əməl etdiyini, son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişafın təmin edilməsinin əsas şərtinin məhz ulu öndərin yolu ilə gedilməsi olduğunu bildirib. Qeyd edib ki, məhz  yeganə düzgün yol olan ulu öndərin yolu ilə gedilməsinin nəticəsidir ki, son 15 il ərzində dünyada və bölgədə çox təhlükəli proseslər baş versə də xalqımız təhlükəsizlik şəraitində yaşayıb. “Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq,” - deyə Prezident bildirib.

 

Ölkə başçısı Azərbaycan xalqının son 15 il ərzində həm də sabitlik şəraitində yaşadığını deyib və bunu böyük uğur adlandırıb: “Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

 

Prezident  İlham Əliyev nitqində son 15 il ərzində ölkəmizdə demokratiyanın inkişafı yönündə görülmüş işlərdən danışaraq bildirib ki, Azərbaycanda demokratik inkişaf çox sürətlə gedib: “Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun”.

 

Prezident deyib ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir”. Ölkə başçısı bundan sonra da demokratik inkişafla bağlı səylərini artıracağını, gələcək fəaliyyətində də bu istiqamətin önəmli yer tutacağını deyib.

 

Ötən 15 il ərzində  Azərbaycan xalqının birlik, həmrəylik nümayiş etdirdiyini, bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamızın əsas rol oynadığını söyləyən Prezident azərbaycançılıq məfkurəsinin ölkəmizdə artıq tam bərqərar olduğunu, Azərbaycan xalqının vahid milli ideya ətrafında birləşdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. “Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək”.

 

Azərbaycanın ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olduğunu, son 15 il ərzində bunu dünyaya da nümayiş etdirdiyini deyən  dövlət başçısı təəssüf hissi ilə bildirib ki,  son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. “İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur”.

 

Prezident nitqində ölkəmizin son 15 il ərzində beynəlxalq aləmdə imza atdığı uğurlardan söz açıb. Bildirib ki, bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. “Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”, - deyə Prezident vurğulayıb. Dövlət başçısı, eyni zamanda, ölkəmizin qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildiyini, ikitərəfli münasibətlərimizin indi ən yüksək səviyyədə olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, bizim qonşu dövlətlərlə heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Bu baxımdan ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatının yaradıldığını, üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələlərin müzakirə edildiyini, məsələlərin həllinin bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verdiyini, eyni zamanda, qonşularla isti münasibətlərimizin regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərdiyini söyləyib.

 

Prezident son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində görülən işlərə də diqqət çəkib və bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini,  xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər ki, bu da münaqişənin həlli üçün hüquqi baza yaradır. “Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”, - deyə Prezident vurğulayıb.

 

Nitqində son illər dünya düzənində baş verən bəzi mənfi meyillərə, xüsusən də beynəlxalq hüquq normalarının arxa plana keçməsinə, güc amilinin daha önəm qazanmasına  diqqət çəkən ölkə başçısı bu reallıq nəzərə alınmaqla ordu quruculuğu sahəsində aparılan siyasətdən də söz açıb və bu siyasətin yeganə düzgün siyasət olduğunu bildirib. Qeyd edib ki, son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə gedib.  Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. “Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.

 

Ordumuzun gücünü düşmənin də gördüyünü deyən Prezident  aprel döyüşlərini bizim şanlı tariximiz, böyük qələbəmiz adlandırıb. “Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

 

Cocuq Mərcanlı qəsəbəsinin dirçəliş rəmzinə çevrildiyini deyən Prezident bura qayıdan həyatın hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirdiyini,  qürurlandırdığını söyləyib.

 

Prezident nitqində son 15 il ərzində sosial sahədə görülən işlər üzərində də dayanıb və bu məsələlərin həllinə çox böyük diqqət göstərildiyini deyib. Bildirib ki, bu illər ərzində maaşlar, təxminən, 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Ölkə başçısı gələcək fəaliyyətində də Azərbaycan vətəndaşının maraqlarının, onun rifahının daim diqqət mərkəzində olacağını bəyan edib: “Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

 

Dövlət başçısı andiçmə mərasimindəki nitqində yoxsulluğa qarşı mübarizədə ölkəmizin əldə etdiyi uğurlardan, işsizliyin aradan qaldırılması üçün atılan addımlardan və gələcəkdə bu istiqamətlərdə görüləcək işlərdən də söz açıb. Bildirib ki, son illər ərzində  yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizlik 5 faiz səviyyəsindədir. Prezident indi dünyada, o cümlədən Azərbaycanda da yeni texnologiyaların tətbiq olunduğunu və bu texnologiyaların bəzi hallarda insan əməyini aradan götürdüyü nəzərə alınaraq, yeni texnoloji müəssisələrin yaradılmasının əsas planlardan olduğunu, yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparılacağını diqqətə çatdırıb.

 

Bu illər ərzində Azərbaycanın intellektual məhsulun ixracatçısına çevrildiyini deyən dövlət başçısı “ASAN xidmət”in artıq başqa ölkələrdə də tətbiq olunduğunu, bu sahədə Azərbaycan təcrübəsinin öyrənildiyini deyib və bu qurumları ictimai xidmətlər sahəsində inqilab adlandırıb. Bildirib ki, hazırda ölkəmizdə on üç “ASAN xidmət” mərkəzi var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır.

 

Dövlət başçısı bildirib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. “Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur”.

 

Prezident nitqində ölkədə aparılan və aparılacaq iqtisadi islahatlardan da danışıb. Bildirib ki, iqtisadiyyat son 15 il ərzində 3,2 dəfə, qeyri-neft ixracı dörd dəfədən çox, sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Bu gün ölkəmizin valyuta ehtiyatları 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Prezident bütün bunların, eləcə də  Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görməsini, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdə olmağımızı tarixi nailiyyətlər adlandırıb.

 

Prezident diqqətə çatdırıb ki, gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək.

 

Nitqində sahibkarlığın inkişafına da diqqət çəkən dövlət başçısı bu inkişafın sürətlə getdiyini, bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verildiyini, bu kreditlər,  sahibkarların öz vəsaiti hesabına yüzlərlə  yeni müəssisələrin yaradıldığını və qeyri-neft sektorunun inkişafının təmin edildiyini bildirib. Qeyd edib ki,  növbəti illər ərzində də iqtisadi sahədə islahatlar təmin ediləcək, iqtisadiyyatın neft amilindən asılılığı azaldılacaq.

 

 Son illər ərzində  yeni texnologiyalara böyük diqqət verildiyini deyən ölkə başçısı Azərbaycanın artıq dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın indi iki peyki var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Prezidentin dediyinə görə,  bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. “Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir”.

 

Prezident nitqində ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən neft-qaz sektoru sahəsində  son 15 il ərzində  görülən işlərdən  də danışıb. Bildirib ki, bu illər ərzində Azərbaycan tarixi nailiyyətlərə nail ola bilib. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. Hazırda isə 2012-ci ildə start verilən   Cənub Qaz Dəhlizi layihəsi icra olunur.  “Cənub Qaz Dəhlizi” layihələrinin üçü - “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək.  Prezidentin dediyinə görə, bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək və  gələn əlavə gəlirlər ölkənin inkişafına yönəldiləcək.

 

Prezident bildirib ki, bu illər ərzində ölkə daxilində enerji təminatı yaxşılaşdırılıb. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib və nəticədə Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Ölkədə qazlaşdırmanın bu ilin sonuna qədər 95 faizə çatacağını deyən Azərbaycan Prezidenti bunun  dünya miqyasında ən yüksək göstəricilərdən biri olduğunu, dövlətin  bundan sonra da bu işlərlə məşğul olacağını diqqətə çatdırıb.

 

Prezident nitqində yol çəkilməsi, su təchizatı ilə bağlı  görülmüş və görüləcək işlərdən də danışıb. Bildirib ki, 2004-cü ilin əvvəlindən bəri  ölkədə 15 min kilometr yeni yol çəkilib, əhalinin içməli su ilə təmin edilməsi ölkə üzrə 67 faizə çatıb və bu sahədə işlər gələcəkdə də davam etdiriləcəkdir.

 

Azərbaycan Prezidenti ölkənin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən islahatlara, görülən tədbirlərə də nitqində yer ayırıb. Qeyd edib ki, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb, dörd böyük su anbarı tikilib və son bir neçə il ərzində  hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir.  Prezident əmin olduğunu bildirib ki, bütün bunların kənd təsərrüfatının inkişafına çox böyük təsiri olacaq.

 

Son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olunduğunu deyən Prezident bu sahəyə çox böyük vəsait qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkədə yeddi aeroport tikilib və onlardan altısı beynəlxalq statusa malikdir. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir,  dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir.

 

Ölkə başçısı keçən ilin oktyabrında açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolunu  növbəti tarixi nailiyyət adlandırıb. Bununla paralel olaraq, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması  üzərində iş getdiyini söyləyib.

 

Nitqində ölkəmizin idman uğurlarından da söz açan dövlət başçısı bu uğurların  fəxredici olduğunu deyib. Bildirib ki, idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanıb. Ölkəmizin Avropa Oyunlarında ikinci yerə layiq görülməsini, İslam Həmrəyliyi Oyunlarında bütün müsəlman ölkələri arasında birinci olmasını, Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdə qərarlaşmağımızı ölkə Prezidenti tarixi qələbələr adlandırıb.

 

Dövlət başçısı bütün sahələrdə qazanılan uğurların, aparılan siyasətin xalq tərəfindən dəstəklənməsi, xalq-iqtidar birliyi nəticəsində mümkün olduğunu vurğulayıb.

 

Prezident deyib: “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik”.

 

Prezident  İlham Əliyev nitqinin sonunda bütün qələbələrin Azərbaycanın müstəqilliyi dövründə mümkün olduğunu deyərək, müstəqilliyi xalqımız üçün ən böyük sərvət kimi dəyərləndirib: “Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

 

Yusif  ƏLİYEV



20.04.2018 | 12:00